Dünyanın böyük sirri: Ayda azan səsi, “saxta” şəkillər, şənbə günü səssiz ölüm... – PORTRET
27 avqust 2012 13:55 (UTC +04:00)

Dünyanın böyük sirri: Ayda azan səsi, “saxta” şəkillər, şənbə günü səssiz ölüm... – PORTRET

SSRİ-də Qaqarinin kosmik raket fəzaya buraxılan söylədiyi “Getdik!” sözü məşhur idi. Amerikalılar isə “Bu, insan üçün kiçik, bəşəriyyət üçün isə çox böyük addımdır” cümləsi ilə fəxr edirdilər. Tarixə qızıl hərflərlə yazılan bu cümləni 1969-cu il iyulun 20-də “Apollon-11” kosmik gəmisinin komandiri Nil Armstronq Aya ayaq basmamışdan az öncə söyləmişdi.

Aya ayaq basan ilk insan olan Armstronq 2012-ci il avqustun 25-də dünyasını dəyişib. Onun 82 yaşı var idi. Armstronqun ölümü ilə kosmik romantika və texnologiyanın bəşəriyyətin bütün problemlərini həll edəcəyinə tükənməz inam dövrü də bitdi. Nil Armstronq ölümü ilə həmin dövrü də özü ilə apardı.


Bioqrafiya

Nil Olden Armstronq 1930-cu il avqustun 5-də ABŞ-ın Ohayo ştatının Vapakoneta şəhərində doğulub. 1947-ci ildə orta məktəbin yuxarı pilləsini bitirib. Yuxarı siniflərdə oxuyan zaman şəhərdəki aviaməktəbdə hazırlıq keçib.

Elə həmin il Perdyu Universitetinə daxil olaraq aviasiya texnikası sahəsində tədqiqatlar aparıb. 1949-cu ildə ABŞ ordusuna hərbi qulluğa çağırıldığından, təhsilini yarımçıq qoymalı olub. O, hərbi təyyarəçi kimi Koreyaya göndərilib.

1950-1952-ci illərdə Koreya müharibəsində iştirak edən Armstronq “Grumman F9F Panther” təyyarəsində 78 döyüş uçuşu edib və 1 dəfə vurulub. O, müharibədə göstərdiyi igidliyə görə “Hava əməliyyatlarına görə” və 2 “Qızıl ulduz” medallarını alıb.

1952-ci ildə universitetə qayıdan Armstronq 1955-ci ildə təhsilini başa vurub, aviasiya texnikası üzrə bakalavr dərəcəsi alıb. Həmin il mühərrik qurğuları laboratoriyasında işə başlayıb. 1956-cı ildə isə NASA-ya məxsus yüksək sürətli uçuşların öyrənilməsi Stansiyasında işə keçib. “F-100A”, “F-100C”, “F-101”, “F-104A”, “X-1B”, “X-5”, “F-105”, “F-106”, “B-47”, “KC-135” təcrübə və eksperimental təyyarələrinin sınağında iştirak edib.

1958-ci ildə MİSS proqramının həyata keçirilməsi üçün Hərbi Hava Qüvvələrinin komandanlığı tərəfindən astronavt kimi seçilib. Amma avqust ayında pilot uçuşuna hazırlıq NASA-ya verilib və proqram ləğv edilib.

Həmin ilin oktyabrında “X-15” təyyarəsində uçuşlara hazırlaşan pilot qrupuna daxil edilib. 2 il ərzində bu təyyarədə 7 uçuş həyata keçirib. Bu uçuşlardan birində 63 246 metr yüksəkliyə qalxıb.

1960-cı ildə “X-20 Dyna-Soar” hərbi proqramında 7 nəfərdən ibarət gizli qrupa, 1962-ci ildə isə 250 nəfər arasından NASA astronavtlarının ikinci qrupuna daxil edilib.

1966-cı il 16-17 mart tarixində “Cemini-8” gəmisinin komandiri kimi ilk dəfə kosmosa uçib. Uçuşun yarımçıq dayandırılmasına görə, bir sıra tapşırıqlar yerinə yetirilməyib. Amma əsas tapşırıq – pilotsuz “Agena” raketi ilə birləşmə baş tutub. Uçuş 10 saat 26 dəqiqə davam edib.

1969-cu il iyulun 16-da “Apollon-11”in komandiri kimi tarixə düşən ikinci uçuşunu həyata keçirib. İyulun 20-də milyonlarla insanın gözü qarşısında “That’s one small step for a man, one giant leap for mankind” deyərək Aya enib. İyulun 24-də Yerə qayıdıb. Uçuş 8 gün 3 saat 19 dəqiqə davam edib.

1969-1971-ci illərdə NASA-nın aeoronavtika şöbəsinin rəis müavini kimi çalışıb. 1970-ci ildə aerokosmik texnika üzrə magistr dərəcəsi alıb, 1971-1979-cu illərdə Sinsinati Universitetində mexanika professoru işləyib.

1974-cü ildə NASA-dan istefaya gedərək, şəxsi biznesini qurub. 1986-cı ildə “Çellencer” gəmisinin qəzasını araşdıran komissiya sədrinin müavini olub. 2012-ci il avqustun 9-da ürəyinin koronar damarlarında cərrahiyyə əməliyyatına məruz qalıb. Avqustun 25-də vəfat edib.

Reallığa çevrilən nağıl

İnsanlar həmişə quş kimi və hətta ondan da yüksəkliyə uçmaq arzusunda olublar. Kosmos, Ay təkcə astronomları deyil, eləcə də yazıçıları, fantastları da həmişə özünə cəlb edib. Sirano de Brejerakın, Edqar Ponun, Jül Vernin, Herbert Uelsin qəhrəmanları da kağız üzərində Aya uçublar. Jül Vernin 1865-ci ildə yazdığı “97 saat 20 dəqiqəyə birbaşa yolla Yerdən Aya” romanında iki amerikalı və bir fransız nəhəng topdan açılan atəşlə buraxılan xüsusi mərmidə Aya yaxınlaşıblar.

Əslində isə bəşəriyyət Ayın səthini ilk dəfə 1959-cu il sentyabrın 15-də fəth edib. SSRİ-nin buraxdığı avtomatik planetlərarası stansiya Yerin təbii peyki olan Ayın səthinə toxunub. İlk insanın Aya enməsinə 10 il qalırdı...

İki qələbə

Bütün dünya iki superdövlətin kosmosdakı yarışını izləyirdi. Sözsüz ki, Yer insanının kosmosu fəth etməsi yolunda əsas qəhrəman Yuri Qaqarin sayılır. Qaqarin 1961-ci il aprelin 12-də kosmosdan qayıtdıqdan dərhal sonra planetin ən populyar şəxsinə çevrilmişdi.

SSRİ-nin bu uğuru Amerikada qısqanclıqla izlənilirdi. Qaqarinin kosmosa uçuşundan cəmi 23 gün sonra ABŞ-ın ilk astronavtı Alan Şepard suborbital uçuş həyata keçirmişdi.

1965-ci il martın 18-də sovet kosmonavtı Aleksey Leonov “Vosxod-2” kosmik gəmisini tərk edərək, açıq kosmosa çıxan ilk insan oldu. Leonov havasızlıq şəraitində 12 dəqiqə keçirmişdi. Buna cavab olaraq amerikalı Edvard Uayt 1965-ci il iyunun 3-də “Cemini-4” gəmisini tərk edərək, açıq kosmosda 36 dəqiqə qalmışdı...

Amma ABŞ hələ də kosmosun fəth edilməsi yolunda SSRİ-yə uduzurdu. Vaşinqtonda hesab edirdilər ki, artıq bu “məğlubiyyətlərə” son vermək lazımdır. Əslində, Leonov həm də Aya qədəm qoyan ilk şəxs olmalı idi. Amma sovet Ay proqramını vaxtında başa çatdırmaq mümkün olmamışdı. Buna ilk növbədə sovet kosmonavtikasının “atası” sayılan baş konstruktor Sergey Korolyovun ölümü səbəb göstərilirdi. Ardınca 1967-ci ildə “Soyuz-1” kosmik gəmisinin Yerə enməsi zamanı baş verən qəzada kosmonavt Vladimir Komarovun ölümü, 1968-ci ildə müəmmalı aviaqəzada Yuri Qaqarinin həlak olması...

Aya uçuş sovet iqtisadiyyatı üçün kifayət qədər bahalı layihə sayılırdı. SSRİ-nin rəhbəri postunda Nikita Xruşovu əvəz edən Leonid Brejnev də Aya uçuş proqramına o qədər maraq göstərmirdi. Elə sadə sovet insanları üçün də kosmik proqramlar adi hadisəyə çevrilməyə başlamışdı.

Amerikalıların önə çıxması üçün gözəl şans yaranmışdı. NASA isə prezident Con Kennedinin 1962-ci ildə söylədiyi “İnsan onilliyin sonuna qədər aya qədəm qoyacaq” sözündən sonra layihəyə pul əsirgəmirdi.

O zamana qədər Armstronq artıq məşhurlaşmışdı. Kosmosa birinci uçuşunda - “Cemini-8” gəmisinin uçuşu zamanı kosmik kapsulun fırlanmasının qarşısını alaraq həm özünün, həm də ikinci pilotun həyatını xilas edə bilmişdi. O, utancaq, çox danışmayan adam kimi tanınırdı. Amma uçuş bacarığına görə, “Apollon-11” gəmisinin komandirinə çevrilir.

1969-cu ilin əvvəlində amerikalı astronavtlar komandası Kennedinin vədini yerinə yetirməyə hazır olur. Armstronq həmkarları Bazz Oldrin və Maykl Kollinzlə birgə Ayı fəth etməyə yola düşür. Maraqlıdır ki, “Apollon-11” o zamanın ən müasir idarəetmə sistemi ilə təchiz olunmuşdu. Amma müqayisə üçün qeyd edək ki, həmin sistem hazırkı noutbukların hesablama gücünün heç mində birinə belə malik olmayıb...

Bütün dünyadakı insanlar 3 astronavtın qəhrəmanlığını izləmək üçün televizor növbəsinə düzülüblərmiş. 1969-cu il iyulun 20-də 500 milyon adam “Apollon-11”in Ay səthinə enməsini canlı olaraq izləyib.

Armstronq Ay modulunu qayalıq ərazidə endirməmək üçün manevr etmək məcburiyyətində qalıb. Ay modulu Ayın səthinə enəndə uçuş üçün 20 saniyəlik yanacaq qalırmış. Bundan sonra Armstronq Hyustondakı uçuşların idarə edilməsi mərkəzinə məlumat verib: “Qartal endi!”

Kapsuldan çıxandan sonra isə məşhur ifadə səslənib: “Bu, insan üçün kiçik, bəşəriyyət üçün isə çox böyük addımdır”. Bundan sonra isə Ayın səthinə qədəm qoyub.

Yerdəki insanlar Armstronq və Oldrinin ABŞ bayrağını Aydakı Sakitlik Dənizinə necə sancdıqlarını, hətta Ay səthində necə qolf oynadıqlarını izləyiblər...

Ay səthinə eniş, yoxsa “böyük yalan”

Amma fantastların arzusunun reallığa çevrildiyinə indiyə qədər də şübhə ilə yanaşanlar var və onlar öz arqumentlərini səsləndirirlər. Hətta “Ay qəsdi” adlı böyük bir nəzəriyyə yaranıb. Həmin nəzəriyyəyə görə, “Apollon” proqramı nəyin bahasına olursa-olsun kosmosda SSRİ-ni qabaqlamaq məqsədi güdən ABŞ-ın böyük uydurmasından başqa bir şüy deyil.

İlk növbədə Armstronq və Oldrinin ABŞ bayrağını Aya sancmalarını əks etdirən foto şübhələr yaradır. “Ay qəsdi” nəzəriyyəsinin tərəfdarları astronavtların Aya enməsi fotolarında müxtəlif optik anomaliyaları diqqətə çatdırırlar. Məsələn, həmin fotolarda görünür ki, ABŞ bayrağı Ayın səthində dalğalanır. Havasız kosmos şəraitində isə bayrağın dalğalanması qeyri-mümkündür. Elə həmin fotolardan birində 4 nəfərin kölgəsinin göründüyü iddia edilir. Əgər “Apollon-11”də 3 astronavtın olduğu nəzərə alınsa, bu fakt kifayət qədər maraqlıdır. Bundan əlavə, mütəxəssislər qeyd edirlər ki, ABŞ-da kosmonavtikanın inkişaf səviyyəsi 1969-1972-ci illərdə Aya insan göndərməyə imkan vermirmiş. Onların fikrincə, primitiv idarəetmə sistemi ilə ABŞ-ın Aya gəmi göndərməsi inandırıcı deyil.

Amma o da məlumdur ki, sonradan müxtəlif ölkələrin kosmik aparatları Ay modulunun və astronavtların enən zaman qoyduqları izləri çəkiblər.

Hər halda müəmma və şübhələr davam edir.

“Balaca, çox balaca adam”

Nil Armstronq azsaylı müsahibələrindən birində Aya enən zaman özünü necə hiss etdiyi barədə suala cavab verib: “Balaca, çox balaca adam kimi”.

O zaman Ayda olan astronavtları kinoulduz kimi qarşılayırlarmış. Armstronq isə məşhurluqdan imtina edib. Prezident tərəfindən mükafatlandırıldıqdan sonra müsahibələrdən imtina edib və fermasına gedib. “Mən canlı abidə olmaq istəmirəm” - deyə, ona edilən müsahibə xahişlərinə cavab verirmiş.

Armstronq: “Müsəlman deyiləm”

Müsəlmanlar arasında yayılan iddiaya görə, Nil Armstronq İslamı qəbul edib. Guya ki, Aya uçan zaman astronavtlar Ayın səthində açıq kitab formasına bənzəyən qeyri-adi hadisənin şahidi olublar. Bu zaman onlar həm də naməlum dildə musiqi səsi də eşidiblər. Astronavtlar musiqinin Hyustondakı idarəetmə mərkəzindən gəldiyini güman edərək, musiqini söndürməyi xahişi ediblər. Yerdən isə heç bir musiqi qoyulmadığını və heç nə eşitmədikləri barədə cavab gəlib. Həmin iddiaya görə, bu səs kasetə yazılıb Yerdə dinlənilən zaman NASA-nın katibi əl-Baz bunun azan olduğunu bildirib. Amma NASA-da faktı gizlətməyə üstünlük veriblər.

İnternetdəki müsəlman mənbələrinin yaydığı iddiaya görə, 1983-cü ildə Misirə səfər edən Armstronq təsadüfən azan səsini eşidib. O, bunun Ayda eşitdiyi səs olduğunu xatırlayıb və deyib: “Bu, Ayda eşitdiyim səsdir. Allahım, səni Yerdə deyil, Ayda tapdım. Mən Aya duasız getdim. İndi dua edəcəyəm. Məni müsəlman saya bilərsiniz”.

Təəssüflər olsun ki, bu məlumat Malayziya və İndoneziyanın bəzi saytlarında əsassız olaraq dərc edilən, başqa islam saytları tərəfindən yoxlanılmadan tirajlanan uydurmadan başqa bir şey deyil. Nil Armstronq dəfələrlə həm özü, həm də yaxınlarının araçılığı ilə Ayda heç bir azan səsi eşitmədiyini, müsəlmanlığı qəbul etmədiyini bildirib. Amma bu iddia müsəlmanlar arasında hələ də populyar olaraq qalır...

Şənbə birincisi

Armstronq 2011-ci ildə “Esquire”yə verdiyi müsahibəsində şənbə günü ölməyəcəyini bildirib: “Astronavtlar şənbə günü ölmürlər. Hələ bircə dəfə də belə bir hadisə olmayıb”.

Armstronq özü şənbə günü vəfat etdi. Yenə birinci olaraq...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13429

Oxşar yazılar