Yüksək moda dünyası dəbdəbə, eksklüzivlik və unikal üslubsuz təsəvvür edilə bilməz. Bu dünyanın ən parlaq simvollarından biri isə praktikliyi aşan unikal çantalardır. Əl işi olan bu sənət əsərləri təkcə əşya saxlamaq üçün vasitə deyil, həm də investisiya, status simvolu və bədii yaradıcılığın təcəssümüdür.
Lent.az xarici mediaya istinadən dünyanın ən bahalı 3 çantasını təqdim edir.
Boarini Milanesi Parva Mea (7 milyon ABŞ dollarından yuxarı)
2020-ci ildə İtaliyanın Boarini Milanesi brendi tərəfindən təqdim olunan bu çanta qiyməti ilə (7 milyon dollardan çox) reytinqin zirvəsində qərarlaşıb. Çanta firuzəyi çalarlı timsah dərisindən, qızıl elementlərlə hazırlanıb. Ən diqqətçəkən xüsusiyyəti isə qiymətli bəzəkləridir: ağ qızıldan hazırlanmış, brilyantlarla (yağış simvolu), sapfirlərlə (okeanın dərinlikləri) və Paraiba turmalinləri ilə (Karib dənizinin tonları) bəzədilmiş 10 kəpənək.
Dizayner Matteo Milanesi bu çantanı dəniz sahillərinin plastik çirklənməsindən ilhamlanaraq hazırlayıb. Satışdan əldə olunan gəlirin bir hissəsi okeanlarda plastik tullantılara qarşı mübarizə fonduna yönəldilir.
Debbie Wingham's Upcycled Easter Egg Purse (6.7 milyon ABŞ dolları)
2019-cu ildə britaniyalı dizayner Debbie Wingham tərəfindən anonim amerikalı müştəri üçün yaradılıb və qiyməti 6.7 milyon dollardır.Çantanın özəlliyi onun təkrar dəyərləndirmə konsepsiyasındadır. Çantada müştərinin şəxsi zinət əşyaları istifadə olunub. Cartier sırğaları xüsusi fermuara çevrilib. Çanta təxminən 8000 brilyant ilə bəzədilib, son qat isə saf 24 karat qızıl, iri çəhrayı və ağ brilyantlarla tamamlanıb.
Mouawad 1001 Nights Diamond Purse (3.8 milyon ABŞ dollarından çox)
2011-ci ildə Livan zərgərlik brendi Mouawad tərəfindən hazırlanmış bu kleyç Ginnesin Rekordlar Kitabına dünyanın ən bahalı çantası kimi daxil edilib (3.8 milyon dollardan çox qiymətə).
18 karatlıq qızıldan hazırlanmış, 4517 brilyant (ağ, sarı və çəhrayı) ilə bəzədilmiş bu sənət əsərinin hazırlanması üçün ustalar 8800 saat çalışıblar. 2017-ci ildə bu çanta Christie’s hərracında, Honq Konqda satılıb.