Hüseyn Abdullayev kimdir?  - “Quska” ləqəbli döyüb, döyülən keçmiş deputat
09 avqust 2024 15:00 (UTC +04:00)

Hüseyn Abdullayev kimdir? - “Quska” ləqəbli döyüb, döyülən keçmiş deputat

Bu gün həbsdə olan "Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayevin infarkt keçirməsi barədə məlumat yayılıb. Bəs “Quska” kimdir?

Lent.az “Bioqrafiya” rubrikasında Hüseyn Abdullayev barədə məlumat verir.

- Hüseyn Abdullayev harada və nə zaman anadan olub?

Hüseyn Abdullayev 1967-ci il mayın 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub.

- Hüseyn Abdullayevin valideynləri kim olub?

Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar.

- Hüseyn Abdullayev harada təhsil alıb?

İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeyster vəzifəsində çalışıb. Sonra hüquq fakültəsini bitirib.

- Hüseyn Abdullayevin bəstəkar kimi uğurları var?

Hüseyn Abdullayev

Hüseyn Abdullayev bəstəkar kimi uğurlar əldə edib. Onun mahnıları Zülfiyyə Xanbabayeva, Röya, Şeron qrupu, Aygün Bəylər kimi tanınmışlar tərəfindən ifa edilib.

-  Hüseyn Abdullayev bizneslə məşğul olub?

1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri qurub. Ölkənin ilk sahibkarlarından biri sayılır.

1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu”na maliyyə toplayıb.

1990-cı ildən etibarən biznes əhatə dairəsini daha da böyütmək məqsədi ilə Hüseyn Abdullayev Bakıya köçüb.

-  Hüseyn Abdullayev siyasətlə məşğul olub?

2000-ci ildən aktiv siyasətlə məşğul olmağa başlayıb. Onun rəhbərliyi altında fəaliyyət göstərən “Oğuz Eli Cəmiyyəti” tələbələrə maddi dəstək olub. Hər halda o belə iddia edir. Mediada Hüseyin Abdullayevin vəzifəsindən sui istifadə etməsi, sadə vətəndaşlara qarşı zor tətbiq etdiyi barədə də məlumatlara rast gəlmək mümkündür.

Heç bir siyasi partiyanı təmsil etməyən Hüseyn Abdullayev 2005-ci ilin parlament seçkilərində namizədliyini irəli sürüb və paytaxt Bakının ən böyük rayonlarından Nizami rayonu 25 saylı seçki dairəsindən deputat seçilib.

Hüseyn Abdullayev

- Hüseyn Abdullayev parlamentdə Fəzail Ağamalı ilə niyə dalaşıb?

 2007-ci ildə Hüseyn Abdullayev parlament üzvü olarkən iclaslardan birində hökumətyönümlü Ana Vətən Partiyasından millət vəkili Fəzail Ağamalı ilə mübahisə edib və əlbəyaxa olub, bunun ardınca sonuncunun şikayəti əsasında həbs edilib. Fəzail Ağamalının dediyinə görə, Hüseyn Abdullayev ona söyüb, buna görə o “Quska”ya yumruq vurub.

Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.

- Hüseyn Abdullayev nə zaman xaricə köçüb?

2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib. Son illər o, sosial şəbəkələrdə Azərbaycana qarşı sərt tənqidləri ilə tanınırdı.

- Hüseyn Abdullayevə qarşı hansı ittihamlar irəli sürülüb?

2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.

2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.

2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.

Hüseyn Abdullayev ümumilikdə 14 maddə, anası Zeynəb xanım isə 3 maddə ilə mühakimə olunurdu. Hüseyn Abdullayev qanunsuz sahibkarlıq, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib. 2019-cu ildə ittiham hökmü çıxarılıb, 6 il müddətinə azadlıqdan məhrum edilib. “Quska” məhkəmədə ağlayıb, göz yaşı töküb.

Hüseyn Abdullayev və anası

2024-cü il aprelin 22-də keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin 6 illik həbs müddəti başa çatıb. Lakin Hüseyn Abdullayev azadlığa buraxılmayıb. Buna səbəb isə azadlığa buraxılmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülməsidir. Hüseyn Abdullayevin cəza müddətinin bitməsinə 47 gün qalmış ona növbəti ittiham elan edilib, o, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında təqsirləndirilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. “Quska”nın məhkəmə işi davam edir. Hazırda Hüseyn Abdullayev həbsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar