Tehranın pis niyyəti: Urmiya gölü qurusun, türklər köçürülsün
28 avqust 2011 21:57 (UTC +04:00)

Tehranın pis niyyəti: Urmiya gölü qurusun, türklər köçürülsün

Lent.az-ın «Öyrənci» saytına istinadən yaydığı məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində aksiya 3 minə yaxın etirazçının yürüşü ilə başlayıb. Polis və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək istəsələr də iştirakçıların sayı artır, ərazi genişlənir.
GünAzTV-nin məlumatına bildirilib ki, Urmiyadakı etiraz yürüşləri genişlənərək, şəhərin İmam və Ətayi xiyabanlarından başqa küçələri, eləcə də Besət, Bakiri və Əsgərabadi xiyabanlarını da bürüyüb.
Məlumatlara əsasən, hakimiyyət qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub. Urmiyanın Yekanlılar bazarında, Doşabçıxanda daha ciddi qarşıdurma olub.
Günün sonuna qədər aksiyaçıların sayının 20 mini aşdığı haqda xəbərlər yayılıb. 100 nəfərdən çox iştirakçı, o cümlədən qadınlar tutulub. 50 nəfərdən çox yürüşçü yaralanıb. Polis yaralıları tutmaq üçün şəhərin Mütəhhəri adına xəstəxanasına hücum edib.
Polis və hakimiyyətin təhlükəsizlik qüvvələri etiraz aksiyasını qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib, havaya atəş açıblar.
Xəyyam küçəsində bir gənc təhlükəsizlik qüvvələri tərəfindən şiddətlə döyüldükdən sonra naməlum istiqamətə aparılıb.
Urmiyanın Üstüörtülü bazarı tətil edib. İmam, Besət, Mütəhhəri, Müntəziri, Taliqani, Əmini, Kaşani və başqa xiyabanları polis qüvvələri, bəzi müşahidəçilərə görə, hərbçilərlə doludur.
«Öyrənci»-nin məlumatına bildirilib ki, dünən Təbrizin əsas küçələrinə də təhlükəsizlik və polis qüvvələri yeridilib. Şəhərdəki ticarət mərkəzlərinin çoxu qapadılıb. Təbrizin Şahnaz xiyabanı, «Məşrutə evi»nin qabağı, Rasta küçəsində bir neçə min etirazçı toplaşıb.
Hakimiyyət qüvvələri şəhərin «Gülüstan bağı», Şahnaz meydanı, Bazar, «Bazarağzı» xiyabanı, Firdovsi, Abrasan və başqa yaşayıb məntəqələrində də çoxlu sayda etirazçının toplaşdığı haqda xəbər yayılıb.
Bundan başqa, rabitə sistemində ciddi problemlər yaradılıb.
Urmiya gölünün qurumasına etiraz edənlərə divan tutulmasından belə çıxır ki, hakimiyyət bu su hövzəsinin məhv olmasını istəyir.
Bu günlərdə baş verənlər bunu bir daha təsdiqləyir.
İran parlamentin ötən həftəki toplantısında Urmiya gölünün quruması ilə bağlı çeşidli fikrilər səslənib. Deputatların söylədiklərindən belə nəticə çıxarmaq olar ki, hakimiyyət bu su hövzəsinin quruması ilə barışır və ya onun quruyub məhv olmasını istəyir.
Bucnurddan olan parlament üzvü Musəlrza Sərvətinin söylədikləri bu qənaəti bir daha təsdiqləyir. O, müzakirələr zamanı deyib ki, Urmiya gölü ətrafındakı əhali (əsasən azərbaycanlılar-S.S.) «başqa yerə köçsün, gedib başqa bir işlə məşğul olsun. Bu göl quruyacaq».
M.Sərvəti əlavə daha sonra edib: «Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki gölün iki ilə quruyacağını söyləyirsiniz, onda niyə hay-küy salıb, dövləti qınayırsınız?»
Şərqi Azərbaycan əyalətinin bəzi rəsmiləri Urmiya gölünün qurumasının qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin həcmi barədə təzadlı xəbərlər yayırlar.
Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın vəsaitin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat verib.
Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun «yalan danışdığını» söyləyərək, deyib ki, İran təqvimi ilə bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb.
«Nəsimi Qaradağ» qəzetinin məlumatına əsasən, vali deputatın dediklərinə işarə edərək, bildirib: «Onun fikrincə, təkcə Araz çayından gölə su gətirmək üçün bir trilyon tümən (bir milyard dollar) maliyyə vəsaiti lazımdır».
O, deputatın bu çıxışını qarşıdan gələn parlament seçkisi ilə əlaqələndirib: «Seçkilər yaxınlaşdığından özlərini yenə məclis üzvü görmək istəyənlər Urmiya gölünün qurulmasından təbliğat vasitəsi kimi yararlanmaq istəyir, bu səbəbdən problemin aradan qaldırılması üçün maliyyə vəsaitini bu məbləğdə göstərirlər».
Məhəmmədhüseyn Fərhəngiyə istiad edən mətbuat Araz çayından Urmiya gölünə su gətirilməsi layihəsi üçün 1 milyard dollar lazım olduğunu, ancaq builki büdcədən cəmi 35 milyon dollar ayrıldığını yazıb.
Urmiya gölünün qurumasına İran hakimiyyəti, hökumət və parlament başdansovdu yanaşsa da Güney Azərbaycan əhalisi bu su hövzəsinin məhv olmasına qarşı mübarizəni davam etdirir.
Ötən həftə Azərbaycan Milli Dirəniş Təşkilatı məsələyə dair bəyanat yayıb. Qurum İran rejiminin antiazərbaycan siyasətini sərt şəkildə məhkum edərək, bildirib: «Tehran hakimiyyəti hər zaman Azərbaycanın tarixi və milli varlığına qarşı qərəzli siyasət yürüdüb.
Bucnurddan olan parlament üzvünün çıxışı buna örnəkdir. Bununla rejim Azərbaycan türklərinin dədə-baba torpaqlarından məcburi köçürülməsinə şərait yaradır və bu siyasətin tam ciddiliyi ilə icrasına çalışırlar.
Azərbaycan xalqı İran hakimiyyəti bu məkrli oyunundan xəbərdardır. Bunun üçün də o, öz milli-maddi və mənəvi varlığını qorumaqda israrlıdır. Ona görə də azərbaycanlıların baş verənlərlə bağlı istənilən müqavimətinin məsuliyyətini Tehran rejimi daşıyacaq».
Xatırladaq ki, İran hökumətinin ötən ilki iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da ötən 5 ay müddət ərzində gölün qurumasının qarşısının alınması ilə bağlı bir iş görülməyib. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi isə bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır :«Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün əlimizdən gələni edəcəyik».
Mütəxəssislər isə bildirib ki, qısa bir zamanda Urmiya gölündə yaranmış problemlər aradan qaldırılmazsa, bu su hövzəsi xəritədən silinəcək.
İspaniyada çıxan «Spaniol» qəzeti Urmiya gölü ilə bağlı bəs etdiyimiz problemdən yazıb. Yazı müəllifi bildirib ki, bu su hövzəsi həcminə görə İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. Göldəki suyun həcmi isə 20-24 milyard kub metr idi. Gölün eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m. yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün mənası «suda yaşayış yeri» anlamını verir. Başqa sözlə, türklər bu gölün ətrafındakı həmişə yaşadığından ona bu sayaq ad veriblər.
Bu qəzet həmin ərazidə əsasən Azərbaycan türklərinin yaşadığı, onların ana dilində məktəblərinin olmaması, gölün quruması səbəbləri barədə də yazıb.
Urmiya gölü də Tehran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətinin sonucunda öz maddi-mənəvi dəyərini və gözəlliyini itirməkdədir.
Bu gölə Azərbaycanın çeşidli bölgələrindən çaylar axır. Onlardan Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay,Tufarqançay,Dərəçay,Sınıxçay və. b. adlarını çəkmək olar. Yağıntı az olsa da bu gölün səviyyəsi aşağı düşməyib. Bunu gölə yeraltı çayların axması ilə əlaqələndirirdilər.

Qışın ən sərt vaxtlarında belə buranın suyu donmur. Çünki su şordur. Bu cəhətinə görə Urmiya gölü müalicəvi əhəmiyyətə malikdir. Orada boğulmaq təhlükəsi də yox dərəcəsindədir.
İspaniyada çıxan qəzetin yazdığına görə, Urmiya gölündə irili-xırdalı 102 ada var. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahi, Qoyundağı, Əşkdağı, Arzu qismən böyük quru sahələr sayılır. Şahının sahəsi 3525 ha-dır. Əvvəllər burada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub.
Şahiyə aid məlumatlarda bildirilir Ki, 1979-cu il inqilabına qədər burada 1170 ailə yaşayıb. Hazırda adada yaşayanlar əsasən əkinçilik maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlə məşğul olurlar. Şərəfxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahidən oduğu haqda məlumat verilir.
Bu ada da iki dağ və Keçiçay adlı çay, şirin sulu 54 bulaq var.
Çox saylı köçəri quş növləri bu adanın bəzəyi sayılır.
İkinci böyük ada Qoyundağdır. Onun uzunluğu 9 km, eni isə 4 km-dir. Sahəsi isə 3175 km-dir. Adanın dəniz səviyyəsindən 1521 m ən yüksəkdədir. Burada daimi axarı olan iki bulaq var. Şirin su, bol otlaq, münasib hava şəraiti burada heyvandarlığın inkişafı üçün əlverişlidir. Bununla yanaşı həmin adalarda turizm üçün də şərait mövcuddur.
Göldə çeşidli köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş sona, qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Yadellilərin özbaşına ovçuluğu adanın faunasına çox ciddi zərbə vurub.
Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin dərmanı sayılır. Buranın suyu və palçığı da nəzarətsizlik ucbatından talan edilir.
Azərbaycanın bu bənzərsiz su hövzəsi təbii gözəlliyi, şəfalı suyu, saf iqlimi və müalicəvi palçığı ilə yanaşı başqa təbii sərvətlərlə də zəngindir.
1967-ci ildə Urmiya gölü qoruq elan olunub. Bundan başqa YUNESKO-da buranın qorunan təbii ərazilər sırasına daxil edilib. Amma təəssüflər olsun ki, Tehran hakimiyyəti kimi BMT-nin bu qurumu da vədinə əməl etmir.
Onu da qeyd edək ki, Urmiya gölünün quruması yalnız Azərbaycan üçün təbii fəlakət deyil, bu həm də dünyanı ekoloji problemlərindəndir.
Beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün imzatoplama kampaniyasına başlanılıb. Kampaniyaya qoşulmaq üçün bu ünvana daxil olun:
http://www.ip titions.com/petition/urmugulu

Sədrəddin Soltan
# 1518

Oxşar yazılar