taxi
18:10 28 noyabr 2020

Onlayn dərsdə gülməli vəziyyətə düşən MÜƏLLİMLƏR

madeyra

Orta məktəblərdə təhsilin onlayn formaya keçirilməsi problem, narahatlıqlarla yanaşı, təəssüf ki, yumor sahəsinə də material verir.

Bu günlərdə sosial şəbəkələrdə yayılan bir video “onlayn dərs” mövzusunun olduqca ciddi yanaşma tələb etdiyini sərgiləyir. 5-ci sinifdə oxuyan şagird kamera önündə duraraq müəlliminə Nizami Gəncəvinin şeirini “əzbər” deyir:

Sanki ağaclıqda odlar qalandı,
Əlvan yarpaqları alışdı, yandı...

Lakin şagird kameranı “svernut” edərək kənar pəncərədə şeirin mətnini açıb. Şeiri monitordan oxuyan şagird müəllimdə elə təəssürat yaradır ki, əzbər deyir. Hətta müəllim cavabında bildirir ki, Bəxtiyar, fikir verirəm, neçə gündür dərsinə hazır gəlirsən, belə ol həmişə.

Onlayn dərsdən söz düşəndə hər zaman şagirdlərin və müəllimlərin kamera qarşısındakı anormal davranışlarından danışırıq.

Dostlarımdan biri hər gün monitor qarşısında oturub müəllimlərini dinləyən, onların tapşırıqlarını yerinə yetirən ağıllı balasının yaşantılarını bölüşdü. Əminəm ki, evində onlayn təhsil alan orta məktəb şagirdi yetişən hər bir valideynə bu mənzərələr tanışdır. Ola bilsin, onlayn dərs mövzusunda sizin başınıza bundan da ağır, tragikomik və komik hadisələr gəlib.

Dostum deyir, övladına informatika fənni tədris edən müəllim dərsi uzanmış halda deyir. Planşetini başının üzərində tutaraq uzandığı yerdən şagird yetişdirir. O, bu mənzərəni danışanda müəllimin qadın olduğunu düşündüm...

Daha sonra dedi, informatika müəllimi planşeti üzünə o qədər yaxın tuturmuş ki, az qala bığları monitora dəyə.

Şükür...

Fransız dili müəllimi isə kameranı söndürərək tədrisinə davam edir. Bu fəaliyyəti fonunda o yağ-soğan dağlayır, yemək bişirir...

Daha bir müəllim var, 30 dəqiqəlik dərsə müxtəlif fasilələrlə qoşularaq şagirdlərə tapşırıqlar verir, sonra qeyb olur.

Dərs prosesində gənc tarix müəlliminin səsi arabir gəlib, arabir gəlmir. Şagirdlər həmin an onun nə ilə məşğul olduğunu dəqiqləşdirə bilmədiyindən, mən də o prosesi heç yerə yozmuram. Amma əmin olun, yuxarıda qeyd olunan hər bir situasiya realdır. Əgər bu variantları fantaziyamla düzüb-qoşsam, daha orijinal və komik mənzərələr yarada bilərəm.

Adamın üstündə Allah var, müqəddəs sahə olan təhsillə bağlı məqsədim yalnız problemi sərgiləməkdir.

Yəqin, təhsil tərzindəki anormallıq əyani metodu olduğu kimi onlayn müstəviyə keçirmək cəhdimizdir. Onlayn dərs əyani tədrisin monitor vasitəsilə distant imitasiyası olmamalı idi. Çünki belə olduğu halda qeyd etdiyim problemləri proqnozlaşdırmaq çətin deyildi. Yayın günüdə istirahət etməyə çalışdığımız an “ikinci dalğa” deyib beynimizi yoran qurumlar bu nəticəni proqnozlaşdırıb onlayn tədris metodu hazırlamalı idi.

Təəssüf ki, onlayn dərs sistemimiz də Azərbaycan reallığını aşa bilmədi...

Yenə formallıq...

Dünən Xaçmazdan mesaj aldım. İnterneti olmayan və digər çətinlik çəkən valideynlərə ərizə yazdırırlar. Bu da problemin həlli yox, problemin məsuliyyətindən qaçışdır. Yəni, qarşı tərəf deyir ki, baxın, problem məndə deyil, valideyndədir. Hərçənd Azərbaycanın regionlarında internet probleminin olacağı da elə ilk gündən proqnozlaşdırılmışdı.

Ümid edək ki, prosesə bizdən daha yaxın olan qurumlar tezliklə “onlayn dərs” məzhəkəsinə bir əncam qılacaqlar.

# 5518
avatar

Sərdar Amin

Oxşar yazılar