“Dəftərlərimi onun şəkilləri ilə bəzəmişdim... Formasını xüsusi qayğı ilə saxlayacam...” - Dünya ulduzları Maradonanı yad edir
26 noyabr 2020 18:00 (UTC +04:00)

“Dəftərlərimi onun şəkilləri ilə bəzəmişdim... Formasını xüsusi qayğı ilə saxlayacam...” - Dünya ulduzları Maradonanı yad edir

Dünya idmanının tanınmış nümayəndələri, eləcə də idmandankənar məşhur şəxslər dünən dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Maradonanı yad edirlər. Lent.az-ın məlumatına görə, sosial şəbəkələr “10 nömrə”nin şəkillərinə və onunla bağlı xatirələrə bürünüb.

Həbib Nurməhəmmədov (UFC çempionu): “Bütün dövrlərin ən böyük idmançılarından biri! Maradona sayəsində milyonlarla insan futbola aşiq oldu”.

Ronaldo (Braziliya yığmasının sabiq hücumçusu, ikiqat dünya çempionu): “Bizim üçün, futbol həvəskarları üçün nə qədər kədərli bir gündür. İdman ən böyük bütlərindən birini itirdi. Uşaqlığımdan istedadı mənə ilham verən böyük dostum idi Maradona. Gedişindən narazıyam, amma həyatda onunla qarşılaşdığım üçün taleyimə minnətdaram. Dieqo, meydandakı sehriniz heç vaxt unudulmayacaq. Tanrı ailəsinə, bütün dostlarına və sevənlərinə təsəlli versin”.

Patrik Kluyvert (Niderland yığmasının keçmiş hücumçusu): “Bütün ailə üzvlərinə və dostlarına başsağlığı diləyirəm, dostum. Nur içində yat”.

Marselo (“Real”ın müdafiəçisi): “Bir büt, dahi və böyük insan! Futbol üçün etdiyiniz hər şeyə görə təşəkkür edirəm”.

Antonio Banderas (Məşhur aktyor): “Planetin hər yerində milyonlarla insanın futbol oynamaq qədər sadə bir şey etməkdən zövq almasına səbəb olan birinin ölümünə kədərlənirəm. Ailəsinə, dostlarına və sevənlərinə başsağlığı verirəm”.

Devid Bekhem (İngiltərə yığmasının sabiq futbolçusu): “Bu insan bizə böyük sevinc bəxş etmişdi. Təkcə Argentina üçün yox, ümumilikdə futbol üçün kədərli gündür. Həvəslə, ruhla oynayan və dahi kimi yaddaşlarda qalacaq birindən bəhs edirik. Dieqo ilə tanış olmaqdan çox həyəcanlanmışdım. Hamımız onun üçün darıxacağıq”.

Raun Qonzales (“Real”ın və İspaniya yığmasının sabiq forvardı): “Mənim bütüm, ən böyük futbolçu saydığım şəxs. Rahat yat, Dieqo”.

Lusio (Braziliya yığmasının sabiq müdafiəçisi): “Maradona driblinqləri ilə mən də daxil olmaqla, hamıya böyük zövq bəxş edib. Onun oyunundan ilham almışıq. Tanrı bizə təsəlli versin”.

Ernan Krespo (Sabiq argentinalı hücumçu): “O, mənim ilhamım idi. Futbolçu olacağımı Dieqonu tanıyandan sonra xəyal etmişdim. Məktəbdə oxuyanda bütün dəftərlərimi onun şəkilləri ilə bəzəmişdim. Bir gün milli komandada oynamaq arzusunda idim, Maradona ilə görüşməyi xəyal edirdim. Və yalnız görüşmək yox, həm də hisslərimi bölüşmək istəyirdim. Dieqo mənə Argentina formasına olan sevgini, milli komandaya olan ehtiramı, İtaliyaya məhəbbəti aşıladı. O, kumirim idi. Əlvida, Dieqo... Həmişə ürəyimdə qalacaqsan”.

Kasemiro (“Real”ın yarımmüdafiəçisi): “Futbol kədərlidir, çünki əfsanə onu, eləcə də bizi tərk etdi. Maradona büt idi. Rahat yat, Dieqo”.

Adriano (Braziliya yığmasının sabiq hücumçusu): “Dahilər ölmürlər, həmişə ürəklərdə yaşayırlar”.

Hasan Şaş (“Qalatasaray”ın və Türkiyə yığmasının sabiq futbolçusu): “Uşaqlıq qəhrəmanım, futbolun tanrısı, əlvida!”

Luis Suares (“Atletiko”nun hücumçusu): “Dahi… Dünya futbolunun tarixi... Ailəsinə güc və səbir diləyirəm”.

Bebeto (Braziliya yığmasının sabiq hücumçusu): “Çox kədərliyəm, çünki dostumu itirdim. Maradona ilə bir-birimizə heç vaxt rəqib kimi yanaşmadıq, həmişə aramızda qarşılıqlı sevgi və hörmət oldu. Mənə hədiyyə etdiyi formasını xüsusi qayğı ilə saxlayacağam. Dieqonu sevirəm. Heç vaxt ikinci Maradona olmayacaq!”

Dieqo Simeone (“Atletiko”nun baş məşqçisi): “Hər oyunda, hər meydançada aramızda olmağa davam edəcəksən! Və sonsuza qədər DÜNYANIN ƏN YAXŞISI olaraq qalacaqsan! Səni sevirəm, Dieqo”.

Edin Dzeko (“Roma”nın hücumçusu): “Əlvida, Dieqo! Əbədi əfsanə! Qəbrin nurla dolsun”.

Deku (Portuqaliya yığmasının sabiq futbolçusu): “Çox tez ayrıldın bizdən. Əbədi olaraq xatırlanacaqsan. Dahi!”

Ronaldinyo (Sabiq braziliyalı futbolçu): “Ailəsinə və DAHİ-ni sevən hər kəsə başsağlığı verirəm. Sizinlə eyni hissi yaşayıram. Dostum, kumirim, 10 nömrəm idi o mənim. Çox maraqlı söhbətlərimiz olub. Xüsusi adam idi Maradona. Meydanda etdikləri ilə hamıya sevinc bəxş edib. Ona heyran qalmamaq qeyri-mümkün idi. Biz sənin böyüklüyünə hörmət edirdik, bundan sonra da edəcəyik. Kumirim, səni sevirəm. Sehrbazların sehrbazı!”

Ümit Karan (“Qalatasaray”ın sabiq hücumçusu): “Mənim üçün ölümsüzsən, Maradona”.

Marko van Basten (Niderland yığmasının sabiq hücumçusu): “Həmişə qəlbimizdə qalacaqsan”.

Miçel Salqado (“Real”ın müdafiəçisi): “Söz tapa bilmirəm. İdman tarixinin ən kədərli günlərindən biridir. Sənsiz futbol heç vaxt eyni olmayacaq. Biz futbolu səndən öyrəndik, dünyanın bütün küçələrində səni tanıyırdılar, hamımız SƏN olmaq istəyirdik. Sonuncu ad günündə mənimlə etdiyin söhbəti heç vaxt unutmayacağam. Sənsiz darıxacağıq. Harada olursan, ol, topla oynamağa davam etməyi unutma. Ailəsinə, dostlarına, Argentina xalqına və dünyadakı bütün futbolsevərlərə səmimi qəlbdən başsağlığı verirəm. Əlvida, Dieqo”.

Julio Baptista (Braziliya yığmasının sabiq hücumçusu): “Kədərli gündür. Dünya futbolunun ən böyüklərindən biri getdi. Maradona, hər şeyə görə təşəkkür edirəm. Futbol sizi unutmayacaq”.

Edvin van der Sar (Niderland yığmasının sabiq qapıçısı): “Meydançaya inanılmaz ustalıqla yanaşı, həqiqi sənətkarlığı da gətirən insan! Sənsiz futbol dünyası eyni olmayacaq. Ruhun şad olsun, Dieqo Maradona”.

Andrea Pirlo (“Yuventus”un baş məşqçisi): “Futbol tanrısı getdi. Dieqo, hər şey üçün təşəkkür edirəm”.

İvan Rakitiç (“Sevilya”nın futbolçusu): “İdman tarixinin ən böyük itkilərindən biri. Əfsanəvi 10 nömrə və sehri ilə bir neçə futbolçu nəslinə təsir edən adam. Qəbri nurla dolsun”.

Uesli Sneyder (Niderland yığmasının sabiq futbolçusu): “Futbol əfsanəvi 10 nömrəsini itirdi. Mənə bəxş etdiyin futbol ilhamına görə təşəkkür edirəm. Qəbrin nurla dolsun”.

Daniel Starric (“Trabzonspor”un sabiq hücumçusu): “Bu adam uşaqlıq qəhrəmanım idi. Heyrətləndirici istedadı ilə hamının qəlbinə yol tapmışdı. İllərlə onun oyununu araşdırdım, saysız-hesabsız videolarını izlədim. Bu ağır xəbəri eşidəndə çox kədərləndim. Ailəsi və dostlarına səbir diləyirəm”.

Neymar (PSJ-nin futbolçusu): “Əfsanə! Həmişə xatirələrimizdə qalacaqsan. Özündən sonra miras qoyub getdin”.

Rafael van der Vart (Niderland yığmasının sabiq yarımmüdafiəçisi): “Ölümün hamımızı sarsıtdı, Dieqo. 10 nömrəni mənim üçün əfsanəvi rəqəmə çevirən adam! Futbol ən böyüklərindən birini itirdi. Sənsiz darıxacağıq”.

Miralem Pyaniç (“Barselona”nın futbolçusu): “Sehrinizi heç vaxt unutmayacağıq. Futbol üçün etdiklərinizə görə təşəkkürlər”.

Vinisius Junior (“Real”ın futbolçusu): “Maradona meydanda sevinc və fantaziya idi. Futbolun dahilərindən birini itirdik. Rahat yat, əfsanə”.

Rafael Nadal (İspan tennisçi): “Səni heç vaxt unutmayacağıq. Ruhun şad olsun, Dieqo Maradona”.

# 3109
avatar

Rizvan Babayev

Oxşar yazılar