787
11:44
19 Noyabr 2020

İndi bu tibbi kadrlara daha çox ehtiyac var - REKTOR

“Hazırda səhiyyə sisteminin modernizasiyası və inkişafı şəraitində istifadə edilən tibbi texnologiyalar, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektivliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac var”.

Lent.az xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru, tibb elmləri doktoru Nazim Qasımov deyib.

O, tədris proqramlarının yenilənməsi və yeni konsepsiyanın standartlarına uyğunlaşdırılması üzrə işlərin aparılması haqqında danışıb. Bildirib ki, ixtisaslar üzrə təhsil proqram-modulların yenilənməsi, aktual mövzularda tematik modulların hazırlanması və keçirilməsi, müəllimlər tərəfindən yeni tədris materiallarının hazırlanması, kursların müddətinin qısaldılması, tədrisin gücləndirilməsi, tədris materiallarının müasirləşdirilməsi, simulyasion mərkəzin yaradılması, yeni klinik bazaların əldə edilməsi həyata keçirilib.

Təhsil proqramlarının mənimsənməsinin müxtəlif yeni texnologiya vasitələrindən geniş istifadə etməklə həyata keçirildiyini qeyd edən Nazim Qasımov bildirib ki, son illər ərzində institutun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir: “ADHTİ-nin illik təqvim planında çoxsaylı səyyar/distant kurslar planlaşdırılıb. Belə ki, çoxsaylı həkim kontingenti olan 6 ixtisas üzrə Respublika ərazisi 10 zonaya bölünməklə səyyar/distant kurslar elə planlaşdırılıb ki, artıq bölgələrdən bu ixtisaslı həkimlərin Bakıya gəlmələrinə ehtiyac qalmayıb. Təkcə 2019/2020-ci tədris illərində müxtəlif ixtisaslar üzrə 7000-ə yaxın bölgə həkimi bu distant kurslardan yararlanıb.

Onun sözlərinə görə, müasir dövrdə səhiyyənin yüksək səviyyəli mütəxəssislərə olan ehtiyacı tibb və əczaçılıq işçilərinin peşə bilik, bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini diktə edir. “Son aylar ərzində dünyada COVID-19 pandemiyası ilə vəziyyət bir daha göstərib ki, distant təhsilin ölkəmizdə daha da sürətli inkişafı olduqca vacibdir”.

Dİgər xəbərlər