Dünyada bu gün - VİDEO
18 noyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

SÜLEYMAN VƏZİROV

(1910-1973)

 

Azərbaycanın ilk neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Azad oğlu Vəzirov 18 noyabr 1910-cu ildə Şuşada ziyalı ailəsində dünyaya gəlib. Şuşa realnı məktəbində, Bakı sənaye-iqtisad texnikumunda və Azərbaycan Politexnik İnstitutunun Dağ-mədən fakültəsində təhsil alıb. Müxtəlif illərdə Neft-qazçıxarma idarəsində mühəndis, mədən müdirinin müavini, Suraxanı Neft-qazçıxarma idarəsində və "Azneftkombinat"da baş mühəndis, "Azneft" birliyinin rəisi, Nefbitdağ şəhərinin meri, "Turkmənneft" Birliyinin müdiri vəzifələrində çalışıb. "Azneftkombinat"ın ilk azərbaycanlı rəhbəri olub. Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Xalq Təsərrüfatı Şurasının sədri işləyib. Neft sənayesinin inkişafı sahəsində göstərdiyi xüsusi xidmətlərinə görə “Lenin” ordeni və "Oraq-Çəkic" medalı ilə təltif edilib. Süleyman Vəzirov 1973-cü il iyulun 2-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MƏMMƏD ADİLOV

(1953-2011)

 

Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Məmməd Musa oğlu Adilov 1953-cü il noyabrın 18-də Şəki şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Azərbaycan radiosunda və “Bakı” qəzetində müxbir, orta məktəbdə, Lənkəran Dövlət Universitetində, Bakı İslam Universitetinin Sumqayıt filialında və özəl universitetlərdə ərəb dili və ədəbiyyatından, ilahiyyat fənlərindən dərs deyib. Sonralar Milli Elmlər Akademiyasının Əsaslı Kitabxanasında baş redaktor, 2003-cü ildən ömrünün sonunadək AMEA-nın Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb. 16 kitabı və 150-dən artıq elmi məqaləsi dərc olunub. AMEA-nın Fəxri Fərmanı və "Tərəqqi" medalı ilə təltif olunan Məmməd Adilov 2011-ci il oktyabrın 16-da Bakıda dünyasını dəyişib.

 

 

BİLAL ƏLİYEV

(1959)

 

Azərbaycanın xalq artisti, müğənni Bilal Şahşirin oğlu Əliyev 1959-cu ilin bu günü Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, "Tərəqqi" mühəndis-kompüter mərkəzində və "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. Türkiyə, Rusiya, Ukrayna, Almaniya və başqa ölkələrdə keçirilən tədbirlərdə iştirak edib. Bilal Əliyev 2000-ci ildə əməkdar artist, 2009-cu ildə isə xalq artisti fəxri adına layiq görülüb.

 

 

FƏRMAN SÜLEYMANOV

(1980-2000)

 

Şəhid Fərman Salman oğlu Süleymanov 18 noyabr 1980-ci ildə Hacıqabulda anadan olub. 4 yanvar 1999-cu ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb. 7 may 2000-ci ildə Tərtər rayonu istiqamətində düşmənin atəşkəsi pozması nəticəsində şəhid olub. Fərman Süleymanov Hacıqabul şəhərində dəfn olunub.

 

 

NİLS BOR

(1885-1962)

 

Dünya şöhrətli danimarkalı fizik Nils Henrik David Borun anım günüdür. O, 1885-ci il oktyabrın 7-də Kopenhagendə doğulub. Kopenhagen Universitetində və Mançesterdə riyazi fizika kursunda təhsil alıb. Atomun ilk kvant nəzəriyyəsini hazırlayıb, atomun quruluşu, kvant mexanikasının əsaslarının işlənilməsində iştirak edib, eyni zamanda atom nüvəsi nəzəriyyəsi və nüvə reaksiyaları məsələlərinə fundamental töhfələr verib. 1920-ci ildən hazırda Nils Bor İnstitutu adlanan Nəzəri Fizika İnstitutunun yaradıcısı və rəhbəri olub, dünya şöhrətli elm məktəbinin əsasını qoyub. Danimarka Kral Elmi Cəmiyyətinin, eləcə də dünyanın əksər nüfuzlu akademiya və elmi cəmiyyətlərinin üzvü olub. Atom bombası əleyhinə mübarizənin aktiv iştirakçısı və atomun quruluşunun öyrənilməsində göstərdiyi xidmətlərə görə 1922-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb. Nils Bor 18 noyabr 1962-ci ildə Kopenhagendə vəfat edib.

 

 

QULAM MƏMMƏDLİ

(1897-1994)

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, teatrşünas Qulam Məmməd oğlu Məmmədlinin xatirə günüdür. O, 1897-ci il martın 25-də Təbrizdə anadan olub. İbtidai təhsilini mollaxanada alıb, sonra Bakı teatr texnikumunda oxuyub. Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlayıb. Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləyib. Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor, dövlət mətbəəsində mürəttib olub. 1923-cü ilin iyun ayında Bakıya köçüb. Uzun illər radio və mətbuat sahəsində çalışıb. 1959-cu ildə fərdi təqaüdə çıxsa da, iki illik fasilədən sonra Azərbaycan EA-nın Tarix İnstitutunda kiçik elmi işçi, Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini işləyib. Heyran xanımın, Mirzə Əli Möcüz, Şəbüstərinin əsərlərini, “Bəxtiyarnamə”ni çap etdirib. “Cahangir Zeynalov”, “Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu” adlı salnamələr onun çoxillik və gərgin zəhmətinin bəhrəsidir. Qulam Məmmədli 1994-cü il noyabrın 18-də Bakıda dünyasını dəyişib.

 

 

YÜHƏNNAS SEYİDOV

(1927-1996)

 

Azərbaycanda bərk cisimlər fizikasının banisi, Azərbaycan AE-nın müxbir üzvü, professor Yühənnas Mirhəsən oğlu Seyidov da bu gün xatırlanır. O, 1927-ci il fevralın 16-da Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Universitetində və Rusiya EA-nın dünyada tanınmış Ural Elmi Mərkəzinin aspiranturasında təhsil alıb. 1953-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin “Nəzəri fizika” kafedrasında işləyib. Pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun “Nəzəri fizika” bölməsinə, “Bərk cisim nəzəriyyəsi” laboratoriyasına və “Bərk cisim nəzəriyyəsi” bölməsinə rəhbərlik edib. Elmi fəaliyyətinin böyük hissəsi müasir bərk cisim nəzəriyyəsinin ən aktual problemlərindən biri olan maqnetizm nəzəriyyəsinə həsr olunub. 1986-cı ildə elm və texnika sahəsində Dövlət Mükafatına layiq görülən Yühənnas Seyidov 1996-cı il noyabrın 18-də Bakıda vəfat edib.

 

 

ƏFRASİYAB MƏMMƏDOV

(1928-1990)

 

Azərbaycan aktyoru və teatr rejissoru Əfrasiyab Əli oğlu Məmmədovun anım günüdür. O, 1928-ci il martın 19-da Gəncədə dünyaya göz açıb. 1945-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub, daha sonra aktyorluq kursuna keçib. Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilən aktyor bir sıra səhnə əsərlərində çıxış edib. "O olmasın, bu olsun", "Koroğlu", "Qızmar günəş altında", "Kişi sözü", "Otello", "Vaqif", "Ailə namusu" və başqa filmlərdə, tamaşalarda yaddaqalan obrazlar yaradıb. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. Əfrasiyab Məmmədov 1990-cı il noyabrın 18-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

YUSİF SEYİDOV

(1929-2013)

 

Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, professor Yusif Mirəhməd oğlu Seyidovun xatirə günüdür. O, 1929-cu il mayın 2-də Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub. Yengicə kənd orta məktəbində, Naxçıvan Dövlət Müəllimlər İnstitutunun Tarix-Filologiya fakültəsində və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, Azərbaycan dili və metodika kafedrasının dosenti, 1967-ci ildən ömrünün sonunadək isə həmin kafedranın professoru və kafedra müdiri vəzifələrində çalışıb. 200-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın (elmi monoqrafiya, dərslik və dərs vəsaitlərinin) müəllifidir. Yusif Seyidov 18 noyabr 2013-cü ildə Bakıda vəfat edib.

 

 

EMİN SABİTOĞLU

(1937-2000)

 

Görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Emin Sabitoğlu da bu gün xatırlanır. O, 2 noyabr 1937-ci ildə Bakıda tanınmış yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində dahi bəstəkar Qara Qarayevin sinfində oxuyub. Daha sonra təhsilini Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 40 illik bir dövrü əhatə edən yaradıcılığı müddətində musiqinin müxtəlif janrlarında əsərlər yaradıb. 500-ə qədər mahnının müəllifidir. Onun “Bakı, sabahın xeyir”, “Ağ çiçək”, “Dərələr”, “Uzaq, yaşıl ada”, “Belə ola həmişə”, “Bu gecə” və başqa mahnıları dillər əzbəridir. Yaradıcılığında kino musiqisi xüsusi yer tutur. “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “Atları yəhərləyin”, “Dantenin yubileyi” və digər filmlərə musiqi bəstələyib. Bəstəkar həm də musiqili komediya janrında gözəl əsərlərin müəllifi kimi tanınır. 1994-cü ildən ömrünün sonuna qədər Türkiyədə pedaqoji fəaliyyət göstərib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

NAİM SÜLEYMANOĞLU

(1967-2017)

 

Türkiyəli ağır atlet Naim Süleymanoğlunun anım günüdür. O, 1967-ci il yanvarın 23-də Bolqarıstanın Mestanlı şəhərində anadan olub. İdmançı karyerasına 7 yaşında başlayıb, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Cəmi bir il sonra yeni dünya rekordu müəyyənləşdirən ən gənc idmançı kimi adını tarixə yazdırıb. Qərbdə "Əfsanəvi Türk" ləqəbi ilə tanınıb. 1983-1986-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu vuraraq, beynəlxalq idman arenasında sensasiya yaradıb. 1986-cı ildə Bolqarıstanda yaşayan türklərə təzyiqlərə etiraz əlaməti olaraq Türkiyənin Avstraliyadakı səfirliyindən sığınacaq istəyib. O vaxtdan etibarən beynəlxalq yarışlara Türkiyə bayrağı altında qatılıb. 2000-ci ildə mərkəzi Afinada yerləşən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti seçilib. Naim Süleymanoğlu 2017-ci il noyabrın 18-də dünyasını dəyişib.

# 814
avatar

Oxşar yazılar