121
18:44
12 Noyabr 2020

Baş leytenant: “Prezident elə danışdı ki, həyəcanım yox oldu” – Səbuhi Məmmədli yazır

- Düzünü deyəcəm, həyəcanlıydım. Prezident, Müzəffər Ali Baş Komandan bizimlə görüşə gəlmişdi. Söhbətə ilk Prezident başladı. O qədər səmimi danışırdı ki, bütün həyəcanım yox olub getdi.

Bunu baş leytenant Mail Əsgərov deyir.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşə getmişdilər. Görüşdə iştirak edən hərbçilər arasında həmkarımız – APA Group-un keçmiş əməkdaşı, hazırda ARB-də çalışan Mail Əsgərov da vardı.

Lent.az -a danışan Mail Əsgərov deyir ki, cəbhəyə könüllü yazılıbmış, növbəsi çatanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırıblar.

- Bir həftə əvvəl məlumatlandırmışdılar. Onda hələ müharibə başlamamışdı. Dedilər ki, hazır olun, çağıracağıq. Dedim, canla-başla hazıram, 24 saatı sizdən xəbər gözləyəcəm.

Maili sentyabrın 30-u orduya çağırırlar. Ailəsi, dostları, qohumlarıyla vidalaşıb, cəbhəyə yola düşür. Füzuli istiqamətində döyüşlərə atılır. Təxminən 10 gün döyüşdə olur.

- Döyüşə girdiyim vaxtı dəqiq deyə bilməyəcəm. Çünki orda nə gün, nə də saat yadda qalırdı. Mən hərbi xidməti zabit kimi piyada qoşunlarında başa vurmuşam və ehtiyata buraxılmışam. Çağırış vaxtı da baş leytenant və tağım komandiri kimi orduya getdim.
Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yaralanmışam. Biz hücuma keçənləri atəşlə dəstəkləyirdik. Səngərin içində yanıma minomyot mərmisi düşdü və qəlpəsi məni yaraladı. Yaralanandan sonra məni Füzulidəki hospitala təxliyə etdilər. Orada ilk müayinələr olundu, daha sonra Bakıya göndərdilər. Füzulidə olarkən vəziyyətim ağır idi. Çoxlu qan itirmişdim. Amma istər həkimlər, istər bütün tibb personalı, hətta xadimələrə qədər hamı bizə çox yaxşı baxdılar. Əllərindən gələni etdilər.

Mail deyir ki, uğrunda döyüşdüyü Füzulinin azad olunması xəbərinə uşaq kimi sevinib.

- Dedim şükür, əziyyətimiz hədər getmədi. Noyabrın 8-i səhər isə dedilər ki, Prezidentdən yeni tvit olacaq. Bir qədər sonra isə Azərbaycan televiziyası Ali Baş Komandanın xalqa müraciəti olacağının anons etdi.

Mail deyir ki, açığı, bilmirdik ki, müraciət nə barədədir. Amma görəndə ki, Prezident hərbi geyimdədir və Şəhidlər xiyabanını, Ulu öndər Heydər Əliyevin məzarına ziyarət edir, onda başa düşdüm ki, yox, bu nəsə fərqli bir müraciət olacaq.

Hə, Prezident Şuşanın azad edilmə xəbərini bütün Azərbaycana bəyan edir. Mail deyir ki, o xəbəri eşidəndən sonra Kliniki Tibbi Mərkəzdə hönkürüb ağlamayan adam yox idi.

- Tanıdı-tanımadı, hamı bir-birini qucaqlayıb ağlayırdı. Ali Baş Komandanın bir sözü var idi: “Şuşasız bizim zəfərimiz yarımçıq qalar”. Həqiqətən də biz Şuşanı azad etməklə Qarabağın həm coğrafi, həm də mənəvi bütövlüyünü tam təmin etmiş olduq. Bu, həqiqətən də böyük zəfərdir.

O ki qaldı məşhur görüşə, Mail deyir ki, tez-tez bu və ya digər dövlət qurumlarından, müxtəlif təşkilatlardan onlara baş çəkirlər, yoxlayırlar.

- Bir dəfə dedilər, Prezident gələcək, yaradıcı adamsınız, istəyirik Prezidentlə görüşdə siz çıxış edəsiniz. Razılaşdım. Və səhəri günü Prezident gəldi. Düzü, çox həyəcanlıydım. Amma Prezident söhbət zamanı o qədər səmimi danışdı ki, bu məndə olan bütün həyəcanı yox etdi. Ona görə də mən şablon sözlərdən istifadə etmədim. Ürəyimdən gələn sözlərimi dedim. Dedim ki, Cənab Prezident, son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki, xalqın Sizə olan böyük inamıdır. Yəni, xalqın içində olaraq bunu mən deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni əzdik. Mənim üçün unudulmaz görüş oldu. Çox möhtəşəm idi. Qalib ordunun Ali Baş Komandanı ilə üz-üzə söhbət etmək, həm də belə bir vaxtda, müharibədə qalib gəldiyimizi, həmçinin bu qələbədə mənim də az da olsa rolumun olduğunu bilmək həqiqətən də qürurvericidir.

Mail deyir ki, müalicəsi başa çatandan sonra yenidən cəbhəyə yollanacaq.

- Nə qədər ki, prezident sərəncam verməyib və mən səfərbərlik üçün getmişəm, ordudayam, saxladıqları qədər də qalacağam.

Dİgər xəbərlər