14
14:17
05 Noyabr 2020

İlham Əliyev: "Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir"

“Bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

Prezident bildirib ki, Ermənistan kompromisdən danışanda konkret heç nə demir: “Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik”.

Müxbirin “Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variant mövcuddur?” sualının cavabında Prezident İlham Əliyev “Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir” cavabını verib.

Dİgər xəbərlər