109
17:44
04 Noyabr 2020

Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət Sərhəd Xidməti narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son dövrdə 13 kiloqram 927 qram narkotik vasitəyə və 1334 ədəd psixotrop maddəyə bənzər həbin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə qanunsuz keçirilməsinin qarşısını alıb.

DSX mətbuat mərkəzindən Lent.az -a verilən məlumata görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində hərəkət edən, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçan sərhəd pozucusu tərəfindən atılmış bağlamada ümumi çəkisi 3 kq 853 qram narkotik vasitə “heroin” və 762 ədəd “metadon-40” həbi aşkarlanaraq götürül­üb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Mersedes” markalı avtonəqliyyatda Astara rayon sakinləri 1986-cı il təvəllüdlü İskəndərov İskəndər Cabir oğlu və 1987-ci il təvəllüdlü İskəndərov Elnur Cabir oğlu saxlanılıb. Araşdırma zamanı E.İskəndərov törətdiyi cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiyini bildirib.

Fakt üzrə cinayət işi başlanılıb, E.İskəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilib.

Həmçinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyitli, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı və Yardımlı rayonunun Arus kəndlərinin yaxınlığında yerləşən sərhəd zastavalarında dövlət sərhədinin gücləndirilmiş mühafizəsi üzrə qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 3 ədəd sahibsiz halda bağlamalar aşkar edilmiş, baxış zamanı ümumi çəkisi təxminən 10 kiloqram 74 qram narkotik vasitəyə və 572 ədəd psixotrop həbə oxşar maddələr götürülüb.

Adıçəkilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər