57
15:06
21 Oktyabr 2020

"Ermənistanın döyüşdə itirdiyi silahların yerini 30 ildə doldurması mümkün deyil" - AKTUAL ŞƏRH

“İndiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb”.

Bu sözləri dünən Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Dövlət başçısı deyib ki, toplam 280 tankdır, amma yenə də tanklar var:

“Həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində... Hardandır bunlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir yetirmir? Bax, biz deyirik 241 tank məhv edilib. Onların sonra nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə, onların öz tankları ilə atəş açırlar”.

Hərbi ekspert Rəşad Süleymanov Lent.az -a deyib ki, Azərbaycan və Ermənistanın qoşulduqları "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə adi silahların 5 kateqoriyası üzrə məhdudiyyətlər tətbiq edir:

“Müqaviləyə görə, adi silahların və texnikanın 5 kateqoriyası - tanklar, zirehli döyüş maşınları, 100 mm və artıq kalibrli artilleriya, döyüş təyyarələri, hücum vertolyotları məhdudlaşdırılır, informasiya mübadiləsi və geniş təftiş fəaliyyəti nəzərdə tutulur. Hər il bir dəfə olmaqla Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində üzv olan ölkələrə inspeksiya da keçirilir. İnspeksiyanın məqsədi illik informasiya mübadiləsində elan edilən hər hansı bir hərbi hissənin yerində yoxlanılmasıdır. Qiymətləndirmə qrupu hərbi hissənin şəxsi heyəti, əsas silah və texnika növləri ilə tanış olurlar. Qiymətləndirmənin nəticələri üzrə hesabat səfərdən sonra 14 gündən gec olmayaraq ATƏT çərçivəsində ATƏT-in rabitə şəbəkəsi vasitəsilə bütün iştirakçı-dövlətlər arasında yayılır”.

Hərbi ekspert bildirib ki, Ermənistan müxtəlif ölkələrdən aldığı silah və texnikaları Dağlıq Qarabağda olan ərazilərdə yerləşdirməklə diqqətdən yayınır:

“ATƏT çərçivəsində inspeksiya zamanı isə yalnız Ermənistanda olan silah və texnikalara baxış keçirilir. Ona görə də dəqiq məlumatlar əldə edilə bilmir.

Əldə etdiyimiz bəzi məlumatlara görə, Dağlıq Qarabağda ermənilərin 350-dən çox tankı, çox sayda piyada döyüş maşını və artilleriya vasitələri və s. mövcuddur.

Onu da qeyd edim ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Adi Silahlar registrinə təqdim etdiyi materiallarda silah və texnikalar haqqında çox cüzi məlumatlar verir və düzgün olan məlumatları gizlədir”.

R.Süleymanovun sözlərinə görə, Ermənistan müstəqilliyinin ilk illərindən başlayaraq dünyadakı qara silah bazarının tacirləri ilə sıx əməkdaşlıq edir:

“Bu tacirlər arasında milliyətcə erməni olanlar kifayət qədərdir. Bununla və xaricdəki erməni diasporasının maliyyə dəstəyi, eləcə də erməni iş adamlarının iştirakı ilə müxtəlif ölkələrdən silah, texnikalar göndərilir. Burada mülki nəqliyyat vasitələrindən, təyyarələrdən geniş istifadə edilir. Böyük silahların gətirilməsi əsasən müəyyən ölkələrin ərazilərindən keçməklə həyata keçirilir. Bununla bağlı bir neçə araşdırma aparmışıq. Hətta əldə etdiyimiz məlumatlara görə, Ermənistan özü üçün silah, texnika deposu yığdıqdan sonra qanunsuz olaraq başqa ölkələrə də bunları satmaqla məşğul olurlar. Bir sözlə, Ermənistan qara silah bazarında aktiv olan ölkədir”.

Hərbi ekspert deyib ki, Ermənistanın qanunsuz aldığı və saxladığı silah, texnikalarla bağlı prosesdə iştirak edən aviasiya şirkətlərinə, müəyyən təşkilatlara embarqolar tətbiq oluna, uçuşları dayandırıla bilər:

"Ermənistana silah satan istehsalçı şirkətlər qarşısında da müəyyən məsələlər qaldırıla bilər ki, onlardan dinc əhaliyə qarşı istifadə edilib.

Əlavə olaraq bildirim ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu da onun silahlanmasına yardım edir. Ermənistanın bu cür intensiv silahlandırılmasının arxasında onun müttəfiqləri dayanır və onlar ermənilərə, demək olar ki, pulsuz silah verirlər. Burada bir məsələ var: üzv olan ölkələrin istehsalçılarından alınan silahlar daxili bazar qiymətinə alınır. Məsələn, Azərbaycan həmin təşkilata üzv olan hansısa ölkədən bir silahı 5 milyona alırsa, Ermənistan bunu 3 milyona ala bilir”.

R.Süleymanov son olaraq Ermənistanla Azərbaycan arasında son döyüşdəki itkilərdən də söz açıb:

“Ermənistanın itkiləri hətta 1992-1994-cü illərdə gedən müharibədəki zərərdən çoxdur. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan tərəfindən məhv olunan və hərbi qənimət kimi ələ keçirilən silahların əksəriyyəti ağır silahlardır. Bunun yerini isə Ermənistanın yaxın 30 ildə doldurması mümkün deyil.

Bundan başqa, müharibədə verdiyi itkilər Ermənistan iqtisadiyyatını sıradan çıxarıb. Büdcəsi boşalmış Ermənistan hökuməti artıq müharibə dövrünə aid xüsusi verginin toplanması barədə qərar qəbul edib. Bununla bağlı əhaliyə və iş adamlarına çağırışlar edilərək bildirilib ki, vergini ödəməyənlər sərt cəzalandırılacaqlar”.

Dİgər xəbərlər