6
13:41
19 Oktyabr 2020

YAP-dan Gəncə terroru ilə bağlı 50-dən çox partiyaya MÜRACİƏT

Yeni Azərbaycan Partiyası işğalçı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərində baş verən terror aktı ilə əlaqədar 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanlayıb.

YAP-ın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, müraciətdə bildirilir:

“Məlumdur ki, 2020-ci il sentyabrın 27-də səhər saat 06-dan etibarən Ermənistanın hərbi qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın mülki obyektlərini iriçaplı silahlardan və ballistik raketlərdən atəşə tutub. 27 sentyabr – 16 oktyabr arasında Ermənistanın silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Goranboy, Göygöl, Tərtər, Yevlax, Horadiz yaşayış məntəqələrini atəşə tutaraq qadın və uşaqlar daxil olmaqla, 70-ə qədər mülki şəxsi qətlə yetirmiş, 200-dən çox mülki şəxsi yaralayıblar. Yaralananlar içərisində qadın və uşağın olması diqqət çəkir. Bu hücumlar nəticəsində minlərlə şəxsi evə, eləcə də sosial infrastruktur obyektlərinə və yaşayış binasına ciddi zərər dəymişdir. Bundan əlavə, işğalçı Ermənistanın hərbi qüvvələri bölgə üçün böyük enerji və irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək bombalayıblar. Qeyd olunan şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş “9N235”, həmçinin “M85” bombalarından və “Kaset Sursatlar haqqında” Konvensiyaya (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlardan istifadə edib.

Eyni zamanda, Ermənistan hərbi-siyasi hakimiyyəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə digər ölkələrdən muzdlu terrorçular gətirilərək dinc azərbaycanlı əhaliyə qarşı istifadə olunmuşdur. Onlar beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq üzərində ağ bayraq qaldırılmış Azərbaycanın tibbi maşınlarını atəşə tutub.

Yeni Azərbaycan Partiyası hesab edir ki, tərəfləri daim atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə münasibət bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin hədəfə alınması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə qarşı son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.

Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq qurumları, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq”.

Müraciət Avropa Xalqları Partiyasına, Mərkəzçi Demokrat İnternasionalına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına, İslam Əməkdaşlıq Təşkilatına, Avronest Parlament Assambleyasına, Milli Demokratiya İnstitutuna, İqtisadi Əməkdaşlıq Təşkilatına, Ərəb Dövlətləri Liqasına, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına, Türkiyənin Ədalət və İnkişaf Partiyasına, “Yedinaya Rossiya” Partiyasına, Çin Kommunist Partiyasına, Ədalət Naminə Pakistan Hərəkatına, Yaponiya Liberal-Demokrat Partiyası olmaqla, ümumilikdə 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanlanıb.

Dİgər xəbərlər