Strasburqda yaşayan həmvətənlərimiz Azərbaycanın haqq işinə dəstək aksiyası keçirib
19 oktyabr 2020 02:16 (UTC +04:00)

Strasburqda yaşayan həmvətənlərimiz Azərbaycanın haqq işinə dəstək aksiyası keçirib

Oktyabrın 18-də Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri Dövlət Müstəqilliyi Günü ilə əlaqədar ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinə toplaşaraq, Ermənistanın hərbi təcavüzü və işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti və xalqına dəstəyini ifadə ediblər.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, Gəncə və ölkəmizin digər şəhər və rayonlarında yaşayan mülki əhaliyə qarşı Ermənistanın törətdiyi hərbi cinayətləri qınayan aksiya iştirakçıları qətlə yetirilmiş günahsız vətəndaşlarımız və erməni işğalçıları ilə mübarizədə döyüş meydanında həyatlarını fəda etmiş Azərbaycanın qəhrəman hərbiçilərinin əziz xatirəsini yad ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva bu tarixi günlərdə xalqımızın nümayiş etdirdiyi dəyanət, qətiyyət və birliyi alqışlayıb, dünyanın müxtəlif guşələrində məskunlaşmış soydaşlarımızın hər bir dəstəyinin dəyərli olduğunu vurğulayıb və həmvətənlərimizi xüsusilə yerli mətbuatla təmaslar və eləcə də sosial mediada fəal olmağa çağırıblar.

# 691
avatar

Oxşar yazılar