17:57
03 Oktyabr 2020

Ermənilər xaricdən gətirdikləri muzdluları cəbhənin ön xəttinə çıxarır - Hikmət Hacıyev faktları açdı

"Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər fakt var".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, əldə olan faktlar, dəlillər Azərbaycanın beynəlxalq tərəfdaşlarına təqdim edilib: “Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu, təkcə bu gün deyil, həmişə Ermənistan tərəfdən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub. Hətta son dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Avropadakı erməni əsilli şəxslərin muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etməsi barədə faktlar vardır. Bizdə kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, vətəndaşlarına sahib çıxsın. Onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Onların da bir məqamı diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərində Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən, kompatant anlayışını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”.

Dİgər xəbərlər