14:10
29 Sentyabr 2020

“Qarabağ Türkiyə üçün Kiprdən də əhəmiyyətlidir" - Türkiyəli deputat

“Ermənilər 100 ildir bölgədə hegemon Ermənistan dövləti qurmaq xəyalından vaz keçmir. Son 30 ildə Azərbaycan torpaqlarının işğal və qətllərlə ələ keçirilməsi bu niyyətin təzahürüdür. Təəssüf ki, dünya ictimaiyyəti və müvafiq beynəlxalq təşkilatlar bu vəziyyətə hələ də susurlar”.

Bunu APA -nın yerli bürosuna politoloq, Türkiyə parlamentinin 20-ci çağırış millət vəkili Adil Aşırım deyib.

O bildirib ki, regionda öz mənfəətini güdən dövlətlər Türkiyənin Azərbaycan və Qafqaz regionu ilə olan bütün əlaqələrini kəsmək üçün təxribatçı Ermənistanın terror hücumlarından istifadə edirlər.

A. Aşırımın sözlərinə görə, Dağlıq Qarabağ Türkiyə üçün Kipr qədər, hətta ondan da əhəmiyyətlidir: “Çünki Kipr Aralıq dənizi əhatəsində Türkiyə üçün strateji bir obyektdirsə, Qarabağ Türkiyənin Anadoluda əbədi mövcudluğunun qarantıdır”.

Türkiyəli politoloq qeyd edib ki, ermənilərin haqsız hücumlarının qarşısı alınmazsa, bu, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də ağır nəticələnə bilər: “Ermənistan keçmişdə Azərbaycanın tarixi torpağı olan İrəvanı, Zəngəzuru ələ keçirdiyi kimi bu gün Qarabağ, sabah Türkiyənin şərqini tutmaq iddiasından əl çəkməyəcək və terror hücumlarını davam etdirəcək. Odur ki, biz qan qardaşlarımızın yanındayıq. Azərbaycana haqlı mübarizəsində qalibiyyət arzu edirəm”.

Dİgər xəbərlər