Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sentyabrın 27-dən etibarən cəbhə boyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirib.
Agentlikdən Lent.az-a verilən məlumata görə, qeyd olunan qruplar eyni zamanda sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyəti həyata keçirir.
Son günlərdə ermənilər tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.
Bu səbəbdən Agentlik cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyatı üzrə müraciət etməyə çağırır.
Sakinlərə tövsiyə edirik ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin "112" Xidməti-Zəng Mərkəzinə, rayon Polis Şöbələri (RPŞ), eləcə də rayon İcra Hakimiyyəti orqanlarına məlumat versinlər.
Aparılan əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə davamlı olaraq məlumat veriləcək.