Azərbaycan Ordusu bu dəfə də erməni təxribatına qətiyyətlə cavab verəcək - Tengiz Txilava
27 sentyabr 2020 12:21 (UTC +04:00)

Azərbaycan Ordusu bu dəfə də erməni təxribatına qətiyyətlə cavab verəcək - Tengiz Txilava

Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycana qarşı hücuma keçməsi və yeni təxribatlar törətməsi qonşu gürcü xalqını da ciddi narahat edir. Biz Ermənistanın bu cür təxribatlarını qətiyyətlə pisləyirik və müharibənin tezliklə başa çatmasını arzulayırıq.

Lent.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Tengiz Txilava söyləyib.

Onun sözlərinə görə, ermənilərin bütün cəbhə boyu fəallşamasının və Azərbaycana qarşı yenidən hücuma keçməsinin bir neçə səbəbi var: “İlk növbədə bu, Ermənistanın daxilindəki gərginliklə bağlıdır. Ermənistanda zorla hakimiyyətə gətirilən Nikol Paşinyan xalqa verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün daxildə ciddi gərginlik yaranıb. Hakimiyyətinin devriləcəyindən qorxan Paşinyan bu yolla xalqın başını qatmaq, müharibə xofu ilə xalqı yeni inqilabdan çəkindirməyə və bu yolla hakimiyyətinin vaxtını uzatmağa çalışır”.

T.Txilava hesab edir ki, digər vacib bir səbəb xarici qüvvələrlə bağlıdır: “Cənubi Qafqazda sabitliyi və sülhü istəməyən bəzi dövlətlər öz məqsədləri üçün Ermənistandan sui-istifadə edirlər. Ermənistana pulsuz silahların verilməsi, qoşunların yerləşdirilməsi və.s buna parlaq misaldır. Məhz həmin qüvvələr Ermənistanı bölgədə sabitliyi pozmağa, yeni münaqişə ocaqları yaratmağa məcbur edirlər. Müstəqil dövlət olmayan və başqalarının əlində vasitə olan Ermənistan isə həmin ölkələrin tələblərini yerinə yetirməyə məcburdur”.

Politoloq deyib: “Ermənistan tez tükənəcək. Onun Azərbaycan Ordusuna cavab verə biləcək və ya qarşısını ala biləcək gücü yoxdur. Biz bunu 4 il əvvəl də gördük. Cəmi bir hücum nəticəsində Azərbaycan Ordusu ərazilərinin bir qismini işğaldan azad etdi. Bu gün də Azərbaycan Ordusu qısa bir zaman ərzində ermənilərin bir neçə atəş nöqtəsini susdurub. Bu isə o deməkdir ki, müharibə uzun sürməyəcək və Ermənistan ordusu tez bir zamanda geri oturdulacaq. Böyük itkilər verən Ermənistan Azərbaycan torpaqlarını məcbur olaraq işğaldan azad edəcək”.

# 2341
avatar

Oxşar yazılar