16:18
24 Sentyabr 2020

Bakıda yol polisləri şəxsi maşınlarla gizli cərimə yazır? - DYP-dən CAVAB - FOTO

Sosial şəbəkədə DYP əməkdaşlarından birinə məxsus fərdi avtomobilin qanunsuz olaraq gizli çəkiliş aparması və sürücülərə cərimə yazması barədə məlumat paylaşılıb. Bildirilir ki, yol hərəkəti zamanı qayda pozuntusu şəxsi avtomobillərdən biri tərəfindən qeydə alınaraq, protokol tərtib olunur. Paylaşım şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

Məsələ ilə bağlı Lent.az -a münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, heç bir yol polisi əməkdaşı qayda pozuntusunu öz şəxsi avtomobilində qeydə alaraq, cərimə yaza bilməz:

“Bu, mümkün olan şey deyil. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində müəyyən xətalar var ki, onlar xüsusi texniki vasitələrin köməyilə aşkarlanıb, real vaxt rejimində qərar çıxarıla bilər. Təhlükəsizlik kəmərindən istifadə, sürət həddinin aşılması, işıqforun qırmızı işığında dayanmadan keçmək, qanunsuz olaraq nişanlanma xətlərinin üstünə çıxmaq və s. pozuntular patrul avtomobillərindəki İ-patrullar vasitəsilə qeydə alına bilər. Nəticədə sürücü haqqında elektron qərar çıxarılır. Bu qanunidir. İ-patrul texniki vasitələri də ancaq patrul avtomobillərindədir. Ola bilər ki, kimsə şəxsi avtomobilində hansısa pozuntunu çəksin və o da araşdırılsın. Qeydə alınan pozuntu təhlükəsizlik kameralarında da təsdiqini taparsa, həmin sürücü barədə tədbir görülə bilər. Bəzi ölkələrdə pozuntunu çəkib polisə göndərənlər xidmət haqqı alırlar. Ancaq bizdə nə onu çəkən polis əməkdaşı, nə də mülki vətəndaşa cərimə məbləğindən heç bir faiz gəlmir”.

Dİgər xəbərlər