Şagirdlər koronavirusa harada yoluxur? - HƏLƏ Kİ...
24 sentyabr 2020 18:30 (UTC +04:00)

Şagirdlər koronavirusa harada yoluxur? - HƏLƏ Kİ...

Bir necə gündür ki, Təhsil Nazirliyi tərəfindən orta məktəb şagirdlərinin koronavirusa yoluxması ilə bağlı statistika açıqlanır. Bədən hərarəti yüksək olanlar və eləcə də artıq virusa yoluxanların dəqiq sayı verilir. Bəs, virusa yoluxanlar və eləcə də hərarəti yüksək olanlarla bağlı məlumat necə toplanır? Yoluxmalar məktəbdaxilidirmi, yaxud necə baş verir?

Lent.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov “Facebook” səhifəsində mövzu ilə bağlı acıq qalmış bir sıra sualları səsləndirib: “Bir neçə gündür ki, koronavirusa yoluxan şagirdlərin sayı verilir. Sual yaranır ki,  şagirdlər məktəbdə yoluxub, yoxsa məktəbə qədər hardasa yoluxub?

İndiyə kimi yoluxma dalğasının hətta ən pik nöqtəsində belə şagirdlərə, azyaşlı uşaqlara çox nadir hallarda rast gəlinirdi. İndi isə tədris ili başlayandan bəri 200 dən çox şagirdin və müəllimin yoxlamasını əks etdirən rəsmi rəqəmlər var.

Məsələ budur ki, şagirdlər indiyə qədər hər hansı bir testin və ya yoxlamanın predimeti olmayıb və indiyə qədər azyaşlıları yoxlamaq, testə salmaq heç kim tərəfindən həyata keçirilməyib.

Amma indi hər gün məktəbə daxil olan zaman şagirdlərin istiliyi yoxlanır. Hərarəti olan şagirdlər, müəllimlər test və müayinəyə cəlb edilir, bundan sonra virus aşkar edilənlər tədris prosesindən kənarlaşdırılır.

O, bildirib ki, şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi: “Bu hal bütün dünyada var. Məsələ onun geniş yayılmasının qarşısını almaqdır. Çox təəssüf ki, yoluxmalarda günahkar iki tərəfdir. Birincisi valideynlər, ikincisi məktəblər.

Valideynlər ona görə günahkardır ki, övladlarını məktəbə yola salanda binanın qarşısında böyük sıxlıq yaradırlar və ara məsafəsi gözlənilmir.

Məktəblər ona görə günahkardır ki, yalnız bir giriş və çıxışdan istifadə olunur və nəticədə sıxlıq yaranır.

Əlbəttə, yoluxma halları nəzarət çərçivəsindən çıxsa, sərt tədbirlər həyata keçirilə bilər. Amma bu, tədrisin tam dayanması ilə nəticələnməməlidir. Çünki biz bütün hallarda, virus ilə yaşamağa məcburuq. Qapanma ilə yalnız sayı azaltmaq mümkündür, məsələnin həlli üçün bu, yetərli deyil.

Ekspert təklif edir ki, məktəblərdə qoruyucusu maskalardan istifadə şagirdlər üçün də məcburi olsun.

Bundan başqa, şagirdlər əllərini hər tənəffüs zamanı yusun.

Məktəblərə isə bir yox, bir neçə giriş və çıxışdan istifadə olunsun.

Koronavirusa yoluxan şagirdlər haqqında məlumatların necə toplanıldığına isə təhsil nazirinin müşaviri Rüstəm Ağayev İctimai Televiziyaya verdiyi müsahibəsində aydınlıq gətirib: “Biz gündəlik yoluxma sayları ilə bağlı məlumatları Gigiyena və Epidemiologiya Mərkəzindən və Səhiyyə Nazirliyindən alırıq. Bu günə qədər məktəbdaxili şagirdlər arasında  yoluxma faktı qeydə alınmayıb. Yəni, yoluxan şagirdlərimiz var, amma onlar məktəbdə yoluxmayıblar. Qubanın Qamqam kəndində müəllimlər arasında yoluxma faktı olub, həmin məktəb artıq bağlanıb. Dediyim kimi, proses belə gedir ki, bizə virusa yoluxan müəllimlər və ya şagirdlər haqqında məlumatlar daxil olur. Həmin məlumatlar məktəbə verilir və birlikdə koronavirusa yoluxma faktı qeydə alınan sinfin lokal olaraq bağlanması haqqında qərar verilir və distant təhsilə keçilir”.

Yoluxmanın məktəbdaxili olmadığına hansı əsasla qərar verildiyinə gəldikdə, nazir müşaviri buna Səhiyyə Nazirliyindən əldə etdikləri məlumatların təhlili nəticəsində qərar verdiklərini deyib: “Adətən hansısa valideyndə virus aşkar olunduqda uşaqdan da analiz götürülür və nəticə pozitiv olanda bizə məlumat gəlir”.

Nazir müşaviri bildirib ki, şagirdlərin yoluxması faktlarının məktəblərin açılaması ilə əlaqəsi yoxdur: “Dediyim kimi, məktəbdə hələ yoluxma faktı qeydə alınmayıb. Biz, sadəcə, Səhiyyə Nazirliyi tərəfindən virusa yoluxanlarla bağlı yayılan məlumatların arasından məktəbə aid olanları veririk. Kütləvi yoluxmanın hələ məktəblərlə bağlılığı yoxdur. Biz həmin məlumatları iyun ayında da götürüb təhlil etsəydik, ümumi sayın içində müəllimlər və şagirdlər ola bilərdi. Şagirdlərin əksəriyyəti yuxarı siniflərin şagirdlərdir. Onlar məktəbə gəlməyiblər. Sadəcə biz onlar haqqında sistemdən  məlumat əldə edirik”.

Pandemiya qaydalarına tam əməl olunurmu, sualına cavab olaraq R.Ağayev xatırladıb ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəblər açılıb: “Nazirlər Kabinetinin qoyduğu qaydalara məktəblərdə əməl olunur. Girişdə hərarət ölçülür, şagirdlərin əlləri dezinfeksiya olunur, siniflərdə sosial məsafə gözlənilir. Hər sinif dərsdən sonra dezinfeksiya olunur. Məktəblərə giriş və çıxışları artırmışıq. Uşaqların bir-bir məktəbə daxil olması təmin olunur. Müəllimlərin də hərarəti ölçülür. Müəllimlər maska və ya üz sipərindən istifadə edir”.   

Bəs, statistikada artım davam etsə, məktəblər təkrar  bağlana bilərmi?

Nazir müşaviri məktəblərin təkrar bağlanacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Əgər ölkə üzrə yoluxma faktı artarsa, karantin olarsa, o zaman bu addım atıla bilər ki, bunun da qərarını Nazirlər Kabineti yanında Opreativ Qərargah verəcək. Hazırda isə biz öz işimizi görürük. Nazirliyin tərkibində pandemiya vəziyyəti ilə bağlı İşçi Qrup yaradılıb və prosesə nəzarəti saxlamaq üçün çalışırıq”.

 

# 3223
avatar

Aygün İbrahimli

Oxşar yazılar