Peşəkar ordusu olan Azərbaycanın muzdluya ehtiyacı yoxdur
24 sentyabr 2020 11:40 (UTC +04:00)

Peşəkar ordusu olan Azərbaycanın muzdluya ehtiyacı yoxdur

Ermənistanın Qarabağa Suriya və Livan ermənilərini, habelə PKK terrorçularını daşımasına dair faktlardan sonra “Moskovskiy komsomolets” və “Nesavisimaya qazeta” nəşrləri Azərbaycana qarşı sanki səlib yürüşünə çıxıblar.

 

Rusiyanın “Moskovskiy komsomolets” qəzeti ermənilərə qarşı döyüşmək üçün  Azərbaycana “islamçı terrorçular” gətirməsi haqda böhtan xarakterli məqalə dərc etdi. Elə “Nezavisimaya” da ondan geri qalmadı. Heç bir fakt və sübutun gətirilmədiyi, ermənilərin sifarişi olduğu şübhə doğurmayan bu yazılarda, ancaq erməni mətbuatında yayılan feyk xəbər və tezislərdən istifadə olunub.

Məqsəd isə birdir: Bu cür feyklər yaymaqla erməni tərəfi terror dəstələrini  işğal olunmuş ərazilərə gətirməsi haqda üzə çıxan faktları ört-basdır etmək, diqqəti Azərbaycanın üzərinə yönləndirmək məqsədi güdür.

Şübhəsiz ki, bu məqalələr iftira və dezinformasiyadır və Azərbaycana qarşı aparılan sirkli kampaniyanın tərkib hissəsidir.

Əslində zaman-zaman Ermənistan rəhbərliyində təmsil olunan Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan Dağlıq Qarabağa erməni köçünə rəvac vermələri sirr deyil. İndi də elədir. Ermənistan erməniləri Dağlıq Qarabağ köçmək istəmirlər. Çünki bilirlər ki, bu, müvəqqəti məskunlaşma olacaq. Azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar. Elə kənardan erməni köçünün də əsas səbəbi budur. İndiki köçlə bağlı bir önəmli detal da var:

Ermənistan zaman-zaman Azərbaycana qarşı terror qruplarından, muzdlulardan istifadə edir. ASOA, ASALA və digər qruplaşmalar dünyada ermənilərə məxsus terror təşkilatları kimi tanınıblar. Ermənilərə bağlı terror birliklərinin Qarabağ müharibəsində iştirakına dair yüzlərlə fakt var. Və  çox vaxt da Qarabağ onlara məzar olub

Ermənistan bu dəfə PKK kimi terror qurumunu işğal altındakı Azərbaycan torpaqlarında məskunlaşmalarına şərait yaradır. Türkiyə mətbuatının yazdıqları da bunu sübut edir. Türkiyənin “Sabah”, “Habertürk” kimi nüfuzlu qəzetləri artıq PKK-lıların Qarabağda yerləşdirilməsi ilə bağlı araşdırma yazılar dərc ediblər. Ermənistan, Azərbaycan və Türkiyə kəşfiyyatı tərəfindən aşkarlanmış, sübuta yetirilmiş bu faktları necə deyərlər malalamaq üçün “Moskovskiy komsomolets” kimi nəşrlərə üz tutur. Bu tip qəzetlərin səhifələrində dezinformasiyalarını yayırlar. Eyni məzmunlu materialın “Nezavisimaya qazeta”da da yayımlanması onu göstərir ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə terror dəstələrinin üzvlərini gətirmələri haqda üzə çıxan faktları ört-basdır etmək üçün ən çirkin yollar əl atırlar.

Amma ermənilər və onlara dəstək verən Rusiya mediasının təmsilçiləri anlamalıdırlar ki, artıq Azərbaycan və Türkiyə tərəfi onların bütün yalan və böhtanlarını ifşa etmək, bunun üçün lazımi faktları tapıb ortaya çıxarmaq gücündədirlər.

Erməni mənbələr guya Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində ermənilərə qarşı vuruşmaq üçün 200 muzdlu döyüşçünün göndərdiyini, hətta onlara yüksək əməkhaqqı verildiyi barədə cəfəng fikirlər yayırlar. Fikir verin, PKK döyüşçüləri ilə bağlı məlumat yayılan kimi ermənilər də ciddi şəkildə dezinformasiya hücumuna keçiblər ki, əməllərinə haqq qazandırsınlar. 

İndi siz, tviti skrin olunmuş və dünəndən sosial şəbəkələrdə yayılmış şəxsin dediklərinə baxın:

“Mən Həmzə divizionunun komandiri Seyf əbu Bəkirlə söhbət elədim və o, Həmzə" döyüşçülərinin Azərbaycana transferi barədə bütün iddiaları rədd etdi. Bunu həmçinin Türkiyə Ordusuna bağlı mənbələr də rədd edib”.  Bu açıqlama onların iddialarının ağ yalan olduğunu və Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi güddüyünü aydın göstərir.

Amma əksini sübut edən faktlar da  var. Ötən ilin elə bu vədələrində Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Təmirdən Ras əl-Ayn şəhərinə yollanmışdı. N.Ozanyan Fələstində, Dağlıq Qarabağda da döyüşüb və 2015-ci ildə Rakka şəhərində öldürülüb. Nubar Ozanyan adını daşıyan və terrorçulardan ibarət bir batalyonun Türkiyə ordusuna müharibə elan etməsi, həmin bölgədə terror təşkilatlarının tüğyan etməsini ortaya qoyub. Türkiyə ordusunun apardığı əməliyyatın məqsədi də məhz bu tip terror təşkilatlarını zərərsizləşdirmək və regionda sülhü təmin etməkdir. 

Bir məqamı isə unutmayaq; müharibə başlayanda hər şey bəlli olacaq. Haqq bizim tərəfdədir, biz qalib gələcəyik, bu, öz yerində. Bir də ki, bu gün Azərbaycan peşəkar, hazırlıqlı, ən müasir hərbi texnika ilə təmin olunmuş orduya malikdir. Bizim muzdlu köməyinə ehtiyacımız yoxdur.

 

# 1600
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar