“Həqiqətə inanaq, yoxsa ermənilərə?” – Tarixçi “Arsak” məsələsinə aydınlıq gətirir
22 sentyabr 2020 12:38 (UTC +04:00)

“Həqiqətə inanaq, yoxsa ermənilərə?” – Tarixçi “Arsak” məsələsinə aydınlıq gətirir

Bilgi sahibi olmadan fikir bildirmək çox zərərlidir. Təəssüf ki, biz tez-tez belə hallara rast gəlirik. Son günlər Arsakın erməni sözü olmasını iddia edənlər kimi. Siyasətçi, jurnalist, ümumiyyətlə, öz sahəsində peşəkar olduğunu iddia edən hər bir şəxs araşdırmadan hər hansı bir məsələ ilə bağlı fikir bildirməməlidir. Hər yanlış söz və hərəkət bumeranq kimidir, dönüb gəlib özünə dəyir...

Arsak sözünün erməni dilində olduğunu iddia edənlərin nəzərinə çatdırmaq istəyirik ki, erməni dilində bu sözün heç bir mənası yoxdur. Biz mənbələr əsasında bu sözün türk sözü olduğunun sübutunu, arqumentini irəli sürərkən, təəssüf ki, ermənilər əks-arqument kimi yalnız sizin bu cür qeyri-peşəkar iddialarınızdan yararlanacaqlar...    

Qarabağın dağlıq hissəsi VII əsrə qədər mənbələrdə Arsak adlanır. Bu söz türk dilində Ərsak (igid saklar) və Artsak (dağlıq saklar) mənalarında izah edilir. Bir bölgənin adının fərqli dönəmlərdə fərqli olması yalnız Qarabağın erkən orta əsrlərdə Arsak adlanması nümunəsində deyil. Məsələn, tarixi mənbələrdə VI əsrə qədər türk adına rast gələ bilməzsiniz. Ona qədər türklər hunlar, saklar və s. adlandırılmışdır. Onda bu məntiqlə, türklər VI əsrdə göydən səbət ilə düşdülər? Ölkəmizin adı VII əsrdən ərəblərin gəlişindən sonra Azərbaycan adlanmağa başlamışdır, bəlkə biz ərəbmişik, xəbərimiz yoxdur? Qədim və orta əsrlərdə bölgələrin adı ya orada yaşayan tayfalara (məs. Arsak, Qalliya, Britaniya və s.), ya da coğrafi xüsusiyyətinə görə (məs. Armeniya-Yüksək yer, Mesopotomiya-İkiçayarası və s.) adlanırdı. Armeniya demişkən, yəqin onu da bilmirsiniz ki, bu adın özü belə müasir ermənilərə aid deyil! Erməni sözü qədim arami dilində “yüksək (dağlıq) yer” mənasını verən Armeniya sözünün dəyişmiş formasıdır və etnik mənsubiyyəti bildirmir. Bu gün erməni dediyimiz tarixi, məişəti, maddi və mənəvi mədəniyyəti belə oğurluq olan xalq isə əslində haylardır, ölkələrini isə Hayastan adlandırırlar. Onlar Armeniya adlanan bölgəyə köçüb gələndə bura elə Armeniya adlanırdı.

İndi isə məsələ ilə bağlı mötəbər tarixi mənbələri və tarixşünaslığı diqqətinizə çatdırmaq istəyirəm:

1)     “Biz, eyni bir dildə danışan azərbaycanlıların indi yaşadığı ölkənin hər iki hissəsini Azərbaycan adlandırmaqla bərabər, hər bir müəyyən halda Azərbaycanın məhz hansı ərazisinin nəzərdə tutulduğunu, məsələn, onun şimal rayonları olan Arran (Albaniya), Şirvan, Sünik, Arsax, Uti, Girdiman, Şəki, Qəbələ, Dərbənd vilayəti, Beyləqanmı, yoxsa cənub rayonları olan Muğan, Bəzzeyn, Naxçıvanmı nəzərdə tutulduğunu aydınlaşdırırıq”. (Ziya Bünyadov, Azərbaycan VII-IX əsrlərdə. Bakı, 2007, səh.4)

 

2)     “Qeyd etməliyik ki, erməni knyazları arasında Babəkin müttəfiqi yox idi. Onun müttəfiqləri ancaq Sünik, Arsax, Şəki, Beyləqan və digər vilayətlərin hakimləri olan Alban knyazları idi”. (Ziya Bünyadov, Azərbaycan VII-IX əsrlərdə. Bakı-2007, səh.318-319)

 

3)     “Alban tayfaları Kürdən sağdakı torpaqlarda - Alban dövlətinin cənub vilayətləri Orxis-tena (Arsax), Uti (Qtena), Sodey və başqa bölgələrdə yaşamışlar.” (Süleyman Əliyarlının redaktorluğu ilə Azərbaycan tarixi, Bakı-1996, səh.93)

 

4)     “Kürdən güneydə Paytakaran, Arsax, Uti, Sünik vilayətləri yerləşirdi. …İndiki Yuxarı Qarabağ və Mil düzünün bir hissəsi Arsax vilayəti adlanırdı. … Vilayətdə qarqarlar, utilər, hunnlar, xəzərlər, basillər yaşayırdılar.” (Süleyman Əliyarlının redaktorluğu ilə Azərbaycan tarixi, Bakı-1996, səh.115)

 

5)     “Arsak sözünün mənşəyi indiyədək aydınlaşdırılmamışdır. Erməni, gürcü və İran dillərində bu toponim izah olunmur. Arsak toponiminin sak etnonimi ilə bağlı olması haqqında fikir diqqəti cəlb edir. Bəlkə də bu toponim qədim türk dillərindəki art (“dağlıq ərazi”) və sak etnonimindən ibarət olub “sak dağlıq ərazisi” mənasını verir.” (Qiyasəddin Qeybullayev, Qədim türklər və Ermənistan, Bakı, 1992, Səh.38-39)

 

6)     Arsak (qədim forması – Artsak) toponiminin mənşəyi və mənası diqqəti cəlb edir. Xoşbəxtlikdən erməni tarixçiləri çox baş sındırdıqdan sonra yazmışlar ki, Arsak ermənicə deyil. Eramızın ilk əsrləri ilə bağlı hadisələrdə qeyd olunan Artsax toponimi haqqında Azərbaycan tədqiqatçıları da çox yazmışlar. M. Seyidov bu toponimi doğru olaraq Artsax yox, Arsak kimi götürmüş və onun əvvəlində qədim türkcə ər “igid” , “döyüşçü” və s. durduğunu, bütünlükdə “igid sak” mənasını verdiyini yazmışdır. … Biz də əvvəl bu toponimin qədim türkcə art “dağlıq ərazi” sözündən və məkan bildirən –lak, -taq şəkilçisindən ibarət olduğunu yazmışdıq. Lakin son araşdırmalar göstərir ki, “Artsak” adını izah edərkən Balasakan toponimi müqayisəyə cəlb edilməlidir. Balasakan həm Arazdan cənubda, həm şimalda düzən sahənin qədim adıdır. İlk dəfə III əsrə aid fars mənbəyindən məlum olan bu toponimin biz türkcə pala (düzən, səhra) və sak etnonimindən ibarət olduğunu yazmışıq. Əgər bu fikir düzdürsə, onda “Artsak” toponimini də qədim türkcə art “dağlıq ərazi” sözündən və sak etnonimindən ibarət olması qəbul edilə bilər və belə nəticəyə gəlmək olar ki, düzən və dağlıq ərazilərdə yaşayan saklar müvafiq olaraq Balasakan “düzən sakları” və Artsak “dağlıq ərazi sakları” adlanmışdır. (Qiyasəddin Qeybullayev, Qədim türklər və Ermənistan, Bakı, 1992, Səh.72)

 

7)     İlkin orta əsr yazılı qaynağı Favstos Buzandasi təsdiq edərək məlumat verir ki, alban şahı Urnayrın dövründə-IV əsrdə  Uti, Sakasena, Girdiman, Arsax, … Alban dövlətinin tərkibinə daxil idi. ( Tofiq Məmmədov, Albaniya ilk orta əsrlərdə, səh.45)

 

8)     İlkin orta əsr yazılı qaynaqlarının məlumatlarına görə, Qafqaz Albaniyasının ilk orta əsrlərdə ən mühüm əyalətlərindən biri də Arsax (Artsak) olmuşdur. Toponimçilərin, dilçilərin, etimoloqların araşdırmalarına görə, Arsax (Artsak) toponiminin erməni dili ilə heç bir əlaqəsi yoxdur. Artsak sözü türk dilində art-dağlıq ərazi və sak sözlərindən ibarətdir. Sakdağlıq ərazisi mənasını verir. Arsaxın əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər və barsillər təşkil edirdilər. (Tofiq Məmmədov, Albaniya ilk orta əsrlərdə səh.45-46)

 

9)     Mən, Albaniya çarı Vaçaqan  ...və Arsax vilayətinin əyan və qəbilə başçıları, Kalankatuk qəbiləsinin başçısı Bakur və bir çox başqaları hamılıqla mənim məclisimə Aquen adlı yaylağıma gəldilər. (Musa Kalankatlı, Albaniya tarixi, səh.57)

 

10)    E.ə. 249-cu ildə dövlət quran Oğuzlar Sak türk tayfaları ilə birləşərək Arsaklar (Parfiyalılar) adı ilə dövlət qurmuşlar. (Türk tarixçisi M.Kırzıoğlu, Ani şəhərinin tarixi, səh.5. Ankara, 1982)

 

11)    Rus müəllifi A. Xazanov da təsdiq edir ki, Qarabağ əyalətinin biri olan Arsaq öz adını “cəsarətli” və “kişi” sözlərindən götürmüşdür. (Xazanov A. Социальная история скифов. M., 1985. Bax: A.Məmmədli, Ermənilərin gerçək tarixi, Bakı-2008, səh.16)

Beləliklə, mötəbər tarixi mənbələri və tarixşünaslığı bir qədər bilmək kifayətdir ki, Arsak ifadəsinin ermənilərlə (əslində haylarla) heç bir əlaqəsinin olmadığını anlayasan. Yəqin ki, iqtibas gətirdiyimiz böyük tarixçiləri tanıdınız. Yəqin ki, özünüz də etiraf edərsiniz ki, akademik Ziya Bünyadovun vətənpərvərliyinin və tarixi biliyinin fitrəsi belə bir ömür hamımıza bəs edər. Məsələ ilə bağlı onun fikirlərini oxumaq kifayətdir ki, çox mətləbi anlayaq. İnanıram ki, məsələ ilə bağlı az da olsa bilgi sahibi olmağınıza yardımçı olduq. Yanılmaq insana xasdır. Əsas odur ki, yanıldığımızı anlayaq. İndi seçim sadədir: ya həqiqətə inanacağıq, ya da adı belə oğurluq olan ermənilərə (əslində haylara)!

P.S. Erməni dərsliklərində Dağlıq Qarabağ (Artsakh) və ya Qarabağ (Artsakh) yazılır (Ermənistan tarixi, Yerevan Dövlət Universiteti nəşrləri, 2017, səh.7, səh.104 və s.), onda Qarabağ da erməni sözüdür? Həmçinin, tarixi Azərbaycan torpağı olan Şuşanı Şuşi adlandırırlar  (yenə orada, səh.113). Sizcə, Şuşa erməni sözüdür?..

Hafiz Cabbarov, tarixçi

 

# 7750
avatar

Oxşar yazılar