17:17
15 Sentyabr 2020

"Lotu Quli"nin yaxın adamının məhkəməsi olacaq - FOTO

Bakıda qanunsuz silah saxlamaqda təqsirləndirilən Tofiq Qaranizadənin barəsində cinayət işinin istintaqı başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüsal Qurbanovun icraatına verilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirib.

Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Onu da qeyd edək ki, Tofiq Qaranizadə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamıdır. O, bir neçə il əvvəl Bakıda "Bulaq" restoranında kriminal avtoritetlər arasında baş verən atışmada iştirak etdiyi üçün tutulub. Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilən Tofiq Qaranizadə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılıb.

Dİgər xəbərlər