1652
10:02
15 Sentyabr 2020

Azərbaycanda daha bir məmura cinayət işi açıldı

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsi sədrinin qanunsuz əməlləri aşkarlanıb.

Qazax rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, Ağstafa rayonu, Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Ariz Bayramovun tamah niyyəti ilə Dağkəsəmən bələdiyyəsinə məxsus 0.3 hektar torpaq sahəsinin satılması barədə qərara və kassa mədaxil orderinin qəbzinə vətəndaşın məlumatlarını, habelə 2006-cı il oktyabrın 6-da guya alqı-satqı aparılmasına dair qeydlər yazmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün imzası və bələdiyyənin möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər