685
16:22
11 Sentyabr 2020

Uşaqlarda məktəbdən öncə göz müayinəsi vacibdirmi?

Uşaqlar arasında daha çox miopiya, hipermetropiya, astiqmatizm kimi eynək tələb edən patalogiyalara, göz tənbəlliyi, gizli çəplik, anadangəlmə patologiyalara rast gəlinir.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, bunu həkim-oftalmoloq, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Ülfət Cəfərova deyib.

“Məktəbdən öncə göz müayinəsi niyə vacibdir?” sualına cavab olaraq həkim bildirib ki, uşaqlarda rast gəlinən göz xəstəlikləri vaxtında aşkarlandıqda müalicəsi də effektiv olur. Müayinə zamanı nə uşağın, nə də valideynin bilmədiyi, xəbərdar olmadığı patologiyalar ortaya çıxa bilər: “Vaxtında aşkarlanmış refraksiya dəyişiklikləri eynəklə korreksiya olunmaqla, gözləri yüksək görmə ilə təmin edir və göz tənbəlliyinin qarşısı alınmış olur. Uşaqlıqda aşkarlanmış bəzi çəplik növləri də əməliyyatsız uğurla müalicə olunur. Bəzən yaşıdlarından dərsdə geri qalan və ya yazı xəttində səliqəsizlik, əyriliklər olan uşaqların görməsi yoxlanılmalıdır. Belə ki, miopiya adlı refraksiya dəyişikliyi əsasən məktəb illərində yaranır.

Miopiya xəstəliyinin qarşısının vaxtında alınması üçün mütəmadi olaraq müayinə edilməsi vacibdir. Distant formatda keçirilən tədris zamanı uşaqların gözünə daha çox yük düşür. Bunun üçün dərs saatları arasında fasilələr verilməli, uşağın otağı keyfiyyətli işıqlandırılmalı, monitordan aralılıq məsafəsi qorunmalı, yüngül idman hərəkətləri öyrədilməli və göz gimnastikası izah edilməlidir. Məktəblilər dərsdən sonra yaşıllıqda gəzməli və açıq havada çox vaxt keçirməlidirlər. Qida rasionunda qırmızı və sarı çalarlı meyvə-tərəvəzlərə, balıq, süd məhsullarına üstünlük verməlidirlər”.

Dİgər xəbərlər