Bina tikmək üçün ağacları kəsən şirkətə cinayət işi açıldı
11 sentyabr 2020 12:42 (UTC +04:00)

Bina tikmək üçün ağacları kəsən şirkətə cinayət işi açıldı

Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahəsində ağac və kolların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla “Real-Park”ın yaşayış binası tikintisi məqsədilə ərazidə təmizlik işləri apararkən 29 ədəd ağac və kolun məhv etməsi nəticəsində təbiətə 14 min 880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, bu il avqustun 25-i verilən aktdan, sentyabrın 3-də olan baxış protokolundan və ETSN-nin tabeliyində olan “Geodeziya və Kartoqrafiya” MMC-dən əldə edilmiş 2019-cu il və əvvəlki illərə aid peyk görüntülərindən ərazinin mərkəz hissəsində də yaşıllıqların məhv edilməsi və həmin yerin tikinti altına düşməsi müəyyən edilsə də, ETSN-nin tabeliyində olan Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş rəyə ərazinin bir hissəsində məhəllədaxili yaşıllıqların mövcud olması, nəzərdə tutulmuş tikinti işlərinin ərazinin yaşıllıqlardan azad hissəsində həyata keçiriləcəyi barədə bilə-bilə yalan məlumatların daxil edilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Xətai rayon prokurorluğuna tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

# 1717
avatar

Mehman Nəbiyev

Oxşar yazılar