1996
15:00
05 Sentyabr 2020

Uşaqlarda yayda yaranan qulaq iltihabı: əsas əlamətlər hansılardır?

Dəniz və hovuz suları uşaqlarda qulaq xəstəliklərinə səbəb olur. Qulağa su düşdüyü zaman qulaqda olan kir şişir və qulaqda nəmlik və doluluq hissinin yaradır. Bu vəziyyət uzun müddət davam edərsə, iltihablanmaya səbəb ola bilər.

e-tibb.az xəbər verir ki, bunu otorinolarinqoloq, tibb üzrə fəlsəfə doktoru Mərkəzi Gömrük Hospitalının həkimi Aynur Vəliyeva bildirib. “Yay mövsümündə uşaqların qulaqlarını iltihablaşmadan necə qoruyaq” sualına cavab olaraq həkim deyib ki, bu halların yaranmasının qarşısını almaq üçün dəniz və hovuz mövsümündən əvvəl mütləq şəkildə müayinə üçün otorinolarinqoloqa müraciət olunmalıdır:

"Ən çox hovuz sularında bakteriya və göbələklər artır və infeksiyaya səbəb olur. Hovuz sularında istifadə olunan xlorlu antiseptik maddələr allergiyası olan uşaqlarda yevstax borusunda ödəm yaradır. Bu ödəm isə orta dərəcəli qulaq iltihablaşmasına səbəb olur. Bu halda medikal müalicə edilməlidir. Qulaq pərdəsi dəlik olan və parasentez boru qoyulmuş uşaqlar qulaq tıxacları olmadan dənizə girməsi tövsiyə olunmur.

Qulaq tıxaclarının taxılması yalnız qulaq pərdəsi dəlik olan insanlara tövsiyə olunur. Əks təqdirdə hava sirkulyasiyası təzyiq fərqi yaratdığı üçün qulaq pərdəsinin dəlinməsinə səbəb ola bilər".

Mütəxəssis bildirib ki, qulaq iltihabı xəstəliyinin əlamətlərinə çənə hərəkətləri zamanı qulaqda ağrı və qaşıntı hissi, sarı yaşıl axıntının olması, qulaqda doluluq hissi, eşitmə azlığı aiddir. Qulaq xəstəliyi olduğu halda qulaqları quru saxlamaq, qulaq tıxaclarından uzunmüddətli istifadə olunmamalıdır.

Lor-həkim bildirib ki, qulaqlar üçün uyğun mühit Ph 7.2-7.6 arasında olmalıdır. Qulağa su düşdüyü zaman başı yana çevirərək təmiz bezlə qurulamaq lazımdır. Saç fenini 50-60 sm. məsafədən qulağa tutaraq qurutmaq lazımdır.

A. Vəliyeva, qulaqlardan iltihablı axıntı olduğu zaman otorinolarinqoloqa müraciət etməi tövsiyə edib.

Dİgər xəbərlər