Məlum olduğu kimi, bu il ali məktəblərə qəbul imtahanları ötən ilkilərdən fərqli olaraq keçirilib. Bu isə bəzi abituriyentlərin və valideynlərin narazılığına səbəb olub.
Mövzu ilə əlaqədar Lent.az imtahan nəticələri ilə bağlı təhsil ekspertləri Kamran Əsədov və Elçin Əfəndi ilə əlaqə saxlayıb.
Saytımıza ilk olaraq danışan K.Əsədov xatırladıb ki, imtahanlar koronavirus pandemiyasına görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğu dövrdə bir neçə dəfə təxirə salınandan sonra keçirilib:
“Pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Bu il təşkil olunan imtahanlar pandemiya səbəbindən tamamilə yeni formatda təşkil edilmişdi. Belə ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməli idilər. Bütün imtahan boyu şagirdlər maskanı çıxarmaq qadağan idi və bütün proses boyu istifadə olunmalı idi”.
Təhsil eksperti qeyd edib ki, Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzi tərəfindən bir neçə imtahan binasının qarşısında monitorinq aparılıb:
“Düşünürdük ki, uzun müddət orta məktəblərdə, hazırlıq kurslarında və repetitorluqda ənənəvi dərslərin dayanması və imtahanlarda situasiya tipli testlərdən istifadə edilməsi imtahan nəticələrinə mənfi təsirini göstərəcək. Çünki heç də bütün şagirdlər onlayn dərslərə qoşula bilmədi və onlayn dərslərin də keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağı idi.
Həmçinin əvvəlki illərlə müqayisədə bu il abituriyentlər sistemli şəkildə ali məktəblərə hazırlaşa bilmədilər, amma imtahandan çıxan şagirdlər imtahanları yaxşı verdiklərini, onların imtahan nəticələrinin yaxşılaşmasına Təhsil Nazirliyinin təşkil etdiyi teledərslərin və virtual məktəbin böyük köməyi olduğunu bildirdilər. Digər tərəfdən Dövlət İmtahan Mərkəzinin (DİM) pulsuz onlayn sınaq imtahanlarının olması, qəbul imtahanlarını təşkil etməsi nəticədə şagirdlərin 3 martdan dayanmış tədrisdən sonrakı zamanda şagirdlərin bilik və bacarıqlarının artmasına, öyrəndiklərini təkrarlamağa imkan verdiyini bildirdilər".
K.Əsədov əlavə edib ki, imtahan zamanı DİM tərəfindən təqdim edilən test tapşırıqlarında mart ayından sonrakı mövzulardan sualların olmaması, test tapşırıqlarının ağırlıq səviyyəsinin mövcud vəziyyət nəzərə alınmaqla təşkil edilməsi şagirdlərin nəticələrinə müsbət təsir göstərib:
“Hesab edirəm ki, bu gün formatda mövcud şəraitdə bütün növ imtahanların təşkili mümkündür və bu imtahan qrafiklərini vaxtında yerinə yetirməyə imkan verəcək. Düzdür, bəzi şagirdlər zala daxil olmadan öncə hərarəti yoxlanılmasından narahat olsalar da, bu istiqamətdə ciddi bir problem yaşanmadı.
Zənnimcə yeni imtahan modelindən üzü ağ çıxa bildik. Artıq bu il 2 abituriyent onlara təqdim edilən bütün test tapşırıqlarına doğru cavab verərək 700 bal toplayıb. Amma 2019-cu ildə 700 bal toplayan abituriyent olmamışdı”.
Təhsil eksperti Elçin Əfəndi isə düşünür ki, imtahan tarixlərinin, eləcə də ali təhsil müəssisələrinə ərizə qəbul tarixlərinin bir neçə dəfə dəyişdirilməsi abituriyentlərdə həyəcanların daha da artmasına gətirib çıxarıb:
“Pandemiya ilə əlaqədar dərslərin distant formada olması şagirdlərin bir çoxunun mövzulardan, proqramlardan geri qalmasına gətirib çıxardı. Eyni zamanda buraxılış imtahanlarının gec keçirilməsi istər-istəməz abituriyentlərin mənfi nəticələr əldə etməsinə səbəb oldu”.
Ekspert diqqətə çatdırıb ki, DİM müəyyən mövzuları proqrama daxil etməsə də, imtahan abituriyentlər üçün çətin olub:
“Bununla bağlı abituriyentlər də bizə bildirdilər və sosial şəbəkələrdə də bununla bağlı fikirlərə tez-tez rast gəldik.
Xatırladım ki, abituriyentlər imtahan prosesi müddətində maska ilə oturdular və bu onların nəticələrinə az da olsa təsir edə bildi. Həmçinin şagirdlərin pandemiya səbəbindən məşğələlərdə aktiv iştiraklarının azalması da onların zəif nəticə göstərmələrinə səbəb oldu.
Son olaraq qeyd edim ki, əvvəlki dövrlərlə müqayisə etdikdə apelyasiyaya müraciət edənlərin sayı da çətinliklərlə bağlı artıb”.