Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu Bakı Nəqliyyat Agentliyinin taksi şirkətlərinin fəaliyyəti ilə bağlı yeni konsepsiyası və özəl sektora dövlət dəstəyi ilə əlaqədardır.
Məlumdur ki, özəl sektorun inkişafı uzun illərdir dövlətin əsas prioritet məsələlərindən biridir. BNA-nın sözügedən konsepsiyası barədə məlumatlar ortaya çıxandan sonra mövzu medianın və sosial şəbəkələrin əsas gündəmini təşkil edir. Qurumun özəl şirkətlərə müdaxiləsi sosial şəbəkə istifadəçilərinin, o cümlədən, ictimaiyyət nümayəndələrinin kəskin etirazı ilə qarşılanıb. Bəs görək, dövlət qurumu taksi şirkətlərinin fəaliyyətinə müdaxilə etməklə hansı qanunları pozur?
Rubrikamızın sualına hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Həmsöhbətimiz bildirib ki, BNA sözügedən yenilikləri gətirməklə Konstitusiyanın bir neçə maddəsini kobudcasına pozur:
“Konstitusiyamızda birmənalı qeyd olunur ki, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək niyyətimiz var. BNA isə yeni konsepsiyası ilə bu niyyəti də pozur. Bundan başqa 13 cü maddəyə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu taksi şirkətləri də şəxslərin özəl mülkiyyətidir. Bir gecədə onları ləğv edib, qiymət tarifinə müdaxilə etmək Konstitusiyanın 13-cü maddəsini də darmadağın edir. 15-ci maddədə isə qeyd olunur ki, dövlət iqtisadiyyatın müxtəlif növlərinin inkişafına təminat verir və özəl sektorun inkişafında maraqlıdır. BNA-nın bu yeniliyindən belə çıxır ki, dünyadan fərqli olaraq, Azərbaycanda özəl şirkətlər də dövlətə tabe olmalıdır. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
Ancaq görünən odur ki, BNA bunun əksini etmək istəyir. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Konstitusiyamızda inhisarçılıq və haqsız rəqabət birmənalı olaraq, qadağan olunub və özəl şirkətləri bir əldə cəmləmək haqsız rəqabətə gətirib çıxarır. Nəticədə özəl şirkətin zəifləməsi də dövlətin iqtisadi tənəzzülünə səbəb olacaq. BNA-nın şöbə müdiri yanlış olaraq, dedi ki, taksi şirkətləri arasında süni rəqabət var. Ancaq bir tərəfdən neftin ucuz olması və ölkədə iki dəfədevalvasiyanın olmasına baxmayaraq, əksinə şirkətlər arasında azad rəqabət gedir. Unutmayaq ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmalıdır”.