1876
18:26
26 Avqust 2020

Köhnə “Bakı” qayıdır: “Baki-Baku.az” saytının təqdimatı keçirildi

Bu gün “Bakı” və “Baku” qəzetlərinin Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yaradılmış elektron versiyası - “Baki-Baku.az” saytının onlayn rejimdə təqdimat mərasimi keçirilib.

Mətbuat Şurasından Lent.az -a verilən məlumata görə, şuranın sədri Əflatun Amaşov “Bakı” və “Baku” qəzetlərinin Azərbaycanın mətbuat tarixində oynadığı rola diqqət çəkib. O bildirib ki, “Bakı” qəzeti 1958-ci ildə axşam qəzeti kimi işıq üzü görüb. 1963-cü ildə rus dilində "Baku" qəzeti də şəhər qəzeti kimi fəaliyyətə başlayb və Bakı şəhər Sovetinin orqanı olub.

Ə.Amaşov vurğulayıb ki, qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaqdan ibarət idi. Ancaq nəşrlərin qurucusu və redaktoru, Azərbaycanın görkəmli jurnalisti, publisisti, sözün əsl mənasında böyük ziyalısı Nəsir İmanquliyev onları ümumxalq qəzetlərinə çevirib.

“Bakı” və “Baku” qəzetləri Nəsir İmanquliyevin nəinki Azərbaycanın mətbuat tarixində, ümumən ölkəmizin XX əsr tarixində qalacaq son dərəcə müstəsna xidmətidir. Kişilik, mərdlik simvolu kimi yadda qalmış Nəsir müəllim hər iki nəşri peşəkar və prinsipial jurnalistika məktəbinə çevirib. O məktəbin müdavimləri sırasında Azərbaycanın ictimai rəyində öz imzaları, dəst-xətləri ilə seçilmiş insanlar bu gün də var.

“Bakı” və “Baku” qəzetlərində mütəmadi çıxışlar etmiş görkəmli şəxslər nəinki öz fikirlərini yaymış, eyni zamanda milli özünüdərkin, milli mədəniyyətimizin dirçəldilməsində və tərəqqisində son dərəcə vacib rol oynayıblar. Yalnız Nəsir müəllimin deyil, elə onların da daşıdıqları zəngin mənəvi irsin yaşadılması və gələcək nəsillərə çatdırılması qarşıda duran mühüm vəzifələrdəndir. Əminəm ki, təqdimatına toplaşdığımız sayt üzərinə düşən məsuliyyəti doğruldacaq. Bəli, sevindirici haldır ki, Nəsir müəllim kimi böyük kişinin irsinin yaşadacaq elektron media orqanı fəaliyyətə başlayır. Özü də məhz belə bir gündə - onun nəvəsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günündə. Fürsətdən istifadə edib toplantı iştirakçıları adından Mehriban xanımı təbrik edir, ona uğurlar arzulayıram”, - Ə.Amaşov vurğulayıb.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair-yazıçı Yusif Nəğməkar, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları “Bakı” və “Baku” qəzetlərinin mövzu dairəsi baxımından paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını tam əhatə etmələrinə diqqət çəkiblər, xatirələrini bölüşüblər. Onlar nəşrlərin tez bir zamanda populyarlaşmasında Nəsir İmanquliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıblar. Bildiriblər ki, peşəkarlıq, qayğıkeşlik, alicənablıq nümunəsi - N.İmanquliyev həm də yüksək təşkilatçılığı ilə də örnək sima olmuşdur.

Natiqlər N.İmanquliyevi vətənpərvər ziyalı kimi xarakterizə edən cəhətlərdən də geniş söz açıblar. Onun daşıdığı milli ruhun rəhbərlik etdiyi qəzetlərin dəst-xəttinə təsir göstərdiyini önə çəkmiş toplantı iştirakçıları diqqəti nəşrlərdə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəslinin yetişməsinə yönəldiblər. Bu sırada B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca görkəmli şəxsiyyətlərin adları ehtiramla çəkilib. Çıxış edənlər eyni zamanda “Bakı” və “Baki” qəzetlərinin bu gün zamanın tələblərinə uyğunlaşdırılaraq fəaliyyət yoluna qədəm qoymasından məmnunluqlarını dilə gətiriblər.

“Bakı-Baku.az” saytının redaktoru, filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli N.İmanqulieyin daşıdığı zəngin mənəvi və mətbu irsin yaşadılmasına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, 30 illik fasilədən sonra bu irsin müasir dövrün tələbləri baxımından onlayn versiyada davamının əhəmiyyətini əsaslandırıb. “Ümüdvaram və inanıram ki, “Baki-Baku.az” saytı onlayn media orqanları sırasında öz layiqli yerini tutacaq, nümunəvi fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin dəqiq, qərəzsiz, düşündürücülük baxımından peşəkar nümunələrlə təminatında sözünü deyəcəkdir”, - deyə Ş.Cəlilli bildirib.

Qeyd edək ki, redaktoru filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli olan “Bakı-Baku.az” saytının məsləhətçisi respublikanın əməkdar jurnalisti Ağahüseyn Hüseynovdur. Toplantıda sayt iştirakçılara təqdim edilib. Müzakirələr gedişində onun fəaliyyətinin təşkili və səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər qruplaşdırılıb.

Səslənmiş, həm yaradıcılıq, həm də texniki baxımdan əhəmiyyət daşıyan təkliflərin yaxın vaxtlarda saytda tətbiqinə başlanılacaq və tezliklə “Bakı-Baku.az”ın fəaliyyət intensivliyi tam təmin ediləcək.