Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Daulat Giri Ci Maharac Hindistanda fəaliyyət göstərən Xarəşvari dini təriqətinin üzvüdür. Bu dini cərəyanın davamçıları mənəvi kamilliyə çatmaq və tövbə etmək məqsədilə daim ayaq üstə qalmağa and içirlər. Rahib də beş il əvvəl bu andı qəbul edib və o vaxtdan bəri oturmaqdan tamamilə imtina edib.
Daulat Giri Ci Maharac uzanaraq yatmır. İstirahət etmək üçün xüsusi kəmərlərdən və asılı vəziyyətdə saxlayan qurğulardan istifadə edir. Yuxu zamanı isə bədəni xüsusi yelləncəyə bənzər dayaqlara söykənir və ayaq üstə vəziyyətdə mürgüləyir.
Lakin bu qeyri-adi həyat tərzi onun sağlamlığına ciddi təsir göstərib. Uzun müddət ayaq üstə qalması nəticəsində rahibin ayaqları güclü şəkildə şişib, qan dövranının pozulması səbəbindən dərisinin rəngi də qaralıb.
Həkimlər bildirirlər ki, illərlə fasiləsiz ayaq üstə qalmaq insan sağlamlığı üçün olduqca təhlükəlidir. Bu vəziyyət xroniki ödem, qan damarlarının zədələnməsi, varikoz genişlənməsi və dərin venaların trombozu kimi ağır fəsadlara səbəb ola bilər.
Bütün bu risklərə baxmayaraq, rahib andından dönmək fikrində deyil. Yaşadığı məbəddə könüllülər ona gündəlik qulluq edir, hərəkət etməsinə kömək göstərir və ayaqlarına müalicəvi məlhəmlər çəkirlər.
Daulat Giri Ci Maharac isə bütün çətinliklərə rəğmən dini vəzifəsini davam etdirməkdə qərarlı olduğunu bildirir.