Bakıda kişi sevgilisini vəhşicəsinə döyüb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, 33 yaşlı Azad İmanov yaşadıqları evdə qısqanclıq səbəbindən qeyri-rəsmi münasibətdə olduğu qadının telefonuna baxmaq istəyib. Lakin qadın buna icazə verməyib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Azad yumruq və plasmas boru ilə zərərçəkənin bədəninin müxtəlif yerlərinə vuraraq, xəsarətlər yetirib.
Qadının şikayəti əsasında Azad İmanov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən və zərərçəkən şəxslər məhkəmədə ifadələri zamanı barışdıqlarını bildiriblər. Zərərçəkən qadın ona dəymiş ziyanın ödənildiyini, sevgilisinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Azad İmanov məsuliyyətdən azad olunub.