Səhər tezdən oyanmağı sevən insanların sayı, adətən, oyanmaqda çətinlik çəkənlərdən daha azdır. İşə və ya dərsə gecikməkdən ehtiyat edən bir çox insan iki, üç, hətta daha çox zəngli saat qurur ki, mütləq vaxtında oyansın. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş yuxu keyfiyyətinə və sağlamlığa mənfi təsir göstərə bilər.
Lent.az bu zərərləri təqdim edir:
Ardıcıl bir neçə zəngli saat niyə zərərlidir?
Hər səhər bir neçə zəngli saatın səsi ilə oyanmaq yuxunun sürətli göz hərəkətləri (REM) mərhələsini tez-tez pozur. Səhər dəfələrlə oyanmaq gündəlik məhsuldarlığa, yaddaşın möhkəmlənməsinə və öyrənmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bu vərdiş "yuxu ətaləti" adlanan vəziyyət yaradır. Nəticədə insan gün ərzində daha yuxulu, yorğun və əsəbi olur. Bundan əlavə, stress hormonu olan kortizolun səviyyəsi artır. Zəngli saat hər dəfə çaldıqda orqanizm "mübarizə apar və ya qaç" reaksiyasına keçir. Buna görə də səhər dəfələrlə oyanmaq bədən üçün əlavə stress yaradır.
"Beş dəqiqə də yatım" düşüncəsi niyə fayda vermir?
Bir çox insan hesab edir ki, zəngli saatı təxirə salmaqla əlavə bir neçə dəqiqə yatmaq daha rahat oyanmağa kömək edir. Lakin mütəxəssislər bunun əksini deyirlər. Yenidən yuxuya getmək cəhdi beynin və orqanizmin normal yuxu ritmini pozur. Bu qısa yuxu yuxu dövrünün tam hissəsi olmadığı üçün bədən ondan heç bir fayda əldə etmir. Əksinə, oyandıqdan sonra yorğunluq və halsızlıq hissi daha da artır.
Səhər rahat oyanmaq üçün zəngli saatı necə qurmaq lazımdır?
Ən yaxşı üsul bioloji saatı pozmamaq və hər gün eyni rejimə riayət etməkdir. Bu, orqanizmin təbii yuxu ritmini formalaşdırmasına kömək edir. İnsan beyni yeni vərdişlər formalaşdırmağa qadirdir. Buna görə də müəyyən müddət bu rejimə əməl etdikdən sonra erkən oyanmaq daha asan olacaq.
Telefonu çarpayıdan uzaqda saxlayın
Zəngli saat kimi istifadə olunan telefonu otağın digər tərəfində saxlamaq məsləhət görür. Belə olduqda, zəngi söndürmək üçün məcburən yataqdan qalxmalı olursunuz. Ayağa qalxdıqdan sonra yenidən uzanmaq ehtimalı da azalır. Səhər yalnız bir zəngli saat qurmaq daha düzgün seçimdir.
Oyanmağı asanlaşdıran sadə üsullar
Mütəxəssislər yuxudan ayılma prosesini sürətləndirmək üçün oyandıqdan dərhal sonra bir stəkan su içməyi, yüngül idman hərəkətləri etməyi, üzü yumağı və ya tualetə getməyi tövsiyə edirlər.