09:01
30 İyul 2020

Dünyada bu gün - VİDEO

FƏXRƏDDİN MUSAYEV

(1957-1992)

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musa oğlu Musayev 30 iyul 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində doğulub. 1964-1974-cü illərdə burada təhsil alıb. 1975-ci ildə hərbi xidmətə çağırılıb, Çexoslovakiyada və Orenburq vilayətində xidmət edib. 1982-ci ildə Mülki Aviasiya Məktəbini bitirib. Milli Ordu yaranandan sonra Vətənə dönüb və Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Baş leytenant Fəxrəddin Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonu uğrunda döyüşlərdə həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, bir oğlu yadigar qalıb.

NADİR ƏLİYEV

(1962-1993)

Azərbaycanın Milli Qəhrəmanı Nadir Alış oğlu Əliyev 1962-ci il iyulun 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulub. Bakı Politexnik Texnikumunda və Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1991-ci ildə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini bitirib. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Ağdərə və Ağdam rayon şöbələrində baş əməliyyat müvəkkili işləyib. MTN-in xüsusi təyinatlı dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd, Qiyaslı kəndlərində gedən döyüşlərdə rəşadət göstərib və 1993-cü il iyulun 22-də qəhrəmancasına həlak olub. Nadir Əliyev Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Suraxanı rayonundakı 282 saylı orta məktəb onun adını daşıyır, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

AQİL MƏMMƏDOV

(1969-1992)

Azərbaycanın Milli Qəhrəmanı Aqil Saməd oğlu Məmmədov 1969-cu ilin bu günü Qubadlı rayonunda dünyaya göz açıb. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirib. Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnib. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlayıb. 1987-ci ildə hərbi xidmətə yollanıb, 1988-ci ildə isə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq vətənə qayıdıb və Qubadlı rayon özünümüdafiə taboruna qoşulub. Ermənistanla sərhəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. Aqil Məmmədov 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşlərdən qayıdarkən minaya düşərək şəhid olub və Qubadlı rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Qubadlıda və Gəncədə adına küçələr var.

ƏHMƏD ABDULLAYEV

(1976-2010)

Şəhid Əhməd Hüseynağa oğlu Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabad rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, İstanbul şəhər Hərbi Məktəbində və Ankara Hərb Akademiyasında təhsil alıb. Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə) keçirilən hərbi təlimlərdə iştirak edib. Xüsusi təyinatlı dəstədə qrup komandiri vəzifəsində çalışıb. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu il sentyabrın 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

ARNOLD ŞVARTSENEGGER

(1947)

Avstriya mənşəli ABŞ aktyoru, bodibilder Arnold Alois Şvartsenegger 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. 1965-ci ildə bodibildinq üzrə "Mister Avropa" yarışmasında qalib gəlib, iki il sonra isə dünyanın ən gənc "Mister Dünya" titulunu qazanmış idmançı olub. Daha sonra Hollivuda üz tutaraq, özünü aktyor kimi sınayıb və bir çox məşhur filmlərə çəkilib. Bir filmə görə 30 milyon dollar qonorar alan ilk aktyor kimi tarixə düşüb. Viskonsin Universitetində təhsil alıb, 1979-cu ildə isə biznes və beynəlxalq iqtisadiyyat üzrə dərəcə alıb. Bədən tərbiyəsi və idman üzrə Prezident Şurasının sədri, məktəblilərin sinifdənxaric məşğələlərinin keçirilməsi üzrə qanun layihəsinin təşəbbüsçüsü, Kaliforniya ştatının 38-ci qubernatoru olub.

OTTO FON BİSMARK

(1815-1898)

Almaniyanın görkəmli siyasi xadimi Otto fon Bismarkın anım günüdür. O, 1815-ci il aprelin 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda kiçik zadəgan ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1832-ci ildə Gettingendəki Georq Avqust Universitetində hüquq elmini öyrənib. 1847-ci ildə 32 yaşında ilk dəfə olaraq yeni yaradılmış Prussiya Landtaqına (parlamentinə) deputat seçilmək arzusuna düşüb, bunun üçün hətta toyunu da müvəqqəti olaraq təxirə salıb və 11 may 1847-ci ildə parlamentə seçilib. 26 fevral 1849-cu ildə yenidən deputat olub. 1851-ci ildə Frankfurt Landtaqında Prussiyanın rəhbərlik etdiyi Alman İttifaqının təmsilçisi təyin edilib. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti, sonra isə həm Prussiyanın, həm də Şimali Alman İttifaqı və Almaniyanın kansleri olub. Onun Prussiyası Danimarka, Avstriya və Fransa ilə apardığı müharibələrdən qalib çıxaraq Avropada ən güclü dövlətə çevrilib. Apardığı siyasət nəticəsində Almaniya həm birləşərək güclənib, həm də qonşuları ilə münasibətlərini qaydaya salıb. Bismark 1898-ci ilin iyulunda vəfat edib.

CƏMO BƏY CƏBRAYILBƏYLİ

(1887-1965)

Pedaqoq, ictimai xadim Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəylinin xatirə günüdür. O, 29 yanvar 1887-ci ildə Şamaxı şəhərində anadan olub. Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxuyub. 1908-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 1919-cu ilə kimi Şamaxıda müəllim işləyib. Bakı mətbuatında, əsasən «Məktəb» jurnalında uşaq pyesləri, hekayə və şeirlər dərc etdirib. 1922-ci ildə ali pedaqoji kursları, 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirib. Müxtəlif illərdə Sənaye Akademiyasında, Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda işləyib. Azərbaycanda pedaqoji kadrların hazırlanmasına böyük əmək sərf edib. Bir sıra dərsliklərin, 30-dan çox elmi-metodik kitabın müəllifidir. Cəmo bəy Cəbrayılbəyli 1965-ci ilin iyulunda Bakıda dünyasını dəyişib.

XƏYYAM MİRZƏZADƏ

(1935-2018)

Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq, professor Xəyyam Hadı oğlu Mirzəzadə də bu gün xatırlanır. O, 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib, həmin ildən orada çalışıb və 1969-1983-cü illərdə kafedra müdiri olub. Əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və başqa ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. "Şöhrət", "Şərəf" ordenləri, Lenin komsomolu mükafatı və Azərbaycanın Dövlət Mükafatına layiq görülüb. Xəyyam Mirzəzadə 2018-ci ilin iyulunda dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.

RAUF ŞƏFİYEV

(1937-1999)

Azərbaycanda sambo və cüdonun banilərindən biri, Azərbaycan və Rusiyanın əməkdar məşqçisi, mühəndis, idman xadimi Rauf Bəbir oğlu Şəfiyevin anım günüdür. O, 1937-ci il avqustun 2-də Bakıda anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Ömrü boyu mühəndis kimi müxtəlif idarə, təşkilat, istehsalat və elmi-tədris mərkəzlərində işləyib. Bir sıra elmi məqalələrin müəllifidir. Sambo və cüdo kimi güləşmə növlərinin Azərbaycanda yaradılması və inkişafında böyük rolu olub. Məşqçilik fəaliyyətinə 1959-cu ildə Bakı Dənizçilik Məktəbində başlayıb, daha sonra "Vodnik" və "Dinamo" idman cəmiyyətlərində fəaliyyət göstərib. 1965-1973-cü illərdə sambo üzrə Azərbaycan yığma komandasının məşqçisi olub, respublika və ümumittifaq turnirlərində hakimlik edib. Rauf Şəfiyev 1999-cu ilin iyulunda vəfat edib.

SOFİYA HÜSEYNOVA

(1926-2015)

Azərbaycanın xalq artisti, aktrisa Sofa Həsən qızı İsmayılovanın (Sofiya Hüseynova) xatirə günüdür. O, 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Naxçıvanda orta məktəbi bitirib. 1944-cü ildən Naxçıvan Dövlət Dram Teatrının truppasına daxil olub, 1945-ci ildə qısa müddət Zaqatala teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb və ömrünün sonunadək burada fəaliyyət göstərib. Bu teatrın səhnəsində bir sıra yaddaqalan obrazlar yaradıb. "Şöhrət" ordeni ilə təltif edilən Sofiya Hüseynova 2015-ci ilin iyulunda Naxçıvanda vəfat edib.

Dİgər xəbərlər