2695
16:04
29 İyul 2020

Belə ucuz “sensasiya” yaratmaqda məqsəd nədir? - Agentlikdən AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdəki bəzi səhifələrdə 2 saylı Bakı DOST Mərkəzinin eksteryer dizaynında, guya Ermənistan bayrağını xatırladan rəng çalarlarından istifadə olunması barədə məlumatlar paylaşılıb.

Lent.az xəbər verir ki, bu barədə DOST Agentliyinin mətbuat xidmətinin rəhbəri Şahin Əliyev özünün "Facebook" profilində məlumat paylaşıb. Qurum rəsmisi bu haqda ilk paylaşım edən səhifəinin xaricdən idarə olunduğunu qeyd edib:

"İlk növbədə bunu qeyd edək ki, paylaşılan şəkildə binanın üzərindəki rənglər təhrif edilib. Niyə bunu ediblər? Niyə məhz indi, həmin mərkəzin açılışından 7 ay sonra ediblər? Belə ucuz “sensasiya” yaratmaqda məqsəd nədir? - Bunun səbəbini dəqiq deyə bilmərik. Sadəcə bir faktı qeyd edək ki, məlumatı ilk paylaşan səhifə xaricdən idarə olunur".

Şahin Əliyev həmçinin bildirib ki, binada əks olunan rənglər yaşı minilliklərlə ölçülən qədim Azərbaycan kilimlərinin rəngləridir:

"Binanın üzərindəki rənglərə gəldikdə isə biz hələ DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzinin açılışı vaxtı ictimaiyyətə məlumat vermişdik ki, burada qədim Azərbaycan kilimlərinin rəng çalarlarından istifadə edilib. Əgər hər hansı bir qondarma bayraqda bu rənglərdən istifadə edilibsə, bu o demək deyil ki, biz onlardan imtina etməliyik. Bu bizim tariximiz, mədəniyyətimizin rəngidir. Bu, yaşı minilliklərlə ölçülən qədim mədəniyyətimizin vacib tərkib hissəsi – Azərbaycan kilimlərinin rəngləridir. Azərbaycan xalqı bu rənglərdən istifadə edəndə, bu rəng çalarları Azərbaycan mədəniyyətinin, məişətinin bir hissəsi olanda Ermənistan heç mövcud deyildi.

Düşünürük ki, biz düşmənin və ona xidmət edən ünsürlərin səviyyəsinə enib onlarla yalan və qarayaxma müstəvisində mübarizə aparmamalıyıq. Biz yalnız həqiqəti deyərək, bu cür cılızlıqların fövqündə olmalıyıq. Çünki, qat-qat daha qədim, daha böyüyük!".