Təbii qazlı və qazsız mədən suları: Kimlər bu sulardan içməməlidir?
01 sentyabr 2020 13:15 (UTC +04:00)

Təbii qazlı və qazsız mədən suları: Kimlər bu sulardan içməməlidir?

İnsan orqanizminin yarı hissəsinin sudan ibarət olduğu hamıya məlumdur. Məhz buna görə də suya olan tələbatını ödəmək üçün gün ərzində çoxlu su içmək lazımdır.

Lent.az bu dəfə yer altından çıxan mineral suyun faydalarından bəhs edəcək.

Dietoloq Reyhan Cabbarlı bildirir ki, təbii qazlı və qazsız mədən suları tərkibindəki minerallar baxımından çox yüksək faydalara sahibdir:

“Faydalara başlamadan gündə içilə biləcək miqdarı demək lazımdır ki, faydalara baxıb sağlamlığımızı risqə atmayaq. Günlük 200-250 millilitr uyğun miqdardır. Tərkibindəki minerallardan ən önəmliləri: kalsium, magnezium, florür, sodium, potasium, kükürt, dəmir və başqalarıdır.  Yüksək kalsium və florür sayəsində sümük ərimələrindən, diş səthi zəifliyindən qoruyur. Keçmiş zamanlarda insanların daha sağlam olma səbəblərindən biri də təbii mədən suları içmək göstərilə bilər. Sodium qan təzyiqini yüksəltdiyi üçün qan təzyiqi aşağı olan insanlara məsləhət görülür. Əgər yüksək təzyiqiniz varsa, bu sulara limon suyu əlavə edərək içməyi məsləhət görürəm. Eyni zamanda heç bir təzyiq problemi olmayan yetkinlik çağı uşaqların və hamilələrin də təbii mədən suyu içməyi faydalıdır. Həzimsizlik, bulantı problemləri zamanı  ən yaxşı içki kimi məhz bunları göstərmək olar”.

Dietoloq bildirir ki, dünyada ən çox mədən sularının istifadəsi idmançıların qəbulu üçün önəmli görülür:

“Məşq zamanı tərlə birgə itirilən yüksək mineralların böyük bir qismi 250-500 ml mədən suyu ilə bərpa edilə bilər. Ancaq  qazlı mədən suları yarışlar öncəsi qaz edə bilmə riskinə görə içilməz, qazsız və ya az qazlı mədən suları istifadə edilər”.

Reyhan Cabbarlının sözlərinə görə, ancaq bu faydalar bütün mədən sularında olmaya bilər:

“Şüşə qablardakı mədən suları mineral tərkibini itirmir. Fikir versəniz, şüşə qablardakı mədən sularının qablarının rənginin tünd olduğunu görəcəksiz. Bu, Günəş şüası ilə təmasda mineral itirilməsini minimuma endirmək üşün edilən bir şeydir. Qısaca zərərləri haqqında da məlumat vermək istəyərdim: sağlam insanlar üçün uyğun miqdarda içildikdə bir zərəri yoxdur. Ancaq, böyrək xəstəliklərində, ən çox da dializ xəstələrində böyük risqdir”.

Sonda qeyd edək ki, mədən sularının kalorisi yoxdur. Buna görə də pəhriz saxlayanlar istənilən qədər qəbul edə bilər. Bədəndə olan lazımsız duzların təmizlənməsinə kömək olur. Üzdə yaranan qırışları azaldır. Hamilə qadınların istifadə etməsində fayda var. Çünki qidaların daha rahat və sürətli həzm prosesinə yardım edir. Enerji bərpasını təmin edir. Buna görə də çalışın ki, gündəlik maye qəbulunuzda mədən sularına yer ayırasınız.

 

# 3274
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar