3679
11:22
15 İyul 2020

Türkiyə xalqından Azərbaycana dəstək şüarları - FOTOLAR

Türkiyə vətəndaşları “Twitter”də yaratdıqları həştəqlə Azərbaycana dəstək nümayiş etdirdi.

İyulun 12-də Azərbaycan-Ermənistan təmas xəttində, Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını almağa çalışan ordumuza dəstək üçün bütün sosial şəbəkələrdə vətəndaşlarımız paylaşımlar etdilər. Təbii olaraq, sosial şəbəkələrdə hazırda ən çox müzakirə olunan, paylaşılan mövzulardan biri Tovuzda baş verənlərdir. Onu da deyək ki, döyüş xəttində baş verənlər təkcə azərbaycanlılar deyil, qardaş Türkiyə xalqı tərəfindən də həyəcanla izlənilir.

Lent.az xəbər verir ki, Türkiyə vətəndaşları xalqımıza “Twitter”də dəstək olmağa başlayıblar. Belə ki, onlar tərəfindən “Twitter”də #SeninleyizAzerbaycan adı ilə yaradılan həştəq sosial şəbəkədə ən çox paylaşılanlar sırasına daxil olub. Bu dəstək təkcə “Twitter”də yox, digər sosial şəbəkələrdə də davam etdirilir. Məlumata görə, #SeninleyizAzerbaycan həştəqi ilə başladılan aksiyaya 35 minə yaxın sosial şəbəkə istifadəçisi dəstək verib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də təmas xəttindəki vəziyyətlə bağlı açıqlama yayıb. Türkiyənin daim Azərbaycanın yanında olduğu və törədilən təxibata görə Ermənistanı şiddətlə qınadıqları bildirilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.