817
10:28
29 İyun 2020

Fövqəladə hallar orqanları əməkdaşlarının dövlət himnini ifa etməsi qaydaları təsdiqləndi

Fövqəladə Hallar Nazirliyi “Azərbaycan Respublikası fövqəladə hallar orqanlarının əməkdaşlarının tərəfindən dövlət himninin ifa etməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması qaydaları”nı təsdiq edib.

Lent.az -ın məlumatına görə, qaydalarda bildirilib ki, əməkdaşlar dövlət himnindən istifadə edərkən Azərbaycan Konstitusiyasını, “Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanununu, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Dövlət himnindən istifadə qaydaları haqqında” qanunu və bu qaydaları rəhbər tutur.

Qeyd edilib ki, Azərbaycanın bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə, Fövqəladə hallar orqanlarına qəbul edilən şəxslərin andiçmə mərasimi zamanı və digər tədbirlərdə dövlət himni mütləq ifa edilir.

Fövqəladə hallar orqanlarında dövlət himninin ifa edilməsinə, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsinə, dinlənilməsinə və oxunmasına dair tələblərdə bildirilib ki, dövlət himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar. Dövlət Himni ifa edildikdə sıradakı əməkdaşlar komanda verilməmiş farağat vəziyyətini alır, rəislər (komandirlər) əsgəri (hərbi) salam verir. Sıradan kənarda olan əməkdaşlar dövlət himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri (hərbi) salam verir. Əməkdaşlar tərəfindən Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.

Bu qaydaların tələblərinə riayət olunmasına nəzarət Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi tərəfindən müvafiq qaydada həyata keçirilir. Əməkdaş bu qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.