Mürəbbə bişirərkən bunlara diqqət edin - texnoloq danışır
02 iyul 2020 10:00 (UTC +04:00)

Mürəbbə bişirərkən bunlara diqqət edin - texnoloq danışır

Ev şəraitində hamı mürəbbə bişirir. Amma söhbət onun incəliklərindən gedərsə, bu zaman hər kəsin məlumatlı olduğunu deyə bilmərik.

İlk olaraq onu deyək ki, mürəbbə bişirmək üçün tam yetişmiş, bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Vaxtı ötmüş meyvədən isə mürəbbə əzilmiş formada alınır. Yaxşı olar ki, orta irilikdə olan meyvədən mürəbbə hazırlansın. İri olan meyvəni məsələn alma, heyva doğranıb bişirilsin.
Mürəbbə bişirilərkən əmələ gələn köpük arada yığılmalıdır. Çalışmaq lazımdır ki, mürəbbənin içində köpük qalmasın.

Amma bizim də bilmədiyimiz məsələlər var. Məsələn, mürəbbəni hansı mövsümdə bişirmək lazımdır? Onun uzunömürlü olması üçün nələrə diqqət etməliyik? Əziz xanımlar, diqqətiniz Lent.az-da olsun. Həmsöhbətimiz qida texnoloqu Ağa Salamov mürəbbə bişirərkən diqqət etməli olduğunuz məqamlardan danışıb. O deyir ki, mürəbbələrin bişirilməsi üçün mövsüm fərqi yoxdur:

“Hər fəslin meyvəsi elə öz vaxtında bişirilir. Adətən yay fəslində meyvələr bol olduğuna görə, biz öyrəşmişik ki, mürəbbələr bu fəsildə bişrilir. Mürəbbə bişirəcəyimiz meyvələr təbii və zədəsiz olmalıdır. Saplaqdan ayrılaraq çürükləri təmizlənməli və təmiz su ilə yuyulmalıdır. Hər meyvə öz mövsümündə bişrilsə daha yaxşı və faydalı olar.

Çox zaman mürəbbəni həcmi kişik olan ləyənlərdə bişirirlər. Bu da meyvələrin əzilməsi ilə nəticələnir. Yaxşı olardı ki, mürəbbəni geniş qablarda bişirəsiniz. Bu zaman o görünüşünü itirməz.

Mürəbbələri ətirləndirmək üçün rəndələnmiş limon qabığı, qərənfil, hil, ətirşah kimi ədviyyatlardan istifadə etmək olar. Bunları mürəbbə hazır olduqdan sonra əlavə etmək məsləhətdir.  Belə olduqda onlar kimyəvi tərkibini itirməz və ətrini saxlayar.

Mürəbbələrin uzun ömürlü qalmalarının da sirləri var. Limon şirəsi  və ya limon duzu onların uzun müddət qalmalarına kömək edəcək. 1 kq mürəbbəyə 5-6 damcı limon şirəsi qatmaq lazımdır. Təbii ki, bu da mürəbbə hazır olduqdan sonra əlavə olunmalıdır. Bu mürəbbənin turşuluğunu tənzimləyəcək, onun xarlanmasının qarşısını alacaq.

Bəzi xanımlar mürəbbə bişirərkən qazın dərəcəsini tənzimləyə bilmirlər. Gur odda bişirilən mürəbbə tez qaynamağa başlayır. Buna görə də xanımlar ləyəni oddan tez götürürlər. Mürəbbənin tam bişməyini bilmək üçün onun şirəsindən bir qaşıq boşqaba qoyub yoxlamaq lazımdır. Əgər şirə qatı hala düşübsə, deməli artıq hazırdır.

Mürəbbəni isti-isti qaba yığıb ağzını bağlamaq onun ömrünü qısldır. Belə olduqda mürəbbə tez xarlanır və xarab olur. Buna görə də onu tam soyutduqdan sonra qablaşdırmaq lazımdır”.

Sonda qeyd edək ki, mürəbbələr müxtəlif xəstəliklər zamanı köməkçi müalicəvi vasitə kimi də istifadə olunur. Qış aylarında bizi vitaminlər və faydalı maddələrlə təmin edir, immun sisteminə müsbət təsir edir, hətta əhval-ruhiyyəni yaxşılaşdırır. Əlbəttə ki, söhbət təbii meyvələrdən gedir. Buna görə də çalışın ki, hər meyvəndən öz mövsümündə mürəbbə bişirəsiniz.

 

# 8128
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar