3970
16:38
18 İyun 2020

Azərbaycanın tanınmış alimi vəfat etdi

Tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədov iyunun 18-də 70 yaşında vəfat edib.

AMEA-dan Lent.az -a bildirilib ki, Ziyafəddin Əsədov 1950-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. O, 1967-ci ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi gümüş medalla bitirib və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinə qəbul olub. 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra alim təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlayıb.

O, 1973-1976-cı illərdə SSRİ EA A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda aspirantura təhsili keçib, 1979-cu namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. Z.Əsədov 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim 1976-2002-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb, 2002-ci ildə yeni yaradılmış Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasına müdir təyin olunub.

Qeyd edək ki, iyunun 17-də AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədovun koronavirusa yoluxması ilə bağlı xəbər yayılmışdı.

Çalışdığı institutdan Ziyafəddin Əsədovun özünü yaxşı hiss etmədiyi üçün artıq 3 həftədir işə çıxmadığı bildirilmişdi.

Lent.az alimin özü ilə əlaqə saxlamışdı. O, iyunun 17-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirildiyini müayinələr və test aparıldığını bildirmişdi: “Xəstəxanaya bu gün gəlmişəm. Müayinə və test ediblər. Amma hələ koronavirusa yoluxub-yoluxmadığım məlum deyil”.

Allah rəhmət eləsin!