3886
14:57
02 İyun 2020

Virusa yoluxan qadının əri həkim və polisə yaba ilə hücum etdi


Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.

APA-nın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi xəstəxanaya yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gediblər. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik və müqavimət göstərərək əlindəki yaba ilə onlara hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA -ya açıqlamasına faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıb”.

E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.

Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.