3778
19:34
31 May 2020

"Bir sual, bir cavab" - Bir siqaret çəkmək onlara 50 manata başa gəlir

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədardır.

Bakı Nəqliyyat Agentliyinin rəsmi səhifəsindən bu münasibətlə edilən paylaşımda ötən il siqaret çəkən 235 avtobus sürücüsünün inzibati məsuliyyətə cəlb olunduğu qeyd edilib. Mövzu ilə bağlı rubrikamızın “Həmin sürücülər nə cür cəzalandırılıb” sualına qurumun mətbuat katibi Mais Ağayev cavab verib. Onun sözlərinə görə, təkcə avtobuslarda deyil, eləcə də dayanacaqlarda da tütündən istifadənin qadağan olunması üçün tədbirlər görülüb:

“Bildiyiniz kimi, avtobus sürücüsünün sükan arxasında tütün məmulatlarından istifadəsi qadağandır. Bunu etmək inzibati xəta sayılır və buna görə də cərimə sanksiyaları mövcuddur. BNA tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunduqdan sonra qarşımızda müəyyənləşdirilən tapşırıqların icrası üçün bir sıra tədbirlər həyata keçirib. Dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərində və avtobuslarda tütündən istifadənin qadağan olunması ilə bağlı məlumatlar da yerləşdirilib. Eyni zamanda, sürücülərin tütündən istifadəsinin qarşısını almaq üçün sərnişinlərimizin də dəstək olması üçün aksiyaya başladıq. Sərnişinlər belə halla rastlaşanda bizə foto və video faktları təqdim edirlər. Bundan sonra sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə tətbiq olunur. Bu aksiya zamanı daxil olan müraciətlər əsasında 235 sürücü barəsində protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 322.0.4.-cü maddəsinə görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlər 40 manatdan 50 manatadək cərimələnir”.