14:24
26 May 2020

"The Jerusalem Post" Milli Şuranın “Zoom” toplantısındakı qalmaqaldan yazdı


Milli Şura üzvlərinin “Zoom” tətbiqi vasitəsilə baş tutmuş videokonfranslarında baş verən qalmaqal xarici medianın da diqqətini çəkib.

APA-nın xəbərinə görə, bununla bağlı İsrailin nüfuzlu "The Jerusalem Post" qəzetində məqalə dərc olunub.

Bildirilib ki, videokonfransda qeydə alınan danışıqlar Milli Şura daxilində güclü homofob əhval-ruhiyyənin olduğunu ortaya qoyub.

“Mayın 13 və 17-də yayılan dörd videoda sabiq millət vəkili və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli LGBT hüquqları mövzusuna yönəlmiş söhbətlərində bildirir ki, “Qərb üçün bir nömrəli prioritet cinsi azlıqların, üzdəniraqların hüquqlarıdır”. Daha sonra söhbət cinsi azlığın nümayəndəsi olan azərbaycanlı jurnalist və Gültəkin Hacıbəylini tənqid etmiş İsmayıl Cəlilovun barəsində gedir. Vətəndaş Həmrəyliyi Partiyasının idarə heyətinin üzvü Rafiq Manaflı İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırır və əlavə edir ki, “Hitlerin zamanında bütün geyləri məhv etməməsi təəssüf doğurur”. Milli Şuranın üzvü Qənimət Zahid hətta arxa planda qeyd edir ki, “Yığıncağımız canlı keçir, diqqətli olun”, - deyə qəzetdə qeyd olunub.

Məlumata görə, bu hadisə Azərbaycan siyasətində qalmaqala səbəb olub.

Məlumatda o da bildirilib ki, G. Hacıbəyli istifadə etdiyi sərt və kobud sözlərin yalnız müəyyən bir şəxs haqqında olduğunu, bu ifadələri bütün cinsi azlıqlar haqqında demədiyini və bununla bağlı üzr istədiyini vurğulayıb.

Qeyd olunub ki, R. Manaflı isə dediyi sözlərə görə üzr istəməkdən imtina edib və İ. Cəlilovun LGBT üzvlərini nümayişkaranə təbliğ etməsini qəbul edə bilmədiyini söyləyib.

Dİgər xəbərlər