Ruhi xəstəxanada yatan, üç dəfə ailə quran azərbaycanlı dahi  - HƏYAT HEKAYƏTİ
22 may 2020 12:23 (UTC +04:00)

Ruhi xəstəxanada yatan, üç dəfə ailə quran azərbaycanlı dahi - HƏYAT HEKAYƏTİ

Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada papaqçı Əsədulla kişinin ailəsində dünyaya gəlib. O, doğulanda Azərbaycanda siyasi və iqtisadi vəziyyət stabil deyildi. İnsanların güzəranı da. Dolanışıq üçün onun da ailəsi Şuşadan Bakıya köçür. Gözünü dünyaya açar-açmaz siyasi proseslərin axarına düşür. 

1931-ci ildə Bakıda 7 illik məktəbi bitirən Mehdi aktyor olmaq istəyirdi. Dindar Əsədulla kişi razılaşmır oğlunun istəyi ilə. Əlbəttə, onun üçün aktyorluq mütrüblük idi. Mehdini bu peşəyə sövq edən isə qonşuluqda yaşayan Cəlil Bağdadbəyov idi və dərnəklərdə qadın rollarının mahir ifaçısı sayılırdı. Mehdi ona qoşulub əvvəlcə dərnəklərdə kiçik rollar oynamağa başlayır. Sonra Teatr Texnikumuna daxil olur. Burada bəxti gətirir, dahi Hüseyn Cavid ona dərs deyir.

1935-ci ilə texnikumu bitirir. Müəlliminin tövsiyəsi ilə təhsilini Moskvada Teatr Sənəti İnstitutunda davam etdirən Mehdi Məmmədov 4 ay oxuyandan sonra instituta ərizə yazıb bir illik möhlət istəyir. Bunu əsəblərinin  qaydasında olmadığı ilə əsaslandıran gələcək rejissorun təhsili beləcə yarımçıq qalır.

Onun bu gərginliyi bir neçə səbəbə bağlı idi.  Bəlkə də bəhanəsi, hər bir halda diqqət çəkəcək səbəbin nə olduğu da anlaşılar. Mehdi Məmmədov onda rus dilini bilmirmiş. Bu dildə təhsil almaq ona çətin idi. Çox oxumaq və dillə bağlı kompleks yaşamaq əsəblərini pozur. Başqa bir versiyaya görə, uğursuz sevgi macərası, üstəlik Mehdinin aktyorluğu seçdiyi üçün bağışlamayan atasının vaxtsız vəfatı da ona təsirsiz ötüşməmişdi. Odur ki, rejissor ruhi xəstəxanada müalicə almalı olur. Müalicədən sonra nitqi ilə düşüncəsinin natarazlığı üzə çıxmasın deyə aramla, düşünüb, sözləri cilalayıb  sonra danışan Mehdi Məmmədovda zamanla bu vərdişə çevrilir.

Sonralar Mirzağa Əliyev zarafatla deyirmiş ki, Mehdi Məmmədova bu gün salam versən, əleykum səlamı sabah alarsan...

Təhsilini başa vurandan sonra debütünü 1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramı ilə edir. Bu onun diplom işi idi. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyir.

Müharibə illərində həmin teatrda Mehdi Məmmədov qəhrəmanlığa səsləyən vətənpərvərlik ruhunda pafoslu şüar tamaşalar hazırlayırdı. Dövrün tələbi belə idi. Mehdi Məmmədov sənətkar idi, buna söz yox, sosialist realizmi adlı absurd bir janrın görkəmli nümayəndəsi kimi.

 

Gələcək həyat yoldaşı Barat Şəkinskaya ilə birlikdə Bakıya dram teatrına, Adil İsgəndərovun dövründə dəvət olunurlar. Daha doğrusu, Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” pyesinin tamaşasından sonra Barat xanım Bakıya dəvət olunur. Barat xanım isə Mehdinin də dəvət edilməsini şərt kimi qoyduğundan hər ikisi Akademik Milli Dram Teatrına çağırırlar.

 

 

Bakıda Mehdi Məmmədov həm də  Teatr İnstitutunda dərs deməyə başlayır.  Barat Şəkinskaya və onun balaca qızı Solmaz Həmzəyeva ilə birgə yaşayırlar.

 

Onların izdivacındann 1946-cı ildə  Elçin Məmmədov - gələcək teatr rəssamı dünyaya gəlir, bir də Barat Şəkinskayanın baş rollarda oynadığı tamaşalar. Elçin Məmmədov həm də aktyor kimi tanınır. “7 oğul istərəm” filmindən Mirpaşa , “Dədə Qorqud”dan Qaraca çoban kimi rollarından.

Onu da qeyd edim ki, Mehdi Məmmədov da səhnədə çox rollar oynayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib.

Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960-1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsündə oturub. Quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında tamaşalara quruluş verib.

 

 Mehdi Məmmədovun dövrü ilə bağlı Azərbaycan teatr tarixində xüsusi belə deyim var: “Azərbaycanfilm”də bir neçə rolda çəkilib. Ən yadda qalanı “Onu bağışlamaq olarmı?” (Rza Təhmasib) filmindəki Qaya obrazıdır.

Şəxsi həyatı çox rəngarənglik olub. Barat Şəkinskaya ilə yeddi illik evlilikdən sonra boşanıblar.  Bir neçə il sonra səhnədə Şəfiqə Məmmədova ilə tandem, lirik qəhrəmanları oynamaqları daha bir ailənin əsasını qoyur. Bu nikahdan 1973-cü ildə Ülvi Mehdi dünyaya gəlir.

 

 

Mehdi Məmmədovun üçüncü evliliyi özündən xeyli gənc laborant xanımla olub. 1983-cü ildə onların Vüqar adlı oğlanları dünyaya gəlib.

 

Mehdi Məmmədovun ayrı-ayrı qadınlardan hər üç oğlu sənət adamlarıdır.

1984-cü ildə rejissor milli teatrda son tamaşasını – “İblis”i hazırlayır. İblis rolunda Həsən Turabov, Hamlet Xanızadə, Azər rolunda Rasim Balayev oynayır. Tamaşanın tərtibatçısı isə rejissorun oğlu Elçin Məmmədov olur. Tamaşa çox böyük uğurla qarşılanır, dövlət mükafatına layiq görülür.

Xalq artisti, sənətşünaslıq doktoru Mehdi Məmmədov 1985-ci il yanvar ayının 8-də 66 yaşında qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

2001-ci il fevral ayında isə eyni xəstəlikdən – ürək çatışmazlığından oğlu, rəssam Elçin Məmmədov 54 yaşında dünyasını dəyişib.

https://www.facebook.com/azdrama.az/videos/942535052873638/?v=942535052873638

# 134440
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar