Cümhuriyyətdə doğulub işğalda ölən, ad günündə yurdu talanan dahi – HƏYAT HEKAYƏTİ
08 may 2020 09:30 (UTC +04:00)

Cümhuriyyətdə doğulub işğalda ölən, ad günündə yurdu talanan dahi – HƏYAT HEKAYƏTİ

 

1945-ci ildə Türkmənistan Opera və Balet teatrı azərbaycanlı bəstəkara "Kəminə və Qazı" operasını yazmağı sifariş edir. Sifariş vaxtında və layiqincə yerinə yetirilir. Azərbaycan klassik musiqisinin könül oxşayan nümunəsi - "Karvan" simfonik muğamı həmin əsərin parçasıdır. 1955-ci ildən yenidən nəşr olunaraq, müstəqil şəkildə yaşamaq hüququ qazanıb. Təsəvvür edirsiniz, həmin möhtəşəm əsərin müəllifi həm də "Oynaq topum", "Lay-lay", "Bənövşə", "Bahar gəldi", "Yolka" kimi məşhur uşaq mahnılarının bəstəkarıdır. Böyük Hacıbəyovlar şəcərəsinin nümayəndəsi Soltan Hacıbəyovdan gedir söhbət. Lent.az böyük bəstəkarın doğum günündə onun “Həyat hekayəti”ni danışır. “Karvan” simfonik muğamının sədaları altında…

***

Onun doğum tarixində bir nüans diqqətimi çəkdi. Bir az da həsəd apardım o tarixdə doğulanlara. İndiyə qədər haqqında yazdığım sənətkarların tərcümeyi-halında adətən filanıncı ildə Azərbaycan SSR-də, yaxud Rusiyanın filan quberniyasında anadan olub cümləsi görmüşəm, xoş olmasa da. Soltan Hacıbəyovun isə tərcümeyi-halı belə başlayır:  1919-cu il mayın 8-də Azərbaycan Demokratik Respublikasının Şuşa qəzasında dünyaya gəlib.

Bir də təəssüf doğuran bir aqibət... Buna sonda qayıdacağıq.

Soltan İsmayıl oğlu Hacıbəyov həm də ona görə xoşbəxt adam olub ki, Üzeyir bəy Hacıbəylinin əmisi nəvəsidir, onun tərbiyəsini görüb. Üzeyir bəy kimi böyüyü olan adam  onun yarısı qədər olmağa “məhkumdur”. Üzeyir bəyin yanında, onun tərbiyəsi ilə böyümüsənsə, olma bəstəkar, görüm necə olmursan…

Atası İsmayıl görəndə ki, oğlu musiqi ilə nəfəs alır, fikri-zikri musiqidir, onu Bakıya - əmisi Üzeyir bəyin yanına göndərir. 

Üzeyir bəy onun duyumunu yoxlayıb, musiqi məktəbinə yönləndirir. Soltan Hacıbəyov truba sinfində təhsil almağa başlayır.

Musiqi məktəbindən əvvəl onun məktəbi Üzeyir bəyin evi, onun mühiti idi. Söhbət həm də elə bir dövrdən gedir ki, respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişirdi. Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Səid Rüstəmov. Hamısı da Üzeyir bəyin yolunu davam etdirir. Həm də S. Prokofyevin, D.Şostakoviçin məktəbindən bəhrələnirdilər. Soltan Hacıbəyov məktəbdən kənardakı həmin mühitdən aldığı dərslə tezliklə Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyətə başlayır. Yeni yaranmış teatrda musiqini bilənlərə, onu idarə edə biləcək musiqiçilərə ehtiyac vardı. Soltan Hacıbəyov bu ehtiyacı ödəyə bilən şəxs idi, təhsilini başa çatdırmasa belə.

Teatr mühiti onun böyük musiqiçi kimi yetişməsinə zəmin yaradır. Əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızılgül" musiqili komediyasıdır. "Qızılgül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını  Üzeyir bəy Hacıbəyli özü tədris edirdi.

Tələbəlik illərində Soltan Hacıbəyov iki prelüd və fortepiano üçün sonata, "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

Teatr mədəniyyətini yaxşı mənimsədiyindən bir çox tamaşalara musiqi bəstələyib. Mirzə İbrahimovun "Məhəbbət", "Kəndçi qızı", Səməd  Vurğunun "İnsan", Süleyman Sani Axundovun "Eşq və İntiqam", Sabit Rəhmanın "Əliqulu evlənir" və sair.

1941-ci ildə müharibə başlayandan sonra dövrünün bütün sənətkarları kimi, onun da yaradıcılığı istiqamətini dəyişir. Qəhrəmanlıq mövzuları həmin dövr mədəniyyətin şah damarı idi.  

Gənc bəstəkarın da yaradıcılığında qəhrəmanlıq mövzusunda yazdığı, həm də ilk  "Birinci simfoniya"sı idi. Bu əsər Azərbaycanda yeni təşəkkül tapan milli simfoniya janrının ilklərindədir.

Özü hesab edirdi ki, həyatının əhəmiyyətli hadisələrindən biri 1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə dirijorluğu ilə bu simfoniyanın ifa olunması olub. Məşhur sovet bəstəkarı Reynhold Qliyer yazırdı: "Onun bacarığına şübhə ola bilməz. O, böyük zövqə malik, musiqinin texniki xüsusiyyətlərinə sahib bir bəstəkar olacaqdır".


O illərdə Soltan Hacıbəyov qəhrəmanlıq mövzusunda ona şöhrət gətirən  "Karvan" simfonik lövhəsini yaradır (1945). Öncə də qeyd etdiyim kimi, əsər Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazi" adlı operanın içində "Şur" muğamı əsasında bəstələnib. Sonradan simfonik parçanı yeni bir əsərə çevirib.

"Karvan" simfonik lövhəsi adamlı xəyalən qumlu Asiya çöllərinə, şirin şərq nağıllarına aparır. Ahəstə irəliləyən dəvə karvanı gah sakit axarla gedir, gah da qum fırtınasına düşür… Bu möhtəşəm musiqi insan həyatının keşməkeşini doqquz dəqiqəyə sığışdırır. Elə bil rəssamın peyzajıdır, gözlərin önündə canlanan tablodur. Həm də insan həyatıdır. Dinləyirsən və düşünürsən ki, bu musiqini dinləyən qatı cinayətkar əməlindən əl çəkib çox humanist insana çevrilər.

Müharibə vaxtı əsərləri arasında "Döyüşçülər nəğməsi", 416-cı Taqanroq diviziyasına həsr edilmiş marş da var.

Müharibə dövrü üçün bura qədər bəsdir. Zənnimcə, incəsənət adamına müharibənin təsiri onun yaradıcılığının, əsərlərinin janrını dəyişməkdir. İndi bu yaxşıdır, yap is başqa söhbətin mövzusudur. Hər halda sənətkar sevgidən, bəşəri dəyərlərdən ruhlanıb yazsa daha yaxşıdır, nəinki müharibədən.

Məsələn, 50-ci illərdə bəstəkar məhz bu dediyim mövzularda əsərlər yaradıb. "Gülşən" baleti insani münasibətlərə, estetik mövzulara toxunur.

50-53-cü illərdə bəzi xalq mahnı və muğamları xalq çalğı alətləri orkestri üçün işləyir - "Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi".

Bolqarıstan və Çexoslovakiya səfərindən sonra  "Bolqar süitası" və "Çex rəqsi" əsərləri meydana gəlir.

Yüzlərlə yetirmələri ilə bərabər Azərbaycan mədəniyyətinə İsmayıl Hacıbəyov adlı bir oğul da bəxş edib ki, bəstəkarlıqda öz yolu olub. İsmayıl Hacıbəyov 2006-cı ildə 56 yaşında dünyadan köç etsə belə, əsərləri ilə yaşayır. 

1948-ci ildən Soltan Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, 1948–62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru olub. 1969 – 1974-cü illərə qədər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. Xalq artisti fəxri adına layiq görülmüşdü.

Onun doğum tarixində bir nüans diqqətimi çəkdi. Bir az həsəd apardım o tarixdə  doğulanlara. İndiyə qədər haqqında yazdığım sənətkarların tərcümeyi-halında adətən filanıncı ildə Azərbaycan SSR-də, yaxud Rusiyanın filan quberniyasında anadan olub cümləsi görmüşəm - xoş olmasa da. Soltan Hacıbəyov isə 1919-cu il mayın 8-də Azərbaycan Demokratik Respublikasının Şuşa qəzasında dünyaya gəlib.

Bir də təəssüf doğuran bir aqibət var, demişdik yuxarıda.

Soltan Hacıbəyov müstəqil ölkənin vətəndaşı kimi doğulsa da, 19 sentyabr 1974-cü ildə 55 yaşında Bakıda - Azərbaycan SSR-də, işğal olunmuş məmləkətdə vəfat etdi... 18 il sonra isə onun doğum günü Şuşanın – ruhumuzun, musiqimizin, dahilərimizin vətəni olan bu incinin qətli, işğalı günü kimi tarixə düşdü...

Fəxri xiyabanda uyuyur. Sumqayıt musiqi məktəbi onun adını daşıyır...

 

 

# 17805
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar