11:21
01 May 2020

Kamran Əliyevin Baş prokuror təyinatına razılıq verildi - YENİLƏNİB

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

***

11:13

Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

İclasda Kamran Əliyev də iştirak edir.

***

“Konstitusiyaya əsasən, Prezident Baş prokuroru Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir”.

APA-nın məlumatına görə, bunu, Milli Məclisin bu gün keçirilən iclasında Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin edilməsinə razılıq verilməsi üçün Milli Məclisə təqdim edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O bildirib ki, Əliyev Kamran Bayram oğlu 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub: “1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktorudur”.

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur”.

Ə. Vəliyev bildirib ki, Kamran Əliyevin prokurorluq orqanlarında fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib: “O, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Ümid edirəm ki, Milli Məclis də onun Baş Prokuror vəzifəsinə təyinatına razılıq verəcək”.

Dİgər xəbərlər