Dissident, xilaskar generalın “arkadaş”ı, kömürçü oğlunun müəmmalı ölümü... – Şəhid ziyalı - VİDEO
22 aprel 2020 16:26 (UTC +04:00)

Dissident, xilaskar generalın “arkadaş”ı, kömürçü oğlunun müəmmalı ölümü... – Şəhid ziyalı - VİDEO

 “Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

Lent.az-da “Şəhid ziyalılar” layihəsinə başlayanda əvvəldən düşüncəmin bir tərəfində Cəfər Cabbarlı olub, o biri tərəfində bu layihədə haqqında yazdığım və yazacağım digərləri. Cəfər Cabbarlı 35 illik qısaca həyatında 35 insanın görə biləcəyi işi görüb Azərbaycan üçün. Yaşasaydı, daha nələr edə bilərdi... Və 35 illik həyatının hər anı elə şəhid həyatıdır. Bu düha qısnaqlar, sıxıntılar, əzablar, tənələr içində deyil, sakit, rahat həyat sürüb yaradıcılığı ilə məşğul olsaydı, qoyub getdiklərindən beş artıq əsər, iş qalardı ondan. Şair, nasir, dramaturq, ssenarist, teatrşünas, kinoşünas, tərcüməçi, jurnalist, aktyor, rejissor – daha hansı sahəni sığışdırardı o 35 illik qırıq ömrünə.

Cabbarlının həyat yolu məktəb proqramından hamıya tanışdır. Kim bilmir ki,  Cabbarlı Xızı kəndində (indiki Xızı rayonunda) 1899-cu (bəzi arxiv sənədlərində 1897-də yazılıb) ilin martın 20-də kömürçü Qafarla Şahbikənin ailəsində dünyaya gəlmişdi. Atası kömürçülüklə ailə saxlayırdı. Ailədə ondan başqa üç oğul böyüyrdü – Hüseynqulu, Heydər, Əjdər. Daha doğrusu 7 uşaqdan sağ qalan onlar idi. Nədənsə, uşaqlar dünyaya gələn kimi ölürdülər. Cəfər də dünyaya gələndənm sonra bir-neçə ay ad qoymayıb gözlədilər. Nəhayət qərar gəldilər ki, ona Cəfər adını versinlər.

Qafar kişi övladlarını oxutmaq üçün Bakıya köçməyi düşünrdü, bunun üçün pul toplamağa çalışırdı. Bir gün meşədə ağac qırarkən, ağacın budağı onun gözünə girir. Qışqırtısına yığışanlar onun gözünü qan içində görürlər, atasının başına gələndən qorxuya düşmüş oğlu Hüseynqulu isə hönkürtü ilə ağlayırmış.  Qafar kişinin gözləri tutulur. Ailə başçısı ailəni dolandıra bilmədiyindən, məcbur olub, 1903-cü ildə Bakıya köçür. Şəhərin “Dağlı məhəlləsi” adlanan yuxarı hissəsində özlərinə yurd salıblar. Qafar kişi düşünüb ki, şəhər yerində birtəhər başlarını saxlaya bilərlər, həm də Cəfər oxuyub bir tərəfə çıxar. İndi həmin yerdə Cabbarlının ev-muzeyi fəaliyyət göstərir.

Atasını tikdirdiyi evi sonradan Cəfər Cabbarlı, uçurub yerində tikintisində özünün də iştirak etdiyi xudmani, işıqlı mənzil inşa etdirib. Həyətində çoxlu meyvə ağacları var. Sonralar qızı Gülarə atasının artıq muzeyə çevrilmiş evinin bir tərəfində yaşayardı - 83 yaşına qədər. Danışdığım bəzi faktları da atası barədə o mənə danışmışdı. “Bu ağaclar hər yaz - atamın doğum günü ərəfəsində belə çiçəkləyir. Bəlkə də bu ağacı öz əlləri ilə əkib, bəlkə də yox. Hansı onun vaxtında, hansı sonra əkilib, bilmirəm, bilirəm ki, atam ağacların çiçəkləməsini çox sevərdi. Deyirdi, insan əməyi də belədir, əziyyət çəkirsən, xoşbəxt o kəsdir zəhmətinin çiçəkləməsini görsün”.

Cəfərin atası Qafar kişi Bakıda kiçik ticarətlə məşğul olurmuş. 1904-cü ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın çiyinlərinə düşüb. Qadın ətrafdakı imkanlı ailələrin pal-paltarını yuyar, ev işlərini görüb çörək pulu qazanardı, Cəfərin təhsilini təmin edərdi.

Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər həmyaşıdları ilə birlikdə oranı tərk edib, 1905-ci ildə "Starıy Poçtovı-25"-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlman və rus məktəbi"nin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə məktəbini bitirir. Bir müddət işləyib ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali İbtidai Məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də oranı da bitirir.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsinə daxil olan Cabbarlı, 1920-ci il mayın 6-da təhsilini başa vuraraq, şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Amma axıra qədər oxumur. Yəqin anlayır ki, ondan həkim olmayacaq.

1922-ci ildə Cəfər əmisi qızı Sona ilə evlənir. Yay ayları Şurabad bağlarında istirahət edib yaradıcılıqla məşğul olan vaxtlar qohumları onu Sonaya həvalə edirlər ki, qulluğunda dursun. Sona əmisi oğlu üçün yay boyu toxuduğu jaketi payız düşəndə ona bağışlayır. Cəfər jaketi geyinib, “Sonası, bədənim isindi, qəlbimi də isidərsənmi?” - deyə ona qəlbini açır.

“Atam ilk şeirlərini anama həsr edib. Məsələn, Cabbarlı bir otağa çəkilib yazdığı, işlədiyi vaxtlarda anam onun qayğısına qalırmış, çay gətirir, vaxtlı-vaxtında yeməyini verirmiş. Hələ o vaxt 15-18 yaşları varmış. Bir dəfə anam nəyə görəsə atamdan küsür. Atam ha gözləyir, görür anam nədənsə çay gətirmir. Axır ki, çıxıb onu çağırır. Anam danışırdı ki, ona çay gətirəndə mənə bir kağız parçası uzatdı. Dörd bəndlik bir şeir yazmışdı:

Ay Sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün.

Bağ yeridir, qəndi çox işlətmərəm,

İstəyirsən say gətir mənimçün”.

1923-cü ilin sentyabrından Cabbarlı Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix şöbəsində də təhsilini davam etdirir. Həmin il Cəfərin böyük qardaşı Hüseynqulu dünyasını dəyişir. Onun ölümü Cabbarlıya çox təsir edir. Hüseynqulu onun oxuması üçün şərait yaradırdı, işləyirdi ki, Cəfər oxusun.

1915-1920-ci illərdə Cəfər Cabbarlı həm oxuyurdu, həm də işləyirdi. Bu dövr onun yaradıcılığının ilkin mərhələsi hesab edilir. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi əsərlərini qələmə alıb.

1924-1925-ci illərdə o, teatr məktəbində təhsilini davam etdirib. Qəzetdə də çalışıb, teatrda da, operada da. Ümumiyyətlə, Cabbarlının hərtərəfli inkişaf etmiş şəxsiyyət olması hamıya məlumdur.

Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri çıxmışdı.

Gülarə xanım daha bir maraqlı əhvalat danışır: “Atamı istəməyənlər də olub. Onu gah din əleyhinə adlandırır, gah pantürkistlikdə günahlandırırdılar. Yaşadığımız “Sovetski”də onu çox sevirdilər. Burda o vaxt kriminal avtoritetlər atamın əhatəsində gözə görünməz qorunma səddi yaratmışdılar. “Fəxrimizdir” - deyirdilər. Bir dəfə atam danışırdı ki, teatrda tamaşadan çıxıb evə gələndə bir neçə gün ardıcıl bir nəfərin onu izlədiyini müşahidə edib. Tinin birində gizlənib, arxasınca gələn adam tinə çatanda düz çıxıb qarşısına. Soruşub ki, kimsən, niyə məni güdürsən? Adam deyib ki, Cəfər qağa, mənə tapşırıblar ki, sizi göz-bəbəyim kimi qoruyam. İnciməyin, sizi qorumaq üçün arxanızca gəlirəm”.

Yaşadığı dövrü bir anlıq göz qabağına gətirəndə bilmirsən təəssüflənəsən, yoxsa kədərlənəsən. 1915-1934-cü illər onun yaradıcılıq illəridir. Bütün əsərləri bu qısa dövrə sığıb. Qısa deyirəm, amma nə qədər tarixi hadisələr baş verib həmin dövrdə, ictimai formasiya dəyişib, müharibələr olub. Cabbarlının yaradıcılığı ona görə nisgillə, ağrıyla zəngindir. Bütün dövrlərdə insanın, sadə əhalinin ağır güzəranını təsvir edib, onu yaradan səbəbləri göstərib. Yaşadığı illər onu bunları yazmağa sövq edib. Yaşadıqlarını yazıb. Cəfər Cabbarlı realist, həyatdan gələn qələm adamıdır.

"Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirləri bu qəbildəndir. Cəfər Cabbarlının yaradıcılığında qadın obrazı, həm də hüquqları tapdanmış, köləlikdən qalxmağa can atan qadın ana xəttdir -  “Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində də bu var. Sonrakı dramaturgiyasında isə daha geniş formada əksini tapır.

Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915-1916-cı illərdə yazıb. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi var. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılıb.

Yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" əsərini 1915-ci ildə yazıb. Ardınca "Solğun çiçəklər" əsəri qələmə alınıb. Hər iki dram ictimai quruluşa qarşı etirazdır. Əsərlərin hər ikisində pulun insan mənəviyyatı üzərindəki hökmündən bəhs edilir.

"Nəsrəddin şah" C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin şah" pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi (Qacarlar) fonunda kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərib.

1917-ci ildə Osmanlı tarixinə dair "Trablis müharibəsi" və ya "Ulduz" və "Ədirnə fəthi" pyeslərini yazıb. Hər iki əsərin mövzusu türklərin işğalçılara qarşı mübarizəsidir. Ona görə də Sovet vaxtı Cabbarlıya "pantürkist", "panislamist" damğası vurulub, bu əsərlər tamamilə səhnədən, ədəbiyyatdan çıxarılıb.

Cəfər Cabbarlı "Trablis müharibəsi" tarixi faciəsi ilə Nuru Paşanın prototipini bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur (Ramiz rolu ilə). Əsərin ilk tamaşası Novruz bayramı ərəfəsində - 1918-ci il martın 10-da Bakıdakı "İsmailiyyə" binasında olub.

Nuru Paşa 1918-ci ilin noyabrında Bakıda olarkən Cəfər Cabbarlı "Trablis müharibəsi" və "Ədirnə fəthi" tamaşalarından sonra verilən ziyafətdə çıxış edərək, türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmağından söhbət açıb. "Ədirnə fəthi"ni bu mövzuya həsr etdiyini, "Trablis müharibəsi"ndə Nuru Paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verib.

Nuru Paşa Cabbarlının çıxışından çox təsirlənib. Cabbarlı ona “arkadaş” deyə müraciət edən generalı evinə dəvət edib. Həmin indi muzey olan evində Cabbarlının qonağı olub. Ertəsi gün Nuru Paşanın göndərdiyi hədiyyələri Cabbarlının anası Hacı Şahbikə xanıma çatdırıblar. Bir dənə nikelli dəmir çarpayı, paltar üçün divar asılqanı və divar saatı.

Yazıçının "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə "Türk ocağı"nda (Türk Dövlət Teatrı) tamaşaya qoyulub. Əsər sonralar yoxa çıxıb. Güman ki, evində aparılan axtarışların birində məhv edilib.

Şərqdə ilk Cümhuriyyət sovet işğalı nəticəsində beşiyində boğulduqdan sonra cümhuriyyətçi Cabbarlını həbs etmir, sürgünə göndərmir, özünün həyatını ona zindana çevirirlər.

Yaradıcılığınının ikinci dövrünü bir oxucu kimi çırpıntı adlandırıram - yaşamaq uğrunda çırpıntı. Həmçinin ikinci etap yaradıcılığı da insan amilidir. Daha doğrusu, ictimai ədalətsizlik fonunda insan. Cəfər Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi "Aydın" (1919) və "Oqtay Eloğlu" (1921) pyesləri olub. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulub.

Həmin illər ilk dəfə həbs edilib Cabbarlı, işgəncələrə məruz qalıb. Yaradıcılığının ilkin dövrünü onun qarşısına gətirib, xatırladıb işgəncə verirmişlər.

2013-cü ildə Cəfər Cabbarlının 17 iyul 1923 tarixində, Bakıda həbsxanada yazdığı şeiri tapılıb. “Açan-solan çiçəklər” adlı həmin şeirin sonunda ərəb qrafikası ilə "Bakı, F.K. 19. 17 iyul 1923" yazılıb. Çox ehtimal ki, “F.K. 19” Fövqəladə Komissiya (rus dilində “Çerezvıçaynaya Komissiya” ) adının baş hərflərinə, həmin idarənin 19 saylı kamerasına işarədir. “Açan-solan çiçəklər” sovet dövrünün həbsxana poeziyasınının ilk nümunələrindən biridir. İstintaq materiallarının arasından tədqiqatçı Asif Rüstəmovun tapdığı bu şeirdə Cəfər Cabbarlı artıq həyatda heç nəyə inamı qalmadığını izhar edir.

“Od gəlini” pyesi 1928-ci ildə ərsəyə gəlib, amma üzərində 3-4 il işləyib. Əsər IX əsrdə baş vermiş tarixi hadisələrə və bu hadisələrin başında duran Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilib. Sovet ideologiyası onu ateist ruhlu əsər kimi qələmə versə də, Cabbarlı əslində xalqın dininə, heysiyyatına təcavüzü önə çəkib.

Məmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazırdı:

"Od gəlini"ni Cəfər "ÇK" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir”.

Hələ 1922-1923-cü illərdən Cabbarlı, üzərində işlədiyi "Araz çayı" mənzum faciəsini oynamaq üçün Dövlət Dram Teatrına təqdim edib. O dövrdə ağızlarda gəzən "Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!" misrasının da həmin faciədən olması güman edilir. Lakin təəssüf ki, bu əsər tapılmadığı üçün haqqında müfəssəl məlumat da yoxdur.

1920-1930-cu illər bolşevik hakimiyyəti, sovet rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələr dövrü. Cəfər Cabbarlı 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən məhsuldar dramaturqu idi.

1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadına, onun azadlıq mücadiləsinə həsr olunub. 1928-ci ildə "Sevil"in tamaşasına çarşabla girən qadınlar çarşablarını qoyub çıxdılar.

1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı.

Həmin il “Almaz”ı qələmə alıb. 1931-ci ildə Cabbarlı "1905-ci ildə" pyesini tamamlayıb, teatra verdi. Əsər sovet təbliğatına görə, xalqlar dostluğundan bəhs edir. Cabbarlı qələmi, düşüncəsi isə alt qatda ötürdüyünü zamanla anlamaq olur. Əsərin tamaşasına quruluşu da özü verib.

Ardınca, “Dönüş", "Yaşar". Daha onlar haqqında danışmayacam, Cabbarlı yaradıcılığı hamıya tanışdır, zatən. "Yaşar" Cabbarlının son tamamlanmış əsəri idi.

1933-1934-cü illərdə Cabbarlı teatra yeni bir əsər verməyib, amma bu illər o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi. Teatrdan bir müddət uzaqlaşması isə həmkarlarının onun haqqında teeatrı monopoliyaya götürüb deməsindən sonra olub:

Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parça:

"...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya, heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən Rus İşçi teatrına, 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".

"Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi.

"Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkilib.

Cabbarlı "Almaz" və "1905-ci ildə" pyesləri üzrə kinossenarilər yazdı və "Sevil"dən sonra dərhal "Almaz" filminin çəkilişlərinə başladı.

Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək barədə ilk dəfə məsələ qaldırıb. Kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərib. "Hara gedir Azərkino" adlı məqaləsindən:

"Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar"-"gözəl qozlar" kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur.

Lakin elə buradaca, fabrikdə türk qadını İzzət Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir".

Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə yaddan çıxarmışdı. Sona xanımın 29 avqust 1933-cü ildə Cabbarlıya məktubunda Cəfər Cabbarlı öz gərgin iş vəziyyətini belə təsvir edirdi:

"...Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda "1905-ci il"in pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. "1905-ci ildə" filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Bu yandan da Şillerin "Qaçaqlar"ı, o yandan da "Əfqanıstan" ...Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə yazaram... Sonra, Türk teatrında "1905-ci ildə"ni quruluşda verməliyəm. Rus teatrında da "1905-ci ildə" gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da "Səfa"nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da "Otello"nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, "Od gəlini"ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim işlərim. İndi gələk sənin işlərinə...".

Azərbaycan kinosunda, teatrında, ədəbiyyatında, dilində Cabbarlının xidmətlərini sadaladığımız işlərdən nəticədə görmək olur. Elə onlarla Azərbaycan adı kəşf edib əsərlərində. Öz qızının adı Gülarə, oğlunun adı Aydın olub.

Cabbarlı da Üzeyir bəy kimi nadir dühalardan olub. Hər ikisi ictimai formasiya dəyişəndə yaradıcılıqlarında cüzi dəyişiklik etməklə daha böyük qazanc ediblər. Daha doğrusu, Azərbaycana qazandırıblar. Hər ikisi Sovet rejiminin bəzi yaxşı işlərini qabartmaqla alt qatında Azərbaycan ideyalarını, milli düşüncəni təlqin edə biliblər. Üzeyir bəy, Cəfər Cabbarlı sürgün olunsaydı, repressiyaya uğrasaydı, yaxud mühacirətə getsəydi Azərbaycan nə qazanacaqdı? Onların qalmaları bu gün Azərbaycan musiqisinin, teastrının, kinosunun, dilinin tarixinin qələbəsidir, qazancıdır. Görünür, buna görə o qədər məhrumiyyətlərə rəğmən Cabbarlı yaratmağından qalmadı. Bu onun səhhəti bahasına başa gəlsə belə…Azərbaycan qazandı. Ona görə bu gün bu layihədə Cabbarlının yeri var. Təqiblər, həbslər, işgəncələr onun ömrünü qısaltdı. Ürək xəstəliyinin get-gedə şiddətlənməsinə əhəmiyyət verməməsi Cabbarlının qəfil vəfatı ilə nəticələndi – 1934-cü il dekabrın 31-də səhər saat 4-də. Həmin an Sona xanım qəflətən yuxudan ayılır, Cabbarlı işləyən otağa keçib işığı yandıranda Cəfərin gülümsər çöhrəsini və yanaqlarında donub qalmış iki damla göz yaşını görür.

O vaxt ölkənin başında Mircəfər Bağırov idi.

C. Cabbarlının cəsədi "Semaşko" adına xəstəxanaya aparılır. Beyni yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilir. Nəticədə, onun ürək iflicindən dünyasını dəyişdiyi deyilir. Lakin ədibin qəfil ölümü ilə bağlı söz-söhbət uzun müddət səngimək bilmir. Hətta Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi "Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" məqaləsində sənətkarın təzyiqlərə dözməyərək intihar etdiyini qeyd edir.

Cəfər Cabbarlı ilə vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilir. Böyük bir izdiham sənətkarı son mənzilə, Fəxri Xiyabana yola salır.

C. Cabbarlının qızı Gülarə Cabbarlının iddiasına görə, həkimlər anası Sona xanıma deyiblər ki, Cəfər Cabbarlı öldükdən sonra onun beyni çıxarılıb. Moskvaya, oradan da Leninqrada aparıblar. Orada hansısa muzeydə Maksim Qorkinin, Leninin beyinlərilə birgə saxlanılıb. Çəkisi də 2,5 kq-a qədər imiş. Leninin də, Qorkinin də beynindən böyük imiş. Dediyinə görə, bütün bu şeylər o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olduğuna görə heç kimə demirmiş.

Məhəmməd Əmin Rəsulzadə öz əsərində qeyd edirdi:

"O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".

P.S. Müəllif köməyə görə M.F. Axundov adına Milli kitabxanya və professor Asif Rüstəmliyə təşəkkür edir.

 

# 18535
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar