Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində aprelin 20-si saat 18:00-da “Yenə o bağ olaydı” adlı virtual sərgi keçirəcək.

Lent.az xəbər verir ki, sərgi baharın, bağ mövsümünün gəlişini xüsusi karantin rejmində qarşılayan, evdə oturmağa məcbur olan insanları virtual şəkildə isti, lirik əhval-ruhiyyəyə kökləmək, evlərinə daşımaq məqsədilə təşkil edilir.

Sərgidə Azərbaycan rəssamlığının korifey sənətkarlarının Dövlət Rəsm Qalereyasının kolleksiyasında olan əsərləri virtual şəkildə sərgilənəcək.

Sənətsevərlər Səttar Bəhlulzadə, Rasim Babayev, Davud Kazımov, Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Lətif Feyzullayev, Tahir Salahov, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov və s. rəssamların əsərləri ilə virtual şəkildə tanış olacaqlar.

“Yenə o bağ olaydı” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.