19:03
15 Aprel 2020

“Siz Azərbaycanı böyük bəlalardan qoruyursunuz” – Prezidentə məktublar

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün bölgələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

Lent.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Ağcabədi sakini Natiq Əlişov bu addımlara görə ölkə başçısına minnətdarlığını bildirərək, yazır: “Hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcəkdir. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır... Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar adından təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Beyləqan sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan leytenant İlham Əliyev yazır:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin ölkəmizi COVİD-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı alqışlayırıq. Siz bizi bizdən də çox düşünürsünüz. Ona görə də Sizə ailəmiz adından təşəkkür edirəm. Bu çətin günlərdə də xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik”.

Tərtər rayonundan Zahid İbrahimov:

“Bütün dünyanın COVİD-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda yenə də xalqımızın dolanışığını unutmadınız, dövlət öz yardım əlini xalqdan əsirgəmədi, maddi köməklə bərabər bizə mənəvi cəhətdən də dəstək oldu, “evdə qal, sağlam qal” dedi. Gələcəyimiz naminə hər kəs bu çağırışa qoşulub karantin rejiminə ciddi əməl etməlidir ki, çətin günləri arxada qoyaq, yenidən doğma Vətənimizin inkişafı naminə, möhtərəm Prezidentimiz, Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə dəstək olaq. Mən fəxr edirəm, qürur hissi keçirirəm ki, Sizin kimi Prezidentimiz var”.

Tərtər rayonunun Bəyimsarov kəndindən 1-ci dərəcəli “Əmək” ordenli fermer Fazil Vəliyev ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğuna, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünə görə Prezidentə minnətdarlıq edir: “İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir.

Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasətinizi dəstəkləyir, ətrafınızda sıx birləşmişik. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Gəncə sakini Veysəl Vəliyev xaricdə təhsil alan azərbaycanlı gəncdir. Moskvadan ölkəmizə gələrkən burada karantində saxlandığını yazır:

“Mən O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə neçə çarəsiz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam.

Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun”.

Tərtər rayonu, İsmayılbəyli kənd sakini Eldar Əsədov qyed edir ki, tərtərlilər ölkə başçısını həmişə dəstəkləyib: “Çünki Siz ən ağır günlərdə bizimlə olub, xalqa həmişə dəstək göstərmisiniz. COVID-19-un dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq üçün özümüzü müvəqqəti olaraq təcrid etməliyik. Evdə qalmalıyıq ki, normal həyatımıza sağlam dönək.

Bu çətin dönəmdə əhalinin müxtəlif təbəqələrindən olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq”.

Ucar sakini Niyaz Xəlilov məktubunda bildirir ki, pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Azərbaycanımızda bütün qabaqlayıcı tədbirlər görülüb: “Siz Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, qərarlar qəbul edirsiniz. İnanırıq ki, bəşəriyyət, xalqımız tezliklə bu bəladan xilas olacaqdır.

Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq”.

Daşkəsən sakinləri Abbas Tağıyev, Saleh Qurbanov, Oktay Cəfərov, İdris Bağırov və başqalarının imzaladığı məktubda bildirilir:

“Sizin rəhbərliyinizlə koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Qəbul edilən qərarlara uyğun olaraq rayonumuzda da xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir. Küçə və prospektlərdə, ayrı-ayrı ərazilərdə, yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri aparılır. Aztəminatlı ailələrə maddi yardım göstərilir, əhalinin sağlamlığının qorunması üçün mühüm tədbirlər görülür.

Cənab Prezident, qabaqlayıcı tədbirlərin vaxtında keçirilməsi üçün verdiyiniz qətiyyətli tapşırıqlar öz səmərəsini verir. Azərbaycan bu bəladan da üzüağ çıxacaq.

Rayonumuzun bütün sakinləri adından görülən işlərə görə minnətdarlığımızı bildirərək gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Dİgər xəbərlər