19:32
14 Aprel 2020

Qubernator Trampın qərarına qarşı: "Tabe olmayacam"


Nyu-York ştatının qubernatoru Endryu Kuomo yeni növ koronavirusun yayıldığı vaxtda ABŞ Prezidenti Donald Trampın ştatda karantini aradan qaldırmaq və işləri bərpa etmək barədə heç bir əmrinə tabe olmayacağını bildirib.

APA-nın xəbərinə görə, CNN-ə müsahibəsində Nyu-York qubernatoru deyib ki, ştat və federal hökumət arasında münasibətlər konstitusiyada öz əksini tapıb və belə bir hal baş verərsə, bu məsələyə məhkəmədə baxılacaq.

“Bu, hazırkı zamanda baş verəcək ən pis şey olardı. Mən bilirəm ki, bu, Tramp üçün həm də siyasi məsələdir. O, bu il seçkilərə gedir. Ancaq bu, qırmızı xətdir. Bu məsələ Respublikaçılar və Demokratlar arasındakı məsələ deyil. Söhbət amerikalıların həyatından gedir. İndiyədək mənim ştatımdan 9000 nəfərdən artıq şəxs koronavirusdan vəfat edib”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti son brifinqdə deyib ki, onun bütün ştatlar üzərində ümumi səlahiyyəti var.

Dİgər xəbərlər